“Qurban sənə” adlı yeni mahnımı təqdim etdim. Mahnı Yutub kanalıma da yerləşdirilib”.
Bu sözləri Teleqraf.com-a geniş açıqlamasında müğənni Zenfira İbrahimova deyib.
"Yutubda Üzeyir Mehdizadədən başqa bütün müğənnilərin baxış sayı saxtadır iddiası ilə razısınızmı" sualına o, belə cavab verib: "Yutub kanalımızda saxta baxış ola bilməz. Əgər saxta baxış olsa, bizim hesabımıza pul ödəməzlər. Mahnım xalq tərəfindən sevilirsə, deməli, baxış sayının saxtalığı yalandır”.
"Şəbnəm Tovuzlu ilə rəfiqəsiniz. Nə zamansa küsüşdüyünüz vaxt olubmu" sualına gəldikdə Zenfira İbrahimova deyib ki, ümumiyyətlə, Şəbnəm Tovuzlu ilə görüşməyə vaxt tapmır: “Təbii ki, çox görüşsək, kaprizimiz baş qaldıra bilər. Ailələrimiz tanışdır, gediş-gəlişimiz normaldır. Elə olur ki, iki aydan bir görüşürük”.
“Adətən deyirlər ki, rəqabət olan yerdə dostluq uzun sürmür. Bu nə dərəcədə doğrudur?” Zenfira İbrahimova deyir ki, bunlar boş söhbətlərdir, sağlam rəqabət də var: “Şəbnəm xanımın gözəl mahnıları, ifaları var, xalq tərəfindən sevilir. Mən də çalışıram ki, yaxşı mahnı ifa edim və sağlam rəqabət aparım” .
“Oğlunuzun
mətbuata açıqlamasında “Ailənin bütün yükü anamın üzərindədir” fikri diqqətimizi çəkdi. Bu nə dərəcədə doğrudur” sualına cavabda isə Zenfira İbrahimova oğlu İbrahimin çox ağıllı olduğunu vurğulayıb: “Çox xoşbəxtəm ki, belə övladım var. Bacı-qardaşlarımın yükü də mənim üzərimdədir. Allah birimizin ruzisini yetirirsə, mən də onların yükünü çiynimə almışam və birlikdə addımlayırıq. Ona görə övladım deyir ki, anam çox əziyyət çəkir. Çünki mənim üzərimdə bir neçə ailə var. Mən həmişə onların yanındayam.
Həyat yoldaşımın da, çox şükür işi var, öz sahəsində peşəkardır, gəliri pis deyil. Amma məlum məsələdir ki, mənim bir aylıq qazancım Anar Heydərovun qazancından üstündür.
Təbii ki, ailəm üçün qazanıram, problemləri həll edirəm. Xırda problemləri Anar özü həll edir və bizim gəlirlərimiz bir yerdədir. Hansımızın çox və ya az qazanmasının fərqi yoxdur. Bizdə məhərrəmlik ayı, orucluq var, eləcə də qış aylarında toylar azalır. Təbii ki, Anar Heybətov evin kişisidir və qazancı da ailəsinədir”.
Bir müddət əvvəl sosial şəbəkədə müğənni həyat yoldaşı Anar Heybətovla foto paylaşarkən ünvanlı statuslar yazdığı deyilirdi. Hətta mətbuatda Anar Heybətovun avtomobil hədiyyə etdiyi xanımı Zenfira İbrahimovanın döydüyü haqqında xəbərlər də yayılmışdı. Bu söz-söhbəti şərh edən müğənni deyib: “Doğru xəbər deyil... Heç vaxt öz səviyyəmi alçaltmaram. Hər bir qadın anadır, xanımdır. Əgər həyat yoldaşımla 16 illik birgə yolumuz varsa, sevgi də, qısqanclıq da olmalıdır. Bir qadın olaraq sevirəmsə, qısqanmalıyam. Yaxud Anar sevirsə, qısqanmalıdır”.
Qeyd edək ki, Zenfira İbrahimova idmançı Anar Heydərovla evlidir.