Tanınmmış şairə və bəstəkar Xanım İsmayılqızı Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisində şiddətli döyüşlərdə şəhid olan general-mayor Polad Həşimova şeir ithaf edib.
Teleqraf.com xəbər verir ki, şairə şeiri sosial şəbəkədə paylaşıb.
Şeiri təqdim edirik:
Təkcə Vətən üçün çırpındı hər an,
Sinənin altında o böyük ürək.
Polad kimi möhkəm iradən ilə,
Öz ölkəni sevdin son qanınadək.
Əsgər şərəfinlə ömür yaşadın,
Əfsanəyə dönən müqəddəs Adam.
Öncə Vətən, torpağ, haqq və sədaqət -
Belə yaratmışdı səni Yaradan.
Qalxıbdır ayağa bütün Oğullar,
Əsgərlər də hücum əmrinə hazır.
Elə bir iz qoydun özündən sonra,
Hər bir kəs adını ömrünə yazır.
Sən bir Türk Oğlusan, Azərbaycanın
Əzmini tarixə adınla yazdın.
Cəbhədə, səngərdə haqqın səsini,
Dünyaya ruhunla, odunla yazdın.
Həm ata, həm ana, həm qardaş, həm dost,
Həm də övlad idi sənə bu torpağ.
Döyüş meydanında son nəfəsədək
Üsyanın, harayın oldu - Qarabağ.
Sevdiyin torpağın qucağındasan,
Güllələr altından mərdliklə keçdin.
Canında bayrağın, nəfəsdə Vətən,
Yurdu ucaltmaqçün ölümü seçdin.
Əllərdədir silah, ruhun bizimlə,
Düşmən bayrağını endirəcəyik.
Qələbə müjdəli xoş xəbərləri
Sənə də hədiyyə göndərəcəyik.
Sən əsl Oğulsan, unudulmazsan,
Belə cəsurlardır qürur yerimiz.
Qəhrəmanlar ölmür, məkan dəyişir,
Səni yaşadacaq bizim sevgimiz.
Qoy dünya eşitsin, Polad gücündə
Ürəklilər qurban olmağa hazır.
Vətənin Poladtək Oğulları var,
Hər qarış torpağı almağa hazır.
Bizim fəxrimizsən, Cənab General,
Mərdlik, vətəndaşlıq, yurd yolu oldun.
Elə zirvədəsən, elə yerdəsən,
Bütün anaların öz Oğlu oldun.