"Koronavirus dünyanı cənginə alıb. Bütün insanlar kimi biz - mədəniyyət adamları da xalqımızın, dövlətimizin yanındayıq".
Bu sözləri Teleqraf.com-a açıqlamasında Xalq artisti Hacı İsmayılov deyib:
"Çox qəribədir ki, inkişaf etmiş ölkələr koronavirus fəlakətinə hazır deyillər və bunu məşəqqətli, ağır keçirirlər. Bizim dövlətimiz vaxtından əvvəl mühüm tədbirlər gördü. Bunun üçün xəstəlik Azərbaycanda çox yayılmadı. Hazırda karantin rejimindəyik və hamımız buna riayət etməliyik. Bilirsiniz ki, yaşı 65 dən yuxarı olan insanların küçəyə çıxması qadağan olub. Çünki yaşlı adamların immuniteti zəif olur. Ona görə xəstəlik onaları tez tutur.
Sənətçi bildirib ki, bu xəstəliyin qorxulu xüsusiyyəti onun yayılma sürətinin çox güclü olmasıdır:
"Tez bir zamanda çox insanı yoluxdurmaq olur. İnanıram ki, bəşəriyyət son dərəcə ağır virusdan canını qurtaracaq. Bizə isə o qalıb ki, karantin rejiminə uyğun hərəkət edək. Evdə də görüləsi işlər var. Mən də evdə otururam və evin problemləri ilə məşğul oluram. İnşallah dövlətimiz bu vəziyyətdən çxacaq".
Xalq artisti onu da əlavə edib ki, virusa inanmayanlar da var:
"Bəzi insanlar deyirlər ki, mənə heç nə olmaz. Amma bilməliyik ki, təhlükəli virusdur və sürətli yayılma təhlükəsi var. Heç kim özünə arxayın olmasın ki, mənə heç nə olmaz. Karantin rejiminə ciddi əməl etməliyik. Karantin dövrü bitəndən sonra yenə də işimizə davam edəcəyik".