ABŞ-da yaşayan keçmiş teleaparıcı Günel Musəvi dünyanın müxtəlif ölkələrində soydaşlarımızın keçirdiyi aksiya ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Qısa müsahibəni təqdim edirik:
- Azərbaycan-Ermənistan sərhədi istiqamətindəki Tovuz döyüşlərində şəhidlərimiz oldu. Buna görə dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da ermənilərin təxribatına cavab olaraq aksiya keçirildi. Ümumiyətlə, baş verən prosesləri izləyirsinizmi?
- Təbii ki, Tovuzda baş verənləri izləyirəm. Bunu görməmək, ya da görməzdən gəlmək qeyri-mümkündür.
- Ermənilər ABŞ-da Azərbaycanın Baş Konsulluğuna hücum etdilər. Bu haqda sosial şəbəkədə siz də paylaşım eləmisiz. Özünüz aksiyaya qoşulmuşduzmu?
- Konsulluğa hücum Kaliforniya ştatının Los-Anceles şəhərində baş verib. Mən isə Minnesota ştatında yaşayıram. İştirak etmək üçün orada olmağım gərək idi.
- Mitinqdə iştirak edən azərbaycanlıların sayı çox deyildi, xeyli soydaşlarımız aksiyadan xəbərsiz qalmışdılar. Ermənilərsə soydaşlarımıza hücum etdilər, onlara buzlu butulkalar atdılar. Zədələnənlər də oldu. Bu haqda nə deyə bilərsiniz?
- ABŞ-da ermənilərin ən sıx yaşadığı şəhər məhz Los-Ancelesdir. Bu şəhərdə yarım milyondan çox erməni məskunlaşıb. Buna baxmayaraq bizimkilər aksiya keçiriblər. Hesabla düşünün ki, bizim millət 20-30 nəfər yığıb, Yerevana protest etməyə gedib. Yəni təhlükəli addım idi, eyni zamanda çox cəsur hərəkət idi.
Aksiyada ermənilərin sayı o qədər çox idi ki, polis belə onların qarşısını ala bilmədi. Nəticədə ermənilər vandal hərəkətlərlə aksiyada iştirak edənlərə xəsarət yetirdilər.
- Ermənilərlə informasiya savaşında ən effektiv üsul kimi nəyi vacib sayırsınız?
- Məncə, ən effektiv savaş üsulu birləşib nəyin bahasına olur-olsun ABŞ dövlətinə həqiqəti çatdırmaqdır. Bunun üçün hər cür üsuldan istifadə etmək lazımdır.