15 Sentyabr 2020 14:01
2 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün doğum gününü qeyd edən Xalq artisti Brilliant Dadaşova Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Brilliant xanım,özəl gününüzü necə qeyd edəcəksiniz?

- Gecədən çoxlu zəng və mesajlar gəlməyə başlayıb. Hələ mesajlara cavab verə bilməmişəm. Dostlar çox sağ olsunlar. Sevgiylə, məhəbbətlə əhatə olunmaq gözəl hissdir. Dostlarım, rəfiqələrim öz evlərində süfrə açıblar və hamısı məni gözləyirlər. Amma doğum günümü evimdə, həyətimizdə öz ailəmizlə qeyd edəcəyik. Bacılarıma demişəm ki, kim gəlir, öz yeməyini gətirsin (gülür).

Bacım pomidor, badımcan, bibər dolması, biri də plov hazırlayıb. Deyirəm ki, plov kilo artırır. Yemək gətirəcəklər, evdə oturub yeyəcəyik. Bu da oldu mənim doğum günüm...

- Doğum gününüzdə özünüz üçün xüsusi yemək hazırlamırsınız?..

- Ümumiyyətlə, mən heç nə hazırlamıram. Yemək üçün yaşayan insan deyiləm. Mənim yemək məsələsini fikirləşməyə vaxtım olmur. İntellekt səviyyəsi az olanlara musiqi asan gəlir. Amma musiqi asan deyil, orada çox nüanslar var, məşqlərdən tutmuş yeni fikirlərə qədər... Yeni nə isə icad etmək, dünəni təkrar etməmək lazımdır. Bunlar hamısı çox böyük dərəcədə enerji və vaxt tələb edir.

Ona görə də mənim yemək bişirməyə vaxtım qalmır. Hamıya məsləhət görürəm ki, səhər yeməyindən sonra günorta evdə çəkilmiş ət varsa, qovursunlar. Ət yoxdursa pomidor, badımcan mövsümüdür və saat dörddən-beşdən sonra isə heç nə yeməsinlər. Bu, mənim hər zamankı məsləhətimdir.

Bacılarıma da demişəm ki, saat ikidə-üçdə gəlin, çünki axşam idman edəcəm. Süfrə arxasında birlikdə böyük ailə olaraq yığışacağıq, saat dörddə-beşdə də dağılışacağıq. Hər zaman idman edirəm. Hamıya da idman etməyi məsləhət görürəm.

- Özəl gününüzdə hansı hissləri keçirirsiniz? Yaş artdıqca doğum gününü sevməyən insanlar var...

- Evin son beşiyi olmuşam və heç vaxt ad günümü qeyd etməyiblər. Necə deyərlər, mən artıq buna alışmışam. Bacılarım üçün çox gözəl hədiyyələr alınırdı, ad günü keçirilirdi. Onların ad gününə Sara Qədimova, Mirzə Babayev, Şövkət Ələkbərova, Məlik Dadaşov gəlirdi. Mənim ad günüm qıraqda qalırdı və gəlinciklə başımı aldadırdılar.

Ona görə də doğum günümü keçirməyə öyrəşməmişəm. Mən balaca olanda atam rəfiqələrimin evinə getməyə icazə vermirdi. Ona deyirdim ki, niyə icazə vermirsən? Cavab verirdi ki, sonra öyrəşərsən və evdə oturmaq istəməzsən. İnsan necə öyrəşirsə elə də davam edir. Mən də doğum günümü qeyd etməməyə öyrəşmişəm və qeyd etmirəm də.

Amma ötən il dostlarım restoranda yığışdılar, mən də ora getdim. Çünki getməmək ayıb olardı. Mənim ad günüm bir gün deyil, həftə ilə davam edir. Evə qonaqlar gələcək, mənim üçün aş süzəcəklər.

- İlk təbriki kimdən almısınız?

- Gecə oğlum məni qucaqladı və təbrik etdi. Həyat yoldaşım isə telefon hədiyyə etdi, çünki telefonum çox köhnə idi. Abbas Bağırov zəng vurdu. İlk təbrik qarmon ifaçısı Orxan Mirzəyevdən gəldi. Səhərdən telefonuma çoxlu zəng və mesajlar gəlir. Mesajları isə vaxt tapdıqca cavablandıracam.

- Ən böyük arzunuz?..

- Hazırda ən böyük arzum oğlumu evləndirməkdir. Onun dörd yaşı tamam olandan evləndirmək istəyirəm. İndiyə qədər hələ bu arzumu yerinə yetirmir. Onun dörd yaşı olandan qızlara baxıram. Hələ də bu, davam edir...

Amma onun özünün və qızın qarşılıqlı istəyi olsun, əks yarısını tapsın. Mənim arzum oğlumun evlənməsidir. Bütün balalar xoşbəxt olsunlar.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər