24 Aprel 2020 17:59
1 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Afaq Bəşirqızının ARB telekanalında yayımlanan "Elgizlə izlə" verilişində söyüş məzmunlu ifadə işlətməsinin müzakirəsi hələ də davam edir. Məlum olduğu kimi, həmin efir xətasına yol verdiyi üçün ARB telekanalı cəzalandırıldı. Bəzi sənət adamları isə Afaq Bəşirqızına qarşı oyun aparıldığını və onu ləkələməyə çalışdıqlarını qeyd edərək bəraət kampaniyasına başlayıblar.

Teleqraf.com saytı "Afaq Bəşirqızının efirdə səsləndirdiyi qeyri-etik ifadəsinə görə kampaniya təşkil etməyə ehtiyac varmı?" sualı ilə sənət adamlarına müraciət edib.

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib ki, efirdə qeyri-etik ifadə işlətmək düzgün deyil: "Düzü, verilişə baxmamışam, bu mövzudan da xəbərim yoxdur. Amma hər şeyin bir səbəbi olmalıdır. Səbəb və səbəbkar ortaya çıxmalıdır ki, nəyə görə bu söz deyilib?

Düzünə qalsa, Afaqın Bəşirqızının Elgiz Əkbərlə nə işi var, yaxud əksinə. Düşünmürəm ki, səbəb olmadan Afaq xanım nə isə danışsın...Onun kimi xanım-xatun, təcrübəli bir insan. Nəvələri də var. Siz fikir verin ki, məsələ nə qədər hissinə toxunub ki, belə münasibət bildirib. Mən həm aktyor, həm də peşəkar rejissoram. Aktyor-rejissor sənətində elə məsələlər var ki, heç nə ilə əvəz etmək olmur. Situasiya var ki, onu söz və təhqirlə vermək olmur, fiziki hərəkətə məcbur olursan. Bu hadisənin də kateqoriyaları var.
Yəni ki, ilk öncə bunun səbəbi açıqlanmalıdır".

Müğənni Əli Mirəliyev isə deyib ki, xalq artistinin efirdə söyüş söyməsi çox pis haldır: "Efirdə söyüş söymək olmaz, xüsusilə də canlı yayımda. Niyə belə edirsən? Allaha şükür, təcrübəli xanımsan, sən görmürsən ki, Elgiz Əkbər canlı yayımdadır? Zəng edib söyüş söyürsən... Kanalın səsyazması var, canlı efir gecikmə ilə verilir. Yaddan çıxıb o hissə efirə gedib.

Kim olursan, ol. Televiziya xalqın güzgüsüdür. Sən Bəşir Səfəroğlu kimi sənətkarın qızısan, bu sənə baş ucalığı gətirmir. Sən necə xalq artistisən ki, televiziyada söyüş söyürsən, canlı yayıma bağlanaraq.

Sənin söyüşlərin orada açıq-aşkar bilinir. Dövlət sənə xalq artisti fəxri adını verib, prezident təqaüdü alırsan, uşağını işə düzəldiblər, ev verilib. Sənin söyüş söyməyə nə ixtiyarın var? Elgiz Əkbər səni tərifləyir, sən onu söyürsən. Yaxşı deyil axı...

Afaq xanım çox böyük səhv edib. Sevilən aktrisasan, sənin onu söyməyə nə ehtiyacın var? Hansısa şeytan yoldan çıxarıb? Onu qınayıram.

Mən efirdə aparıcıyam. Həyatda məndən çox söyüş söyən yoxdur. Amma bir dəfə də efirdə söyüş söymürəm. Bunlarsa özlərini nəhəng kimi aparırlar, lazım olanda söyüş də söyürlər. İnsanın əsl siması onda bilinir. Mən kişi xəylağıyam, söyüş söyə bilərəm, amma efirdə, ictimai yerdə buna ixtiyarım yoxdur.

Efirə insanlar, gənclər baxırlar. Onlar bizdən nə tərbiyə götürəcəklər? Elgiz Əkbərdən acığın gəlsəydi, verilişdən sonra zəng edib, deyərdin. Adını da qoymusan ki, Elgizi yox, başqa adamı söymüsəm. Sən ki söyüş söymüsən. Nə fərqi var kimə söymüsən?!"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər