24 Dekabr 2019 16:56
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Övladlarımın öndə olmasına sevinirəm. Corc Qafarovun bələdiyyə üzvü seçilməsinə ikiqat sevinirəm, çünki bu işdə əməyim az deyil. Uşaqlarımın uğuru hər zaman mənim baş ucalığımdır. İnanıram ki, o, bələdiyyə üzvü seçildiyi kimi gələcəkdə dövlətimiz və millətimizin qarşısında üzümü daha ağ edəcək”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Roza Zərgərli övladlığa götürdüyü və Qaraçuxur Bələdiyyəsinin üzvü seçilən Corc Qafarov haqqında danışarkən deyib.

Roza Zərgərlinin sözlərinə görə, bələdiyyə seçkilərində iştirak etmək Corc Qafarovun öz qərarı olub: “Suraxanı rayonundan təklif gəldi ki, öndə olan gənc kimi seçkilərə qatılsın. Mən düşünmürdüm ki, o, seçkidə uğur qazanacaq. Qərarsız və inamsız idim.

Gənc olduğundan və bu günə qədər də siyası fəaliyyəti olmadığına görə düşünürdüm ki, alınmaz. Düzdür, Avropa oyunlarında könüllü kimi iştirak etmişdi, ictimai işlərdə müəyyən təcrübəsi vardı. Şükürlər olsun ki, ədalətli, düzgün və şəffaf seçkilər keçirildiyinə görə Corc bələdiyyənin üzvü seçildi. Çox sevincliyəm və çox qürurluyam.

Düşünürəm ki, keçmişi öz əlində olmasa da indisi və gələcəyi öz əlindədir. Artıq yetkinlik yaşına çatmış gəncdir. Hərbi xidməti uğurla başa çatdırıb. Düşünürəm ki, çox uğurlu siyasi gələcəyi ola bilər”.

Qeyd edək ki, Corc Qafarov 6677 səs toplayaraq Qaraçuxur Bələdiyyəsinin üzvü seçilib.


Müəllif: Rəqsanə Həsənova