“Bu Şəhərdə” komandası ənənələrinə sadiq qalaraq bu il də 8 Mart Beynəlxalq Qadınlar bayramı günündə konsert verməyə hazırlaşır.
Ssenarist Müşfiq Abbasov Teleqraf.com-a açıqlamasında konsert haqda bu sözləri deyib: “Konsertin adı “CanaVar”dır. Kimin üçünsə canavar, kimin üçünsə “Cana var” anlamına gəlir. Konsertdə sosial, ailə-məişət mövzuları öndə olacaq. Ənənəyə sadiq qalaraq toy səhnəciyi də planlaşdırılıb. Yeni parodiyalar üstündə çalışmışıq. Roza Zərgərli, Nazilə Səfərli, Elza Seyidcahan, Könül Kərimova, Cabbar Musayev, Teymur Mustafayev və böyük sənətkarımız Nəzakət Məmmədova hədəfimizdədir.
Ailə səhnələri ilə yanaşı, məmurla bağlı maraqlı bir səhnəciyimiz də var.
Biz artıq fevralın 29-dan martın 1-i və 2-si Sumqayıtda konsert proqramıyla çıxış etdik. Martın 4-dən 8-dək Bakıda çıxış edəcəyik. Ayın 14-ü və 15-i Naxçıvana, 27-si Xarkovda, 29-u Kiyevdə tamaşaçılarımızla görüşəcəyik”.