23 Dekabr 2019 23:23
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova "ATV Maqazin onlarla" verilişinin qonağı olub.

Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova "33 sual" rubrikasında sualları cavablandırıb.

İfaçı müxbirin "Rəqsanənin xoşuna gəlməyən üç mövzu" sualına "Şəxsi həyatım haqqında yayılan xoşagəlməz sözlər, atam və qardaşımın sponsor olması" deyə cavab verib.

Ailə qurduqdan sonra sənətinə fasilə verən ifaçı unudulmadığını qeyd edib: "Heç vaxt unutulmadım və mənim yerimə də heç kim gəlmədi. 10 il də efirdə olmayım haqqımda süjet hazırlanan kimi bütün gözlər kanala klitlənir".

Rəqsanə İsmayılova "Aysun İsmayılova sənətdə sənin yerinə, yoxsa kimlərəsə rəqib gəlib" sualına isə "Aysun mənim yerimə gələ bilməz. O uşaqdır və heç kimə də rəqib gələ bilməz" deyib.

Üç övlada sahib olan müğənni bildirib ki, dörd övladı olmasını istəyir: "Ola bilsin ki, dörd uşağım olacaq. Yenidən ana olmağı düşünürəm. Allaha şükür, həyat yoldaşım, ailəm və buna imkanım da var".

Rəqsanə İsmayılova "Şou-biznesdə heç zaman bağışlamayacağınız məşhur kimdir" sualına isə belə cavab verib: "Çalışdığım prodüseri (Təranə Səmədovanı nəzərdə tutur) Aysuna qarşı etdiyi hərəkətə görə heç vaxt bağışlamayacam və halallıq vermirəm. Övladlarıma toxunan insanlardan elə heyfimi alıram, heç özü də bilmir ki, o zərbə mən tərəfdən gəlib".

Müğənni bir müddət əvvəl borcuna görə Bakıdan qaçması haqqında iddiaları yalanlayıb: "Borcum çox olub. Amma nə qədər yıxılmışamsa da, ayağa durmağı bacarmışam. Ona görə mən çox güclü qadınam. 24 saat telefonum açıqdır və Azərbaycan qanunları yüksək səviyyədə işləyir. Biz uşaq deyilik".

Fazil adlı şəxslə ailəli olan müğənni yenə də evlənmə təklifləri aldığını etiraf edib: "Hələ də evlilik təklifləri gəlir. Görmürsünüz ki, evliyəm. Həyat yoldaşım keçmişimi də və bu günümü də bilir. Heç nəyi gizlətməmişəm".

Rəqsanə İsmayılova illər öncə xalq artisti Faiq Ağayevlə yaşadığı anlaşılmazlıqdan da danışıb: "Faiq Ağayevlə Bakıda toyda idik. Toyu Faiq Ağayev idarə edirdi. Demişdi ki, o, gələrsə oxumayacaq. Toyun qurtarmasına bir saat qalmışdı, səhnəyə buraxmırdı. Məndən nə isə demişdilər və danışdıq, həll etdik. İndi münasibətimiz çox gözəldir. Hətta ona bal göndərdim".

Müğənni həmkarları Xatirə İslam, Ayan Babakişiyeva və Natavan Həbibidən də danışıb: "Xatirə ilə mesajlaşırıq və bir müddətdən sonra ölübsən, qalıbsan axtarmaz. Ayan həyatda efirdə göründüyü kimi deyil. Ayan bizdən yaşca kiçikdir, amma özünü böyük kimi aparır. Bəlkə də həyat elə edib. Amma mənim gördüyüm çətinlikləri Ayan yaşamayıb. Həyatda da, efirdə də beləyəm. Natavan çox örtülü insandır. Xatirə ilə hər şeyi danışırıq. Amma Natavan hər şeyi danışmaz".


Müəllif: Rəqsanə Həsənova