4 Aprel 2020 15:45
2 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Arif Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

- Arif müəllim "COVİD-19" ilə mübarizədə özünüzü və ailənizi necə qoruyursunuz?

- Evdə qalmaqla, təcrid olunmaqla özümüzü və ailə üzvlərimizi qoruyuq. Qohumlar və yaxınlara da tövsiyə edirəm ki, qonaq getməsinlər. Mən Bakıda, nəvələrim Sumqayıtdadır. Biz də bir-birimiz üçün darıxırıq. Prezidentimiz İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevanın dediyi tövsiyələrə əməl etmək lazımdır. Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın dediklərinə riayət etməliyik. Həmişə görüşmək və gəzmək var, amma bu, müvvəqəti çətinlikdir. Bir ay görüşməsək də olar. Karantin rejimi ciddiləşmədən öncə həyat yoldaşımla mağazaya gedən zaman ona deyirdim ki, məndən iki metr aralı gəz. Qırx ildir bir yerdəyik, bir ay aralı qalaq, sağlam olaq. Marketdə də insanlara dedim ki, məsafəni qoruyaq.

- Arif müəllim, neçə gündür çölə çıxmırsınız?

- Virus başlayandan çölə çıxmıram, evdə oluram. Yasamalda üç otaqlı mənzildə yaşayıram, eyvana çıxıram. Eyvandan həyət də yaxşı görünür, gözəl hava var. Həyat yoldaşımla nərd oynayıram. Yəni ki, vaxtımız şən keçir. Yeni yumorlar izləyirəm. "Evlərinizə gülüş səpələnsin" adlı onlayn konsert proqramı təqdim edəcəm. İnsanlar vaxtlarını mənalı keçirsinlər. Mənim hobbim evdə təsbeh düzəltməkdir. 25 gün ərzində 70-ə yaxın təsbeh düzəltmişəm.

- Bu qədər ölüm hadisələrinin olmasına baxmayaraq, bəzi insanlar virusun mövcudluğuna inanmırlar.

- Öncə onu deyim ki, evdə də maska istifadə edirəm. Əvvəl hər aptekdən iki maska almışdım. Virusa inanmayanlara gəlincə, xarici xəbərləri izləsinlər və baş verənləri görsünlər. Virusa inanmırsa, o, özünün xəstələnməsinə zəmanət verir. İnsanın özü-özünə etdiyini el yığılsa edə bilməz.

Hazırda mən təqaütdəyəm. Yenə də planlı yaşayıram ki, vaxtım boşuna keçməsin. Nənə-babalar nəvə toyları görməlidirlər. Gənclər də özlərini qorumaldırlar. Sağ qalmaq istəyiriksə, deyilənlərə əməl etməliyik. Ölmək, övladımızı gözü yaşlı, nəvələrimizi ağlayan görmək istəyiriksə, çıxaq küçədə gəzək.

- Arif müəllim yaşlı insanlara evdə darıxmamaqları üçün nələri tövsiyə edərdiniz?

- Bir-birimizi qorumalıyıq. Həmyaşıdlarıma can sağlığı, könül xoşluğu arzu edirəm. Evdə domino, nərd oynasınlar, səhər idman etsinlər, nəvələri ilə oynasınlar, amma maska istifadə etmək şərti ilə.

Oxumadıqları kitabları oxusunlar. Mən hazırda Cek Londonun əsərlərini oxuyuram.


Müəllif: Rəqsanə Həsənova