12 May 2020 20:15
1 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Rafiq Əliyevin həyat yoldaşı, əməkdar artist Şəfəq Əliyeva Teleqraf.com-un suallarını cavablandırıb.

- Şəfəq xanım, koronavirusa yoluxmuşduz. Bunu necə bildiz?

- Oğlumla mənim yüksək temperaturumuz var idi, iki gün idi ki düşmürdü. Çox pis vəziyyətdə idik. Təcili yardıma zəng etdik. Gəldilər, analiz götürdülər və iki saatdan sonra dedilər ki, koronavirusa yoluxmusuz.

- Hazırda səhhətiniz necədir və xəstəxanadan nə zaman çıxmısız?

- Hazırda şükür allaha səhhətim normaldır, tam sağalmışam. Dörd gündür ki, xəstəxanadan çıxmışam.

- Ailə üzvlərinizdən ilk olaraq kimdə koronavirus aşkarlandı?

- Mən, qızım, oğlumun ailəsi, baldızlarım. Hamı birdən virusa yoluxdu.

- Həyat yoldaşınız Rafiq Əliyevin dəfnindən sonra koronavirusa yoluxduğunuzu bildiz?

- Dəfn mərasimində ola bilməz. Çünki virus insanın bədənində bir həftə, on gün yaşayır və sonra özünü büruzə verir. Belə tez ola bilməzdi. Aprelin 16-da onu dəfn etdik və həmin gecə hamımız xəstələndik.
Heç yerə getməmişdik. Sadəcə Rafiqə görə tibb işçiləri evə gəlirdilər. Özümüzü qoruyurduq, Rafiqə qulluq edirdik.

- Xəstəliyi necə keçirdiz?

- Mən çox ağır keçirdim. Elə xəstələr var ki, çox yüngül keçirirlər. Oksigen aparatına qoşulmuşdum. Həkimlər üzərimdə çox işlədilər, sağ olsunlar. Buna görə dövlətimizə, həkimlərimizin hər birinə minnətdaram. Bütün xəstələrə yüksək qulluq var idi.

- Xəstəxanada neçə gün qaldız?

- 18 gün Tədris Cərrahiyyə Klinikasında qaldım. Ayın 20-də xəstəxanaya yerləşdirildim və mayın 8-də çıxdım. Hazırda evdəyəm. Sistemlərdən əzələlər boşalıb. Bir az əzələlərim ağrayır. Evdə təkəm və karantindəyəm. Evimə heç kimə gəlib, gedə bilməz. Şükür hər şey yaxşıdı.

- Neçə gün karantində olacaqsız?

- İki həftə karantində olacam. Həkimlər tez-tez əlaqə saxlayırlar. Çox ciddi nəzarət edirlər.

- Qızınızın, digər ailə üzvləriniz səhhəti necədir, xəstəxanadan nə zaman buraxılacaqlar?

- Qızım da sağalıb. Bu gün, ya da sabah xəstəxanadan çıxmalıdır. O da mənimlə birgə Tədris Cərrahiyyə Klinikasında idi. Kiçik oğlumun ailəsi və baldızlarım da sağaldı. Onlar yüngül keçirdilər. Mənimlə qızım isə çox ağır keçirdik.

- Siz olan xəstəxanada koronavirusa yoluxanlar çox idi?

- Bizə palatadan çıxmağa icazə vermirdilər, amma xəstələrin çox olduğunu deyirdilər.

- Koronavirusa bir çox insan inanmır. Siz bu virusa yoluxduğunuzu bildikdə necə reaksiya verdiz?

- Heç təəccüblənmədim. İlk gündən bu virusa inanırdım. Bu qədər yalan olmaz axı... Qoy camaat inanmasın!. Nə qədər onları maarifləndirmək olar?! Bundan artıq nə edə bilərlər?! Mən canlı şahidəm, istəyirsiniz inanın, istəyirsiniz yox...

- Adi qripə oxşadırlar bu xəstəliyi. Əslində necədir?

- Çox ağırdır. Mən çox sağlam insanam, belə şey görməmişdim. 40 dərəcə temperaturum olurdu. Düşündüm ki, mən də gedirəm, axırımdır. Allah məni balalarıma, nəvələrimə bağışladı. Baş ağrısı və ürəkbulanma var idi. On gün heç nə yemədik, ancaq şirələr içirdik.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər