Məşhur amerikalı aktyor, Hollivudun ən yaraşıqlı subaylarından sayılan Corc Kluni, nəhayət ki, subaylığın daşını atmaq qərarına gəlib.
Bir neçə ay əvvəl Beyrut əsilli Britaniya vətəndaşı olan Amal Alamuddin adlı insan haqları müdafiəçisi ilə nişanlanan Corc Kluni yaxın günlərdə özünə toy edəcək. Cütlük hələlik tarixi açıqlanmayan toy mərasimi üçün İtaliyanın Venesiya şəhərini seçib.
Şəhərdə artıq Kluninin toyuna hazırlıqlar başlayıb. Venesiya şəhər rəhbərliyinə şəhərin mənzərəli yerlərindən biri olan Qrand Kanala aparan yolun toy günü 2 saatlığa bağlanmasına dair göstəriş verilib. Corc Kluninin fanatlarının onun toyuna mane olmasının qarşısını almaq üçün bu addım atılıb. Toy mərasimi isə həmin yolun qurtaracağında yerləşən və 16-cı əsrə aid Kavalli Sarayında keçiriləcək. Toy mərasimləri üçün istifadə edilən bu sarayın pəncərələri Qrand Kanala və məşhur Rialto Körpüsünə açılır. Venesiya sakinləri və turistlər isə həyəcanla Corc Kluninin toyunu gözləyirlər.
Corc Kluni və Amal Amaluddinin qonaqları isə Venesiyanın 7-ulduzlu otellərində qalacaqlar.
Bu, 53 yaşlı Corc Kluninin ikinci, Amal Alamuddinin isə ilk evliliyi olacaq.