Seks əsrlər boyu tabu olaraq qalıb. Hamımız seks nəticəsində dünyaya gəlsək də, bu prosesi ayıb, günah kimi başa düşmüşük. Din və adət-ənənələr də seksin ayıb və günah olduğunu əsrlər boyu beynimizə yeridiblər. Ancaq müasir elm seksin insan sağlamlığı üçün onlarla faydasının olduğunu sübut etdi. Buna baxmayaraq, kişilərin hökm sürdüyü cəmiyyətlərdə qadın seks obyektinə çevrilib və namus yükü bütövlüklə qadının üzərinə qoyulub. Hələ də bir çox cəmiyyətlərdə qadın kişinin namusu sayılır. Halbuki kişi öz namusuna, qadın da öz namusuna sahib çıxa bilər. Namus bu qədər dəyərli bir məhfumdursa, niyə qadının ayaqları arasında axtarılır? Bax bu suala cavab verən yoxdur.
Bütün bu amillər bir çox şərq ölkələrində qadınların həm psixoloji, həm də fiziki problemlərlə üzləşməsinə səbəb olub.
Ona görə də “Ailə dostu” layihəsi çərçivəsində bu mövzuya toxunmağa qərar verdik. Qadınların niyə cinsi əlaqəyə ehtiyac duyduqlarını və sekslə məşğul olmayan qadınların hansı problemlərlə üzləşə biləcəklərini araşdırdıq.
İlk növbədə onu vurğulayaq ki, kişilər kimi qadınların da cinsi tələbatı var və bu tələbat ödənməlidir. Əks təqdirdə qadın bədənində bir çox fəsadlar baş verir.
Hazırda dünyada bakirəlik yaşı 14-15 yaşa düşüb. Ancaq Azərbaycan kimi seksin tabu olaraq qaldığı ölkələrdə ailə həyatı qurmayan qızın cinsi əlaqəyə girməsi böyük problemlərə səbəb olur. Nəticədə isə bəzi qızlar sırf adlarına söz gəlməsin deyə sevmədikləri, yaxşı tanımadıqları adamla ailə qururlar. Bir də 30 yaşı keçən və milli mentalitemizə uyğun olaraq “evdə qalmış” dediyimiz yüzlərlə qızlar var. Əslində sevmədiyi adamla ailə quranla, 30-35 yaşına kimi bakirə qalanlar eyni cinsəl problemlərlə üzləşirlər. Çünki qadın orqanizmi kişidən tamamilə fərqlidir. Və seksin faydalarından yararlanmaq üçün orqazm olmaq şərtdir.
Kişi hər cinsi əlaqə zamanı orqazm ola bilər, qadının orqazm olması üçün isə hər şey mükəmməl olmalıdır. Bir qoxu, yanlış bir hərəkət, bir səs belə qadının orqazm olmasına maneə ola bilir. Odur ki, tanımadığı, sevmədiyi bir kişi ilə eyni yatağa girməyə məcbur olan qadın cinsi əlaqədən zövq ala bilmir, belə qadınlar çox vaxt vaginizm xəstəliyi ilə də mübarizə aparmalı olurlar. Bir sözlə yataqda ərini yola verən, orqazmı yamsılayan, əslində isə cinsi əlaqədən gözlədiyini ala bilməyən qadınlar da sesksiz həyat yaşayan qadınlara aid edilə bilərlər. Çünki seksi bədən üçün faydalı edən orqazm zamanı ifraz olunan hormonlardır. Əgər orqazm yoxdursa, bu hormanlar da ifraz olunmur. Ona görə də bu tip qadınların normal cinsi həyatı olduğu deyilə bilməz.
Əvvəlcədən də qeyd etdiyim kimi, cəmiyyətin qınağına məruz qalmamaq üçün 30-40 yaşına kimi bakirə qalan qızlar var. Əri rəhmətə gedən və ya boşanan qadınlar da çoxluq təşkil edirlər. Elə olur ki, illərlə qadının qarşısına yuva quracağı bir adam çıxmır və onlar ömürlərinin böyük bir qismini seks olmadan yaşayırlar.
Bəs bir qadının illərlə sekslə məşğul olmaması və orqazm olmaması nə ilə nəticələnir?
Seksin və orqazmın bir çox xəstəliklərə qarşı orqanizmi qoruduğu elm tərəfindən sübut edilib. Seksin sağlamlıq üçün əvəzolunmaz faydaları var. Sekslə məşğul olmayan qadın ilk növbədə bu faydalardan məhrum qalır.
Məsələn, seks qırışların yaranmasını gecikdirir. Enerji itkisinə səbəb olduğu üçün ən yaxşı idman hesab olunur, yəni, formada qalmaq üçün ən yaxşı vasitədir. Baş ağrısını və aybaşı ağrılarını aradan qaldırır. Daxili orqanların gec qocalmasına səbəb olur. Orqazm zamanı bir çox hormon ifraz olunur ki, bu da davamlı sekslə məşğul olan qadının daha gec qocalmasına gətirib çıxarır.
Sekslə məşğul olmayan qadın bütün bu üstünlüklərdən məhrum olur.
Ancaq sekssiz həyatın insan üçün zərərləri bununla yekunlaşmır.
Sekslə məşğul olmayan qadında estrogen hormonunun səviyyəsi yüksək olur ki, bu da qadının əsəbi və
həddindən artıq duyğusal olmasına gətirib çıxarır. “Evdə qalmış” etiketi yapışdırdığımız qızların çoxunun psixologiyasında bəzi problemlər olduğunu yəqin ki, müşahidə etmisiniz. Buna həm estrogen çoxluğu, həm də cəmiyyət səbəb ola bilər. Bəyənilmədiyini düşünən və ərə gedə bilməməsinin səbəbini çirkin və ya axmaq olması ilə əlaqələndirən qadında komplekslər formalaşır. Deməli, sekslə məşğul olmamaq həm də psixoloji problemlərə səbəb ola bilir.
Sekssiz yaşayan qadınlarda baş verən fiziki və psixoloji səbəblər hormonların balansının pozulmasına şərait yaradır. Nəticədə üzdə tüklər qalınlaşır və çoxalır, üzü sızanaqlar örtür, aybaşı zamanı simptomlar kəskinləşir.
Estrogen hormonunun uzun müddət bədəndə fəaliyyətdə olması döş xərçəngi üçün münbit şərait yaradır. Araşdırmalar göstərir ki, gec yaşlarda ana olan və ya heç doğmayan qadınların döş xərçənginə yaxalanma riski daha çoxdur. Bu da onların bədənlərində estrogen hormonunun daha çox istehsal olunması ilə əlaqədardır. Alimlər tədqiqatlardan sonra bu nəticəyə gəliblər ki, normal seks həyatı olmayan qadınların da döş xərçənginə yaxalanma riski yüksək olur. Çünki seks zamanı bol miqdarda estrogen istehsal olunsa da, onun bir hissəsi bədən üçün faydalı şəkildə istifadə olunur. Digər bir qismi isə vajinanın nəmlənməsinə sərf edildiyi üçün bədəndən atılır. Sekslə məşğul olmayan qadınlarda isə estrogen bədənin içində qalır və stress, əsəb kimi hallara yol açır.
Sekslə məşğul olmayan qadınlar depressiyaya meyilli olurlar. Onlar həmişə neqativ düşünür, ətrafda gördükləri, eşitdikləri hər şeyi mənfi qiymətləndirirlər.
Belə qadınlar bəyənilmədiklərini düşünür və tez-tez pəhriz saxlayırlar. Ancaq bu pəhrizlər çox vaxt onların sağlamlığına mənfi təsir edir.
Araşdırmalar göstərir ki, evli olmaq heç də mükəmməl seks həyatının olacağına dəlalət etmir. Çünki həyat yoldaşı qadını yataqda təmin etsə belə o, sekslə məşğul olmaqdan boyun qaçıra bilər.
Mütəxəssislər bəzi qadınların seksi niyə xoşlamadıqlarını və daha az ehtiraslı olduqlarını araşdırıblar və ortaya çox maraqlı nəticələr çıxıb. Qadın həkimləri Eden Fromberq ilə Naomi Volfun apardıqları son araşdırmalar qadını seksdən uzaqlaşdıran səbəbləri ortaya çıxarıb.
Hamiləlikdən qoruyan preparatlar: Bu dərmanların çoxu qadının ehtirasının sönməsinə səbəb olur. Mütəxəssislər isə bunun psixologiya ilə bağlı olduğunu bildirirlər. Onların sözlərinə görə, dərmanların tərkibində qadının seks istəməməsinə səbəb olan heç bir maddə yoxdur.
Depressiyaya qarşı dərmanlar: Qadınların çoxu bu dərmanlardan istifadə etdikdən sonra seksdən soyuduqlarını bildiriblər.
Yuxusuzluq: Qadın üçün yuxu seksdən daha önəmlidir.
Stress: Maddi problemlər və gün ərzində üzləşməli olduğunuz çətinliklər stressə səbəb ola bilir. Stressli bir qadın seksi ağlına belə gətirmək istəməz.
Partnyor: Partnyoruna qarşı hissləri azalan və ya onunla problemlərini həll edə bilməyən qadın yatağa ancaq yuxuya getmək üçün girir.
Testosteron hormonunun azlığı: Bu hormonunun az istehsal olunması qadının cinsi istəyinin azalmasına birbaşa təsir edir.
Özünə inamsızlıq: Qadınlar güzgüdə özlərinə baxdıqda hansısa qüsurlar görürlərsə, partnyorlarının da onları bəyənməyəcəklərini düşündükləri üçün seksdən boyun qaçırırlar.
Hündürdaban ayaqqabılar: Davamlı olaraq belə ayaqqabı geyinən qadın orqazm olmaqda çətinlik çəkir.
Oturmaq: Günün böyük bir hissəsini oturaraq keçirən qadınlar da orqazm olmaqda çətinlik çəkirlər. Ofis şəraitində oturmağa məcbur olan xanımlar hər 1 saatdan bir 10 dəqiqə təmiz havada gəzməlidirlər.
Bütün bu səbəblər qadınların cinsi həyatdan soyumasına gətirib çıxarır. Yuxarıda göstərdiyimiz səbəblərdən seksdən soyuyan qadınlar həyat yoldaşlarına bu bəhanləri uydururlar:
1 Çox yorğunam
2 Başım ağrayır
3 Səhər tez durmalıyam
4 Çox işim var, məşğulam
5 Belim ağrıyır
6 Yatmaq üçün hələ tezdir. Sən yat
Araşdırmalar göstərir ki, bir çox qadın seksin faydalı olduğundan xəbərsizdir. Qadınların 80 faizi isə seksdən həzz almaq üçün deyil, başqa məqsədlər üçün istifadə edirlər.
Texas Universitetinin professorları Sindi Meston ilə Devid Bassın “Qadınlar niyə sekslə məşğul olurlar” adlı kitablarında çox maraqlı məqamları ortaya çıxarıblar.
1000-dən çox qadınla görüşüb söhbətləşən psixoloqlar qadınların seksi həzz almaq üsulu olaraq görmədiklərinə əmin olublar.
Onların söhbətləşdikləri qadınların 84 faizi həyat yoldaşlarını məmnun etmək və ailə həyatının problemsiz olması üçün cinsi əlaqəyə girdiklərini bildiriblər.
10 faiz qadın ərlərini bahalı restorana getməyə razı salmaq və ya ona bahalı bir hədiyyə aldırmaq üçün seksə müraciət etdiklərini bildiriblər.
6 faiz qadın isə ürək sıxıntısından xilas olmaq, yaxşı vaxt keçirmək və partnyorlarını sevdikləri üçün sevişdiklərini bildiriblər.
Bütün bunlar onu göstərir ki, illərlə qadınların beyninə yeridilən fikirlər onları həqiqətən də dəyişdirib. Qadınlar seksdən zövq almadıqlarını o qədər təlqin ediblər ki, axırda buna özləri də inanıblar. Nəticədə isə özünü və partnyorunu aldadan, həyatdan nə istədiyini bilməyən, seksdən ala bilmədiyi həzzi alış-verişdə və lüks həyat tərzində axtaran qadınlar ordusu yaranıb.
Ancaq qadınlar qəbul etsələr də, etməsələr də, seks hər bir insan üçün hava, su kimi vacibdir və heç kim zorla sekslə məşğul olmağa vadar ediləməyəcəyi kimi, seksdən imtina etməyə də zorlanmamalıdır.