19 Avqust 2020 09:14
2 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda ölkəmizdə pandemiyaya görə toy mərasimlərinin keçirilməsi qadağandır.

Teleqraf.com məşhurlara "Pandemiyadan sonra toy mərasimlərinin açıq havada, az sayda qonaqla keçirilməsinə icazə verilərsə, bunu necə qarşılayarsınız?" və "Bir çox məşhur maddi sıxıntı yaşadığını desə də, Türkiyəyə istirahətə yollanıb. Buna münasinətiniz necədir?" sualları ilə müraciət edib.

Sorğunu təqdim edirik:

Əməkdar artist Abbas Bağırov:

"Bu adət-ənənə illərdən bəri davam edir. Elə ailələr var ki, onların yaxın qohumları çoxdur. Başqa ölkələrdə də toy mərasimlərində olmuşam. Məsələn, Avropada 40-50 nəfər, Türkiyədə 60-100 nəfər, bizdə isə 250-2000-ə yaxın qonaq iştirak edir. Amma son beş ildə getdiyim toylarda ən çox 350-400, ondan öncə isə 700-900 nəfər qonaq olub.

Mən öz toy mərasimimdə belə 200 nəfərə yaxın qonaq dəvət etmişdim. Ümumiyyətlə, israfçılığa çox yol verilir. Yeməklərin süfrədə qalması yolverilməzdir. Amma bəzi insanlar var ki, qohumları, dostları çoxdur. Və çox sayda toy mərasimlərində iştirak edirlər. Normal olaraq da həmin məbləği geri qaytarmaq istəyirlər. Təbii ki, mövcud vəziyyəti nəzərə almaq lazımdır. Hansı qanunu icra etsələr, tabe olmalıyıq. Qanun hamı üçündür. İnsanların sağlamlığını düşünməliyik. Açıq havada 70-100-150 nəfərlik toy mərasimi təşkil etmək mümkündür. Onu da deyim ki, evlənmək istəyənlərin sayı hədsiz dərəcədə çoxalıb. Rəsmi nikah bağlayanlar çoxdur. Məndən də toy mərasimlərini soruşurlar".

Əməkdar artist maddi vəziyyətində də söz açıb:

"Çətinlik var və bu vəziyyətdən çıxmağa çalışırıq. Toy olan vaxtlardan topladığım vəsaiti xərcləyirəm. Müəyyən vaxta qədər idarə etsin deyə qənaətlə istifadə edirəm. Hazırda sosial şəbəkədə reklamlardan gəlir əldə edirəm. Reklamlardan əldə etdiyim məbləği açıqlaya bilmərəm".

Abbas Bağırov pandemiyadan şikayət edən məşhurların Türkiyəyə getməsinə də münasibət bildirib:

"Həmkarlarımın Türkiyəyə getməsi haqda heç nə deyə bilmərəm. Başqalarının fikrinə müdaxilə etməyə ixtiyarım yoxdur. Rayonlarımızda da çox gözəl, gəzməli yerlər var. Amma bəzilərində qiymət çox yüksəkdir. İnsanların bugünkü durumunu nəzərə almaq lazımdır. Xüsusilə də çimərliklərə diqqət etmək lazımdır. Bəzi çimərliklərə giriş pulsuzdur, amma oradakı avadanlıqları yüksək qiymətə verirlər. Əməkdar artist onu da deyib ki, pandemiyadan sonra toy qiymətini qaldırmağı düşünmür".

Müğənni Xatirə İslam:

"Qanun hamı üçün qanundur. Toy mərasimləri nə zaman olacaqsa olacaq. Əsas insanların sağlamlığıdır. Pandemiyadan sonra toy qiymətini qaldırmağı düşünmürəm".

Müğənni Manaf Ağayev:

"İnanmıram ki, insanlar 70-100 nəfər qonaqla toy etsinlər. Bu heç cür alınan deyil. Toy mərasimlərimizdə daim 500-1000 nəfər olub. Amma pandemiyadan sonra hansı qanun qəbul edilərsə, təbii ki, tabe olacağıq. Dövlət nə deyir odur. Pandemiyadan sonra insanların toy mərasiminə gəlməsinə isə nə isə demək çətindir. Amma onsuz da şəhərdə oluruq və hamı bir yerdədir. Təbii ki, sosial məsafəni gözləyərlər".

Manaf Ağayev həmkarlarının Türkiyəyə istirahətə yollanması haqda isə bunları deyib:

"Kimin imkanı varsa, getsin. Nə deyə bilərəm ki... Amma bizdə həmişə pulu olan da şikayətlənib, olmayan da. Onu da deyim ki, pandemiyadan sonra toy qiymətini qaldırmağı düşünmürəm. Camaat altı aydır ki, işləmir".

Müğənni Nadir Qafarzadə:

"Hər zaman açıq havada toy mərasimləri olub. 10 il əvvəl də açıq havada toylar oxumuşam. Türkiyədə də açıq havada təşkil edilən toy mərasimlərində iştirak etmişəm. Şəmkirdə, Qubada və s. çox rayonlarımızda da açıq havada toy mərasimləri baş tutub. Əslində, açıq havada toy mərasimi gözəl və romantik olur. Kondisionerə qənaət edilir. Onu da deyim ki, fərqi yoxdur, toy mərasiminin açıq yoxsa qapalı havada olması təki subayların, nişanlı qız və oğlanların arzuları yerinə yetsin.

Neçə nəfərdən asılı olaraq fərqi yoxdur, düşünürəm ki, əgər virus varsa, çox sayda da, az sayda da olsa, insanlar yoluxacaqlar. Ona görə düşünürəm ki, camaatı buraxsınlar, toy-bayram, şənlik etsinlər. Bu millət yazıqdır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər