31 Mart 2020 17:47
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim dövlətimiz hər şeyi düşünür. Evdəqal çağırışına əməl etmək və gigiyenik qaydalara riayiət etmək lazımdır ki, virus yayılmasın. Özümüzü və yaxınlarımızı evdə oturaraq, qoruya bilərik. Bu bir savaşdır və xalqımız bu savaşı uduzmamalıdır".

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Xuraman Qasımova deyib.

Dünya şöhrətli opera ifaçısı insanları məsuliyyətli olmağa çağırıb:

"Biz hər zaman döyüşlərdən qalib çıxmışıq və bu savaşdan da qalib çıxmalıyıq. Bəlkə bu, Allahın bizə verdiyi bir xəbərdarlıqdır. Çünki birdən-birə ortaya çıxdı, sanki üçüncü dünya müharibəsi başladı. Fidan xanım və mən evdən çxımırıq.

Ev işləri ilə məşğul oluruq. Qadınlar üçün evdə işlər çoxdur. Qadınlar darıxmamaq üçün özlərinə hər zaman iş tapa bilərlər. Bununla yanaşı bəylər xanımlarına kömək edə bilərlər.

Dünyada böyük bir fəlakət yaşanır və heç bilmirik, bunun sonu nə ilə bitəcək? Ona görə də məsuliyyətsiz yanaşamaq olmaz.

Evdə oturmaq lazımdırsa, buna əməl etməliyik. Hər gün ölkə başımız cənab İlham Əliyev xalqı düşünərək sərəncamlar verir. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Onlar dayanmadan çalışırlar".

Xalq artisti gəncləri ehtiyatlı olmağa səsləyib: "Bəzən görürsən ki, gənclər virusun təhlükəli olduğunu başa düşmürlər. Onları da məcburi evdə otuzdurmaq lazımdır. Evdə savadlarını artırsınlar və öyrənsinlər ki, bu qorxunc bir virusdur. Qadınlar tikiş, maska tikməyi öyrənə, kitab oxuya, film izləyə və uşaqlarına vaxt ayıra bilərlər. Həyat gözlə qaş arasındadır. Biz bunu çox gözəl dərk edirik. Heç kim faciədən sığortalanmayıb. Bu faciələrlə qarşılaşmamaq üçün deyilənlərə əməl etməliyik. Dövlətimiz bunun üçün hər şeyi edir.

Bu virusa qarşı mübarizədə birlik göstərmək və məsuliyyət daşımaq lazımdır. Maska, spirt, əlcək istifadə etmək lazımdır. Prezident İlham Əliyevin ətrafında sıx birləşməli və birlik nümayiş etdirməliyik".

Xalq artisti səhhətinə diqqət etməsindən də danışıb: "Özümü bir az narahat hiss edirdim. Virusa görə analiz verdim. Şükür, heç nə yoxdur. Məni tanıyanlar bilirlər ki, kiçik narahatlığım olsa belə, həkimə müraciət edirəm. Hər kəs səhhətinə qarşı məsuliyyətli olmalıdır".


Müəllif: Rəqsanə Həsənova