"Mən Amerikada yaşayıram. Bakıya gəlmişdim və yenidən apreldə oğlumun məktəbinə görə Amerikaya getməli idik. Karantin rejimi başladı, gedə bilmədik. Oğlumun 18 yaşı var. Amerikada yaşamaq ona daha xoş gəlir. Amma məni Vətən çəkir. Orada konsertlərim olurdu. Bir müddət sonra vətən üçün darıxmağa başladım".
Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Elza Seyidcahanın bacısı Rasimə Seyidcahan deyib.
O, karantin rejiminə görə həyat yoldaşından ayrı düşdüyünü bildirib: "Həyat yoldaşım Amerikadadır, mən və oğlum isə Bakıda. O, fotoqraf kimi fəaliyyət göstərir".
Rasimə Seyidcahan bacısı Elza Seyidcahandan da danışıb: "Biz Elza xanımla konservatoriyada bir yerdə oxumuşuq. Arada deyirlər ki, Elza Seyidcahanın tərzini oğurlayırsan. Tərzini yox, hərdən vəhdət təşkil etmək istəyirəm, eyni paltar geyinirik. Səs tembrimiz fərqlidir, geyim tərzimiz başqadır. Moda aləmində də belədir, gül kimininsə əlində, kimininisə başında olur. Ajiotaj yaradanda səs-küy çox olur.
Mən bir az boş paltarlar geyinirəm, çünki artıq çəki almışam. Elza Seyidcahanın geyim tərzini bəyənirəm.
Biz dörd bacıyıq, üç bacı ata tərəfə, Elza isə həm ana, həm ata tərəfə oxşayır. Elza çox çılğın insandır. Həyata həmişə çılğın gözlə baxır. Həmişə onda yaratmaq, oxumaq eşqi var. İş prosesində kiçik anlaşılmazlıqlar olur. Mən razılaşmayanda, görürsən, araya söz-söhbət düşür".
Rasimə Seyidcahan karantin rejimində insanları pozitiv olmağa səsləyib: "Bir xalq kimi özümüzü və ailəmizi qorumalıyıq, dua etməliyik. Bədbin olmamalıyıq. İnsanda əhval-ruhiyyə yaxşı olanda çətin hadisələrdən asan keçir".
Foto: Pərviz Həşimi