Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Daxildəki ada” tammetrajlı bədii filmi Sarajevo Film Festivalının əsas müsabiqə proqramına daxil edilib.
Teleqraf.com xəbər verir ki, filmin müəllifi və rejissoru Rüfət Həsənovdur.
Ekran işi Sarajevo Film Festivalının əsas müsabiqə proqramına seçilən ilk tammetrajlı Azərbaycan bədii filmidir.
14-21 avqust tarixlərində keçiriləcək 26-cı Sarajevo Film Festivalının jüri prezidenti “Oskar” mükafatlı “Artist” filminin rejissoru Mişel Hazanaviçiusdur.
Festivalın əsas proqramının jüri heyətinə həmçinin Berlin Film Festivalının bədii rəhbəri Karlo Şatrian, aktrisa Yadranka Dokiç, rejissor Srdan Qoluboviç və Morelia Film Festivalının layihə rəhbəri Andrea Stavenhagen daxildirlər.
Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Daxildəki ada” tammetrajlı bədii filmi “Azərbaycanfilm”, “Debüt” film studiyası, “Arizona Productions”, “Coyote Cinema” və “Mandarin Agency”-nin birgə istehsalıdır. Filmin post-prodakşn dəstəyi CNC-Fransa Dövlət Kino və Animasiya Mərkəzi və Baku Media Mərkəzinə, media dəstəyi isə İctimai Televiziyaya aiddi
Baş qəhrəman Seymur Tahirbəyov dünyanın qabaqcıl şahmat qrossmeysterlərindən biridir. Karyerasının ən önəmli oyunundan bir neçə həftə öncə özünü kəşf etmək məqsədilə yalnız bir nəfər sakini olan adaya yola düşür.
Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssamı Elturan Məmmədov, bəstəkarları Katya Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ağabalayev, icraçı prodüseri Nadir Əliyevdir.
Baş rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.