Sərt karantin rejimində səhnədən video paylaşdığına görə qınaq obyektinə çevrilən müğənni Kərim Abbasov od püskürüb.
Karantin qaydalarını pozduğu deyilən müğənni Teleqraf.com-a açıqlamasında situsiyaya aydınlıq gətirib.
Müğənni videoya "Dörd aydan sonra səhnəyə start verildi" şərhini belə izah edib: "Video köhnədir, məndə elə videolar çoxdur. Ona görə paylaşım etdim ki, bəlkə restoran sahibləri görüb şou-proqramlara dəvət etsinlər. Videoya isə ürəyim nə istəyir yazıram. Dörd aydır ki, evimə pul gəlmir. Mən də ailəmə pul aparmalıyam.
TƏBİB restoranların işləməsinə icazə verib. İnsanlar restoranlarda yemək yeyirlər, açıq havada oxuyaraq karantin qaydaları pozulur? Yalnız müğənni şou-proqramda oxusa virus yayılacaq?
Toy mərasimlərinə icazə yoxdursa, ən azı şou-proqramlarda çıxış etməyimizə şərait yaratsınlar.
Yeyib-içənlərə icazə verirlər, oxuyanlara yox. Yayı gözləyirdik ki, şou-proqramlar açılar və açıq-havada çıxış edib, pulumuzu qazanarıq.
Mən nə qədər Rusiyada yaşayan qardaşıma deyim ki, ailəmi saxlamaq üçün pul göndər? 40 yaşım var.
İki-üç gün əvvəl evimə ərzaq almaq üçün qızılımı satdım. Banka kredit borcum var, hər ay 2500 manat ödəyirəm. Dörd aydır ki, krediti ödəyə bilmirəm və faizlər yığılıb. Bankdan dünən də zəng etmişdilər ki, pulu ödəməlisən.
Mən neyləyim? Ailəmi necə dolandırım? Kimə ağız açım? Sosial şəbəkələrdə yazırlar ki, altınıza yığdığınızı xərcləyirsiniz. Üç-dörd müğənniyə görə elə bilirlər ki, pul yığmışıq. Avqustda məhərrəmlik ayı olacaq və deyilənə görə, ikinci dalğa gələcək. Nə nazir əmim, nə deputat dayım var. Fəhlə babanın uşaqlarıyıq".
Sənətçi karantindən əvvəl yazdırdığı mahnıya görə 12 min pul xərclədiyini qeyd edib: "Lotereya oynamışdım, bəs, indi lotereyanı nə ilə ödəyim? Kimə zəng edim ki, mənə borc pul versin? Yanvar və fevral aylarında da toy az olmuşdu, yığdığımı da xərclədim. Bizim də halımıza yanan olsun. Heç olmasa TƏBİB-ə müaciət edin ki, müğənni nə ilə dolansın? Bu gün populyar müğənni niyə qızılını satıb, evinə ərzaq almalıdır? Mənim vəziyyətim pisdir. Karantin rejimində hamı rayonlara axışdı. Karantin rejimi yalnız müğənnilərə aiddir?
TƏBİB restoranların fəaliyyətinə icazə veribsə, yalnız müğənnilər oxuyanda virus yayılacaq? Niyə bizim şou-proqramlarda, açıq havada çıxışımıza icazə verilmir? Mən dövlət işində işləmirəm, gəlir yerim yoxdur. Nə vaxta kimi evdə oturmalıyam?
Mən gözləyirəm ki, sərhəd açılsın, ailəmi valideynlərinin yanında qoyub, Rusiyaya gedim, restoranda işləyim. Ona görə ki, ailəmi saxlaya bilmirəm. Tutaq ki, on minlik qızılım var, satdım, yedim. Sonra nə yeyəcəm? Bir evim, bir maşınım var, biznesim yoxdur. Müğənninin açıq havada çıxışına icazə versinlər".
Müğənni onu da deyib ki, çıxış etdiyi məkanın sahibini polis bölməsinə çağırılıblar: "Məkanın sahibi polis bölməsinə çağırılıb. Dediyim kimi video köhnədir. Videoda da açıq görsənir ki, heç kəsin ağzında, bir-iki nəfərdə belə maska yoxdur".
Qeyd edək ki, Kərim Abbasovun İnstaqramda məkanların birindən paylaşıdığı video qalmaqala səbəb olub və ifaçının karantin rejimini pozduğu iddia edilib.