Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva sosial şəbəkədə ona ünvanlanan sualları cavablandırıb.
Teleqraf.com fitness məşqçisi Kənan Əliyevlə evlənən Aynişan Quliyeva ilə qısa müsahibəni təqdim edir:
- Sevilmək yoxsa sevmək daha gözəl duyğudur?
- Mənə görə hər ikisi. Çünki elə bir insanam ki, sevmədiyim insanın sevgisini qəbul edə bilməzdim. Tək tərəfli sevsəm də, əziyyət çəkərdim.
- Əvvələr ərə getməyi bu qədər məsləhət görmürdünüz...
- Heç vaxt insanlara ailə qurmayın deməmişəm. Sizə aid olmayan insanla həyatınızı bağlamayın. Və təhsil almadan, əli pula çatmadan heç kim evlənməsin, nə oğlan, nə də qız.
- Gənc qızlara verəcəyiniz üç tövsiyə nədir?
- Təhsil alın, karyera qurun, ərə gedin!
- Həyat yoldaşınız qoç bürcüdür. Onun xarakteri haqqında nə deyə bilərsiniz?
- Danışılası xüsusiyyətləri çoxdur. İki əsas məsələni yazacam. Tərs insanlar olduğunu deyirlər, bu düzdür. Amma mədəni və mülayim insanlara qarşı deyillər. Çox enerjili, bacarıqlı və sadiqdirlər.
- Həyat yoldaşınız sizin hazırladığınız yeməkləri bəyənir?
- Başqa şansı yoxdur.
- Sosial şəbəkələrdə sizin haqqınızda deyilən fikirlərə necə reaksiya göstərirsiniz?
- Ağlım kəsəndən tanıdığımın fərqində olmuşam. Və bu yaşıma qədər haqqımda bir çox fikirlər səslənib. Çünki hər kəsin haqqında kimsə nəsə danışır. Tanınmayan insanlar haqqında da ən azından qohumlar, qonşular, iş yoldaşları danışırlar. Mənimki bir az rəqəmsal qeybət növüdür.
- Uşaq nə zaman gəlir?
- Mən bu cür sualları heç ən yaxın rəfiqəmə, bacıma belə cürət edib vermirəm. Bilirəm ki, bu sual pis niyyətdən yaranmayıb. Yenə də etika deyilən bir şey var.