Müğənni Nurlan Əzizbəyli "Bizimləsən" verilişinə qonaq olub.
Teleqraf.com xəbər verir ki, acınacaqlı mənzildə yaşayan Nurlan Əzizbəyli kövrələrək yardım istəyib:
"Bu otağa heç cür girmək mümkün deyil. Ola bilər, məni qınayanlar da var. Amma nə deyim... İnanırsınız ki, artıq bıçaq sümüyə dirənib. Elə hallar olur, intihara cəhd etmək istəyirəm. Bunun başqa yolu yoxdur. Çünki dolayı yolla qazanan müğənni deyiləm. Ancaq sənətimlə qazanmışam və xalqıma qulluq etmişəm. Toyxana müğənniləri kimi qaz vurub, qazan dolduran müğənni deyiləm ki, yalandan çıxım efirdə ağlayım. Bunu mənliyimə, şəxsiyyətimə sığışdırmaram. Amma əlacsız qalmışam, çıxış yolu tapaq.
Burada yaşadığımız hər günümüz təhlükəlidir. Hər gün yuxudan oyanmağımıza şükür edirik. Hər dəqiqəmiz təklükədədir, ev atdığımız yerdə uça bilər. Çox xahiş edirəm, yardım eləsinlər, biz də bu vəziyyətdən çıxa bilək. Çox yerlərə müraciət etmişəm, amma nəticəsi olmayıb. Mən də təbii ki, ata, ailə başçısı olaraq ailəmi gözəl şəraitdə yaşatmaq istəmişəm. Maddi vəziyyətimiz çox çətindir və güclə yemək pulu tapırıq. Bəzi sənət dostlarım çox sağ olsunlar, əl tuturlar. Amma imkanlılar yox".
Müğənnin həyat yoldaşı isə bu sözləri deyib: "Bizim evdə hamam yoxdur. Qaynanam xəstə qadındır, şəkər xəstəliyindən əziyyət çəkir. Hər ay bacısı bir dəfə onu çimməyə aparır. Üç-dörd il əvvəl bu vəziyyəti üzə çıxarmamaq üçün Nurlan ürək xəstəliyi tapdı.
Bəlkə də məni qınayırdılar, amma heç vaxt həyatda sınan qadın olmamışam. Nurlan həssas olduğuna görə həmişə demişəm ki, səbr edək. Ailəmiz dağıla bilməz. Hər şey yaxşı olacaq. 20 ildə evdə yaşayaram. Şüşələr sınmasaydı, siçovullar uşağın üzərinə düşməsəydi bu gün burada olmazdım".