Xalq artisti Zülfiyyə Xanbabeyeva koronavirus pandemiyasından danışıb və virusun mövcudluğuna inanmayan insanları məsuliyyətli olmağa çağırıb.
Xalq artisti Teleqraf.com-a açıqlamasında bildirib ki, hər kəs gigiyenaya diqqət etməli, tibbi maska taxmalıdır.
"Mütləq maska taxmaq lazımdır, amma təəssüf ki, bunun ciddiyyətinə varmayan insanlara da rast gəlinir. Dönə-dönə tövsiyə edirəm ki, maska taxın, sosial məsafəni qoruyun. Özüm virusa yoluxanların şahidi olmuşam.
Hər insan özü-özünü qorumalıdır. Allah bizə şüur verib. Gəlin, məntiqlə hərəkət edək. Virus var və buna inanmaq lazımdır", - deyə o söyləyib.
Xalq artisti karantin rejimini necə keçirməsindən də söz açıb: "Darıxıb neynəyəcəyik? Mən də evdə darıxıram, ancaq artıq darıxmaqdan keçib. Özümüzə toxtaqlıq verməliyik. Allaha sığınıb dualar edək ki, xəstələrimiz olmasın. Nə qədər virusa yoluxmalar var. Mən "kapriz" göstərib, deyim ki, darıxıram, yox, çevrəmdə nə qədər virusa yoluxan insanlar var.
Başına gələn başmaqçı olar. Amma gəlin gözləməyək ki, hadisə başımıza gəlsin və virusun mövcudluğuna inanaq. Biri deyir virus var, biri deyir yoxdur. Bu infeksiyaya laqeyd yanaşsaq və ciddi qəbul etməsək ölümə səbəb ola bilərik".
Zülfiyyə Xanbabayeva koronavirusa yoluxan və hazırda Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilən əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti barədə də məlumat verib: "Ortaq dostlarımızdan Bəhram Bağırzadənin səhhəti ilə bağlı tez-tez maraqlanıram. Şükür, səhhətində bir balaca irəliləyiş var. Bəhramın simasında Allah bütün xəstələrə şəfa versin".