"Tərəkəmə" türk xalqının mahnısıdır, qarapapaqlılara aiddir. Konflikdə olduğumuz bir millətin nümayəndəsi "Tərəkəmə" ifa etmişdi. Mən də ona "super" yazmışdım. Bizim heç bir millətə qarşı fobiyamız yoxdur, türkə fobiya var.
Teleqraf.com xəbər verir ki, bu sözləri Brilliant Dadaşova 5/5 verilişində deyib.
O, sözünə belə davam edib: “Başkəsən, qaniçən, balaca uşağın dərisini soyub, onu kitabda yazan Zori Balayanla heç kimlə işi olmayan erməni musiqiçini eyni tuta bilmərəm. Bu dünyada insani keyfiyyətlər deyilən şey var. Qarışqanı da basdalamayan, öldürməyən başqa millət olduğuna görə nifrət edə bilmərəm.
Şərhi də pozmamışam. İnstaqramımın parolu Hüseyn Cavadzadədir. Ona zəng etdim və dedim ki, deyirlər, şərh pozulub, birdən silərsən? Dedi ki, musiqiçi hamını “blok”a atıb. Ona o qədər hücum ediblər ki, səhifəsini də bağlayıb. Biz fağırın zalımı olmarıq”.
Xalq artisti meyxanaçı Namiq Qaraçuxurlunun onun ünvanına dediyi “Brilliant Dadaşovanın yaş kompleksi var” fikrinə də münasibət bildirib: “Aparıcı Zaurla zarafatım var, həmişə məndən yaş soruşduğuna görə dedim ki, mən o qabiliyyətin adamı deyiləm. Əslində sənə sataşırdım, Zaur. Mən Namiqin qadınlarla mübahisə etmək kompleksinin olduğunu bilmirdim. Məndə heç bir kompleks yoxdur, onun özündə kompleks var imiş”.
Qeyd edək ki, Röya Ayxan "3D" verilişində Brilliant Dadaşovanın erməni musiqiçinin ifasına “super” yazmasına “Millətimi incidənə "super" yazmaram” demişdi. Bu isə hər iki xalq artisti arasında qalmaqala səbəb olmuşdu.