17 Yanvar 2020 16:24
4 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir ildir efirdə yoxam. Azərbaycan Dövlət Televiziyasının Teleradio Akademiyasında fəaliyyətə başladım. Başım qarışıqdır, bundan da çox məmnunam. İnşallah, yeni mövsümə yeni layihə ilə gələcəm”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Nərgiz Cəlilova deyib.

“Efir üçün darıxırsınızmı” sualına cavabda o deyib ki, daim səhnədə, müxtəlif tədbirlərdə olduğuna görə darıxmağa vaxtı olmur: “AzTV-də tok-şou formatında yeni lyihə işləyəcəm”.

“Özəl kanallardan təklifi gəlsə dəyərləndirərsinizmi” sualına cavab verən Nərgiz Cəlilova özəl kanallarda da çox çalışdığını vurğulayıb: “Son beş-altı ildir ki, yenidən AzTV-ə qayıtmışam. Mənim üçün doğma-yad kanal anlayışı yoxdur. Azərbaycanda bütün televiziyalar mənə doğmadır”.

Nərgiz Cəlilova son zamanlar AzTV-də və İctimai kanalda baş verən dəyişikliyə münasibət bildirib: “Əgər yaxşılığa doğru dəyişiklik varsa, bunu hiss ediriksə yalnız alqışlamaq olar. Çünki yaxşı proqramların sayı artarsa rəqabət olacaq . Rəqabət isə inkişaf deməkdir”.

İllərdir xarici görünüşünün dəyişməz qalması ilə bağlı sualı aparıcı belə cavablandırıb: “Xarici görünüşüm dəyişir, amma formamı saxlamağa çalışıram. Televiziya və səhnə formada olmağı tələb edir. Xarici görünüşünə fikir verməlisən. Zövqlə geyinməyi bacarmalı, zamanla ayaqlaşa bilməlisən. Bunlar şərtdir və buna da uyğun gəlməyə çalışıram”.

Bir müddət əvvəl sarı saç rəngini çəhrayıya boyadan aparıcı bunun səbəbini də açıqlayıb: “O rəng dəbdə idi. Həm də dəyişiklik olsun deyə saçımı çəhrayı rəngə boyatdırmışdım. Saçımı qara rəngə boyaya bilmirəm. Çünki saçım ağdır. Formada qalmağımın xüsusi sirri yoxdur. Allah bu peşəni mənim üçün göndərib, çox şükürlər olsun”.

Nərgiz Cəlilovanın nə zamansa xanım həmkarı ilə veriliş aparmaq fikri varmı? O, hər şeyi mümkün saydığını bildirib: “Amma hələ belə bir təklif olmayıb. Bütün yeniliklərə açığam”.

“Həmkarınız Nailə İslamzadə İTV-də fəaliyyətinə başladı. Ümumiyyətlə, "Ötən günlər" proqramını izləyirsinizmi” sualına da Nərgiz Cəlilova maraqlı cavab verib: “Əlbəttə, izləyirəm. Saleh Bağırovu efirə ilk çıxdığı günlərdən tanıyıram. Hər zaman məsləhətlərimi verirəm. Biz telefonla tez-tez danışırıq. Onu çox sevirəm. Nailə ilə AzTV kanalına birlikdə gəlmişik. Ona görə verilişi izləyirəm”.

Bəs Nərgiz Cəlilovanın Nailə İslamzadə ilə nə zamansa birlikdə veriliş aparması mümkündürmü?

Aparıcı: “Hər şey formatdan asılıdr. O İctima televiziyada, mən Azərbaycan Dövlət Televiziyasında çalışıram. Bəlkə nə zamansa eyni kanalda çalışa bilərik. Həyatda hər şey ola bilər”.

Nərgiz Cəlilova şəxsi həyatını mətbuatdan uzaq tutmasının da səbəbini açıqlayıb: “Şəxsi həyatımın başqalarına nə aidiyyəti var? Mənim üçün əsas işimdir. Tamaşaçılarımı da özümə işimlə cəlb etmək istəyirəm. Qızım Fransada təhsilini bitirdi və başqa ölkəyə getdi” .


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər