10 Dekabr 2019 11:55
2 803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Mələkxanım Əyubovanın rəssam qızı Nəzrin Əyyubova Teleqraf.com-un suallarını cavablandırıb.

- Rəssam kimi fəaliyyət göstərirsiniz.

- Bəli, rəssamam, İncəsənət Universitetini bitirmişəm. Sənətimdə daha da çox tanınmaq üçün üzərimdə işləyirəm.

- Ananızın bu sənətə münasibəti necədir? Dəstək olurmu?

- Bəli. Daim tövsiyələr verir, dəstək olur.

- Mələkxanımı ciddi bir xanım kimi tanıyırıq. Maraqlıdır ki, ailədə necə anadır?

- Çox yaxşı anadır, rəfiqəmdir, sirdaşımdır. Hər bir ana kimi bizim qayğımıza qalır, yeməyimizi bişirir. Hər hərəkətimizə nəzarət edir canla-başla... Ana necə olmalıdırsa, biz o qayğını həmişə hiss etmişik. Xaricdə olanda da fikri bizdə qalır. Atam və anam iş adamıdırlar, amma ailə qayğılarını heç vaxt kənara qoymurlar.

- Rəfiqələrinizlə harasa gedəndə Mələkxanım müdaxilə edirmi?

- Xeyr, sərbəstik. Əslində çox rəfiqəm yoxdur. Bir rəfiqəm var, ailəm də onları tanıyırlar. Mənə arxayındırlar. Amma müəyyən saat var ki, artıq o vaxt evdə olmalıyam. Valideynlərimiz bizə müəyyən sərbəstlik veriblər, çünki bizi tanıyırlar. Böyümüşük, düzdü, yenə də bizə uşaq kimi baxırlar.

Ailəmizdə uşağı sıxmaq olmayıb. Amma harasa gedəndə sıxılırdım, çəkinirdim. Anam əsəbləşirdi ki, niyə sıxılırsan, sərbəst olmalısan... Rəssamlıq göz önündə olan sənətdir, incəsənətin bir qoludur. Sən sıxılsan, utansan, bu, işinə mane olacaq.

- Nişanlısınız, toy mərasiminiz nə zamandır?

- Bəli, nişanlıyam. Toy yaxın zamanlarda olacaq.

- Müğənni Ramal İsrafilovla münasibətiniz necədir? Onun səsini bəyənirsinizmi?

- Münasibətimiz yaxşıdır. Ramalın səsini çox sevirəm. “Aləm gözəl” ən çox sevdiyim mahnılarından biridir. Ramal anam üçün bir mahnı yazacaq, hətta duetləri də olmalıdır. Uşaq vaxtı Aybəniz Haşımovanın qrupunda oxumuşam. Səsim olmadığına görə bu sahədə davam etmədim. Oqtay Zülfüqarovun xor dərnəyində də iştirak etmişəm. Musiqi dinləməyi, zümzümə etməyi çox sevirəm.

- Gözəl xanımsınız, filmlərdən təklif gələrsə dəyərləndirərsiniz?

-Xeyr, aktrisa olmaq istəmərəm. Uşaq vaxtı anamın klipində çəkilmişəm. Fikriləşirəm ki, elə bir təklif olsa, qəbul etmərəm.


Müəllif: Rəqsanə Həsənova