29 Aprel 2020 15:15
3 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com xalq artisti Flora Kərimovanın Londonda yaşayan qızı Zümrüd Şəfiyeva ilə müsahibəni təqdim edir.

- Zümrüd xanım, Londonda xəstəxanada işləyirsiz. İngiltərədə koronavirusla bağlı hansı tədbirlər görülür? Pandemiyadan nə qədər insan əziyyət çəkir?

- Məlumatlar gün ərzində dəyişir. Son məlumata görə, 161 min koronavirusa yoluxub, 21 min insan isə vəfat edib. Amma sizə deyim ki, sağalanlar da az deyil. İşlədiyim xəstəxanada baş həkim koronavirusa yoluxdu, həmkarlarım arasında bir neçə həkim də xəstələndi. Hamısı üç-dörd həftə evdə oturub sağaldılar. Xəstələnən insanı evdə oturdururlar. Həkimə də getməyə icazə vermirlər, çünki həkimə gedən zaman yolda kimisə yoluxdura bilərsən.

Evdə oturub qrip kimi özünü sağaltmalısan. Vəziyyətin pisləşəndə isə təcili yardım çağırırsan, səni xəstəxanaya aparırlar. Orada müalicə olunursan.

Əgər öskürürsən və səndə qrip simptomları varsa, koronavirusa yoluxub-yoluxmamağından asılı olaraq dərhal işdən evə göndərirlər. Minumum iki həftə evdə oturmalısan, öz vəziyyətinə baxmalısan. Əgər vəziyyətin pisləşirsə, özün heç yerə getmirsən, təcili yardımla evdən səni aparırlar.

- İngiltərədə karantin rejiminin bitməsi nə zamana ehtimal olunur?

- İngiltərədə karantin martın 23-dən başlayıb. Bildiyimə görə, iki həftə də davam edəcək. Ötən gün baş nazir Boris Conson çıxışında dedi ki, karantin rejimi tədricən götürüləcək. Bəzi obyeklər birdən-birə açıla bilməz. Kafelərin, restoranların, yaxud muzey-teatrların açılmasından söhbət gedə bilməz. Yəni çox sayda insanların toplaşdığı məkanlar hələ bağlı qalacaq. Gələn həftədən mağazalar, fabriklər yavaş-yavaş açılmağa başlayacaq.

- İngiltərədə virusla mübarizə necə gedir, sadə insanlar bunu necə hiss edir?

- Heç kim lazım olmayan təqdirdə evdən çıxmır. Burada sms sistemi yoxdur. Sadəcə insanların anlayışına güvənirlər. Hər yerdə reklamlar var. Metrolarda səsli elanlar qeyd edilir ki, xahiş edirik ki, metro ilə heç yerə getməyin. Əgər gedirsinizsə, vacib olan təqdirdə metrodan istifadə edin. Avtobus və metrolarda bu cür elanlar çoxdur. Bu yaxınlara qədər yalnız apteklər, ərzaq mağazaları və xəstəxanalar açıq idi. Günortaya qədər fəaliyyət göstərirdi.

Amma indi şükür Allaha, əvvəlki saata qədər açıq olur. Mağazaların qarşısında çox uzun növbələr yaranır. Bu London üçün görünməz hadisədir. Mən heç zaman mağazaların qarşısında sıra görməmişdim. Bunu yalnız restoranların qarşısında görmüşdüm.

Sırada dayanan insanlardan tələb edirlər ki, iki metrlik məsafəni qorusunlar. Hətta yerdə xətlər də qoyublar. Metroda da iki metr məsafədə yazı və şəkil var. İnsanlar məhz yazı və şəkillərin üzərində dayanırlar. Tez- tez əli yumaq lazımdır. Hətta bizdən işdə tez-tez əlləri yumaq tələb edirlər, spirt istifadə etməli, əlimizi üzümüzə, ağzımıza vurmamalıyıq. Həmkarlarımla məsafə saxlayırıq.

Dövlətin məlumatlandırmaq tədbirləri çoxdur. Karantin rejiminin dəqiq nə zaman bitəcəyi bilinmir. Amma bilirəm ki, karantin rejimi iki həftə davam etməlidir.

- COVİD-19 yayılan zaman ilk günlərdə həyəcan yaşandımı? Eləcə də virusun mövcudluğuna inanmayanlar varmı?

- Deməzdim ki, koronavirusa görə həyəcan yaşandı. İngilislər soyuqqanlı millətdirlər. Rahat insan olduqları üçün həyəcan yaşamadılar və yaşatmadılar. Bununla yanaşı çox nizam-intizamlı millət olduğu üçün dövlətin tövsiyə etdiyi bütün tədbirlərə tabe oldular. Virusun mövcudluğuna inanmayanlar var, amma çox deyil. Başqa ölkələrdə daha çoxdur, nəinki İngiltərədə.

- İngiltərədə aztəminatlı ailələrə yardım edilirmi? Ölkəmizdə işsizlərə 190 manat yardım ayrıldı.

- İngiltərədə aztəminatlı ailələr dövlətdən pul alırlar, virusun yayılmasından asılı olmayaraq... Dövlətin göstərişinə əsasən işə getməyən insanlar da maaşını alacaqlar.

- Flora Kərimovadan uzaqda yaşayırsınız. Bu mərhələdə bir-birinizə görə narahat oldunuz. Flora xanıma nələri tövsiyə etdiniz?

- Flora xanıma evdə oturmağı məsləhət gördüm. Maşallah, Yaqut xanım o qədər qayğı, sevgiylə yanaşır ki. Hər ikisi üçün həm nigaran, həm də arxayın idim. Çünki onlar bir-birinin qayğısına çox qalırlar. İnanıram ki, bir-birilərini qoruyurlar. Bütün məsləhətlərə diqqətlə yanaşırlar. Əvvəl daha çox narahat idim, amma indi o qədər də narahatçılığım yoxdur.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər