“Tələb edəndə eyni zamanda fikirləşməliyik ki, biz müharibə şəraitində yaşayan dövlətik. Müəyyən şeyləri güzəştə getməyi bacarmalıyıq. Vaxtilə öz səhvimiz ucbatından rayonlarımızı, – işğal olunan rayonları nəzərdə tutmuram, – qoyub Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa “novostroyka”nın zirzəmisində gizlənib, orada uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb kef almaq istəyimizdə kimisə günahlandırmağa ixtiyarımız yoxdur. Sadəcə olaraq, şəhərdə yaşamaq hamımızın azar-bezarıdır. Sonunda isə hamımız ağlayırıq, nəsə tələb edirik, istəyirik. Bizim çox səfalı rayonlarımız var. Heç bir kəndli deyə bilməz ki, mənə düşən pay azdır… Kişi odur ki, özünə arxalansın, biz özümüz-özümüzə arxalanmalıyıq”.
Xalq artisti Afaq Bəşirqızının bu fikirləri birmənalı qarşılanmayıb, media və sosial şəbəkələrdə ciddi mübahisələrə səbəb olub. Xalq artistini müdafiə edənlərlə yanaşı, onun ünvanında sərt fikirlər səsləndirənlər də az deyil.
Teleqraf.com məsələ ilə bağlı Afaq Bəşirqızının həmkarlarına müraciət edib.
Xalq artisti Ramiz Novruz bildirib ki, Afaq Bəşirqızının rayon camaatına münasibəti hər zaman yaxşı olub:
"Afaq Bəşirqızının nə dediyindən tam xəbərim yoxdur. Amma rayon camaatı və şəhərli məsələsi bizim ağrılı mövzumuzdur. Mən belə söhbətlərə seriallarda da çox nəzarət edirəm. Rayonlarımız da, Bakı şəhəri də Azərbaycanındır. Nə isə deyəndə fikirləşmək lazımdır. Mən düşünmürəm ki, Afaq xanım pis fikirlər bildirib. Çünki onun sənətkar kimi formalaşması Sumqayıt teatrından və rayonlardan başlayıb. Rayon adamları ilə həmişə münasibəti yaxşı olub və onu seviblər. Onu da deyim ki, bu fikri 18-ci illərdə ermənilər ortaya atıblar, Bakını sərbəst ələ keçirmək üçün. Çünki rayon camaatı gələndə Azərbaycan dilində danışanlar çox olurdu. Beləliklə, əhali çoxalırdı. Ona görə də bu ideyanı ortaya onlar atmışdılar ki, guya rayonluların mədəniyyəti yoxdur. Bu, elə o vaxtdan belə qalıb. Rayonlu və şəhərli olmanın heç bir fərqi yoxdur. Biz Azərbaycan millətiyik".
Ramiz Novruz bildirib ki, Afaq xanımın sənət dostlarının 99 faizi rayon uşaqlarıdır: "Hətta sənət aləmində olanların da. Mən inanmıram ki, pis mənada nə isə desin. Yəqin ki, bir az fikrini bəzəyib, təhrif ediblər.
Mən verilişlərin birində dedim ki, adam danışmağa qorxur, ya fikrini dəyişirlər, ya fikrini öz adları ilə sənin özünə qaytarırlar. Bəyəm yalnız təkər qaraldanlar rayondan gələnlərdir? Bunlar boş söhbətlərdir.
İnanmıram ki, Afaq xanım bunu pis niyyətlə desin. Afaq Bəşirqızı nüfuzlu söz deyəndir, nüfuzsuz söz deməz! Amma hər halda ehtiyatlı olmaq lazımdır".
Xalq artisti rayondan gələnlərə "çuşka" deyənləri də sərt şəkildə tənqid edib: "O sözdən iyrənirəm. Bəzən görürsən ki, rayondan gələnə "çuşka" deyirlər. Ola bilər ki, dağın başında olan insan çox kübar, alicənab olsun, amma şəhərin göbəyində doğulan "çuşka" olsun. Bunlar çox axmaq söhbətlərdir".
Xalq artisti Rasim Balayev də Afaq Bəşirqızının kimisə aşağılamaq üçün o fikirləri səsləndirdiyinə inanmadığını deyib: "O məsələ haqqında tam məlumatlı deyiləm. Mən Afaqı tanıyıram, elə adam deyil. O heç vaxt rayon camaatını incidəcək sözlər deməz".