Sabiq millət vəkili, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, mərhum Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanova əməkdar artist Bəhram Bağırzadənin İnstaqramda canlı yayımında qonaq olub.
Teleqraf.com xəbər verir ki, İradə Məmmədxanova həyat yoldaşı haqqında xatirələrini bölüşüb: "Mənim üçün çox maraqlı insan idi. Biz onunla hər şeyi bölüşürdük. Həyata baxışımız üst-üstə düşürdü. O, öz valideynlərinə minnətdar idi. Anarın həyat yolunda onların rolu böyük olub.
Deyə bilmərəm ki, həyatımın bütün günləri xoşbəxt keçib. Amma xoşbəxt günlərim çox olub. Anar mənə çox sürprizlər edib.
Bir dəfə evə 150 nəfər qonaq dəvət etmişdi. Mən bildim ki, bu sürpriz mənim doğum günüm üçündür. O zaman özümü ağlımı itirəcək qədər xoşbəxt hesab edirdim. İkinci xoşbəxt günlərimdən biri isə 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlıdır.
Həmin gün yolda polis məni saxladı və sənədlərimi tələb etdi. Mən uzaqdan birinin üzündə təbəssüm və böyük gül dəstəsi ilə mənə tərəf gəldiyini gördüm. Mənə yaxınlaşıb gülü həyat yoldaşımın göndərdiyini və 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik etdiyini dedi. Bu mənim ən xoşbəxt günlərim idi".
Qeyd edək ki, Anar Məmmədxanov və İradə Məmmədxanovanın üç övladı var.