16 Sentyabr 2020 10:52
7 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktrisası, tele-aparıcı Ülviyyə Əliyeva Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Sərt karantin dövrünü necə keçirdiz, sənətiniz üçün çoxmu darıxırdınız?

- Mən Azərbaycan Dövlət Akademik Musiqili Teatrla yanaşı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında da çalışıram. Şükürlər olsun ki, teatrlardan biri fəaliyyətə başladı. Kukla Teatrında aktyorlar arasında ünsiyyət yoxdur və kuklalarla işləyirik. Hazırda "Qızıl balıq" tamaşası üzərində çalışırıq, orada Nənə obrazını canlandırıram.

Televiziya, serial və filmlərin öz yeri var, teatr mənim üçün başqadır. Teatrda canlı ünsiyyət olduğu üçün sanki həyatımın bir parçasıdır. Yaxın vaxta qədər elə bilirdim ki, sudan çıxmış balığam və susuz qalmışam.

Həyat yoldaşım Rusiya vətəndaşıdır, o da orada qalıb. Karantin zamanı belə durumla üzləşdik.

- Həyat yoldaşınız nə zamandan Rusiyadadır?

- Yanvarda getmişdi, Novruz bayramına gəlməli idi. İl ərzində işlə bağlı iki dəfə bir-iki aylıq Rusiyaya gedir. Novruz bayramı ərəfəsində isə gələsiydi, amma pandemiyaya görə sərhəd bağlandı. Bu da mənə çox pis təsir etdi və sarsıtdı.

Demirəm ki, indi sakitləşmişəm, yenə də həyəcan, stress keçirirəm. Getdikcə daha da çətinləşir, çünki bilmirsən sərhəd nə vaxt açılacaq... Yavaş-yavaş Azərbaycan vətəndaşları gətirilir, yəqin Rusiya vətəndaşlarını da gətirərlər.

Bilirəm, tək mən deyiləm. Mənim kimi çox qadınlar var ki, həyat yoldaşları Rusiyada və başqa ölkələrdə qalıb. İnşallah, yaxşı olar... Həyat yoldaşım artıq doqquz aydır Rusiyadadır. Onunla tez-tez danışırıq, 24 saat "votsap"da yazışırıq. Deyirəm, nə yaxşı "votsap" var. Həyat yoldaşıma daha çətindir, çünki mənim yanımda anam, qardaşım, baldızım, qayınlarım var. Mənə deyir ki, subay idim, darıxmaq mənə yad idi. Doqquz ayımızı itirdik, bu da ömrümüzdən gedir.

Xoşbəxt yuvamız var. İnsan xoşbəxt olmasa düşünər ki, gedib, başım sakitdir, pulumu göndərsin, bəsimdir. Biri də var, bu insanla xoşbəxtsən və bunun doqquz ayını itirirsən. İnsan onlayn nə qədər danışar?!

- Həyat yoldaşınızın övladı Rusiyada, yoxsa Azərbaycanda yaşayır?

- Həyat yoldaşımın bir qızı var, Bakıda yaşayır. Orada ailə üzvlərimizdən heç kim yoxdur. Əlbəttə, Rusiyada yaxşı dostları, iş-gücü var, başı qarışır.

- Bu müddət ərzində həyat yoldaşınızla bir-birinizə necə dəstək olursunuz?

- Ona ən çox mən dəstək göstərirəm. Bir Azərbaycan xanımı kimi həyat yoldaşıma mənəvi dəstək olmalıyam. Artıq axşamdan sabah edəcəyim işlərin hesabatını verirəm, sabah filan yerə gedəcəm və sair. Sentyabrın 9-da onun, 15-də isə mənim doğum günüm idi. Ona Muxtarov soyadı ilə müraciət edirəm.

Neçə ildir ki, ad gününü mənimlə birlikdə qeyd edir. Ötən il sentyabrın 14-dən 15-nə keçən gecə saat 3-də özünü çatdırmışdı. İndi deyir ki, sərhəd açıq olsaydı, bir saata gələrdim. İki dəfə Mahaçqalaya qədər gəlib, amma sərhədi keçə bilməyib. Mən də həyəcanla yemək hazırlamışam ki, gələcək.

Deyim ki, pandemiyada maddi tərəfdən sıxıntım olub, yox. Çox şükür, teatrda işləyirəm, hər ay maaşımızı verirlər. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı qismət olsa oktyabrın 1-dən fəaliyyətə başlamalıdır. Görək vəziyyət necə olacaq.

- Kukla Teatrına gedişiniz necə oldu?

- Bir müddət əvvəl tez-tez xeyriyyə tədbirlərində iştirak edirdim. Ən çox Milli Onkologiya Mərkəzinin uşaq şöbəsinə gedirdim. Bir-iki dəfə Azərbaycan Dövlət Kukla Teatrının "Oyuq" teatr studiyasına yolumuz düşdü, studiyanın rəhbəri Səidə Haqverdiyeva sağ olsun, şərait yaratdı. Sonra gördüm ki, xəstə uşaqlar sağlam uşaqları görüb, rəqs etmək istəyirlər, amma kimyaterapiyaya görə bunu edə bilmirlər.

Əməkdar artist Rəhman Əliyev sağ olsun, iki dəfə kukla tamaşası ilə gəldi. Gördüm, uşaqların tamaşaya marağı çoxdur. Sonra teatrın direktoru Rəşad Əhmədzadədən xahiş etdim ki, öz büdcəmdən mini tamaşa hazırlayım və istədiyim zaman təqdim edim. Dedi ki, biz öz büdcəmizdən tamaşa hazırlayaq, həm də teatrda oynayarsan. Sağ olsun elə də oldu.

Kukla Teatrında "Şəngülüm, Şüngülüm" tamaşası hazırlandı. Teatr tarixində ilk dəfə "kuklaç"ı olmayan bir aktyor kukla tamaşasında monotamaşa göstərir. Kuklaların səslənməsini, onları oynatmağı və mahnıları da özüm ifa edirəm.

- Deyirlər, sənət qurban tələb edir. Şablon səslənsə də, sənət sizdən nəyi alıb?

- Sənət qurban deyil, sevgi tələb edir. Sənət məndən heç nə almayıb, əksinə nə isə verib. Mənim çətin günlərimdə xilaskarım olub, depressiyadan çıxarıb. Məni həyatımın ən çətin məqamlarında xilas edib.

- Ülviyyə xanım, ikinci dəfə ailə qurdunuz. Ana olmağı düşünürsünüzmü?

- Özümü tanıyandan ana olmaq istəmişəm. Uşaqları həddən artıq çox sevirəm. Hərdən deyirəm ki, insan bir şeyi çox istəməməlidir. Həyatımda heç nəyə asan nail olmamışam. Qismət Allahdan...

- İnsan hər yaşda sevə bilər?

- Əlbəttə. Hərdən deyirəm ki, yaşadıqlarım olmasaydı, bu gün əlimdə olanların qədrini bilməzdim. Bizim ailədə ilk növbədə hörmətdir, bununla yanaşı sevgi, güvən də var. Ailə yalnız sevgi üzərində qurulmur. Hörmət və güvən də olmalıdır, xüsusilə hörmət...

- Yeni mövsümdə ARB kanalında yayımlanan "Hüseynova bacıları" davam edəcəkmi?

- Bəli, davam edəcək. Verilişin formatında bir az dəyişikliklər olacaq. Hazırlıqlar davam edir və çox maraqlı rubrikalar üzərində işləyirik.

- Sizi "Keyxanım" kimi təqdim edəndə xoşunuza gəlmir. Bu obrazın tanınması sizin uğurunuz deyilmi?

- Xəbər portallarında başlıqlarda məni "Keyxanım" kimi təqdim edirlər. Bu obraz mənim uğurumdur, amma yalnız Keyxanımla tanınmamışam. “Hərənin öz payı, öz tayı” filmində Çiçək obrazı da çox tanınmışdı. Çox şükürlər olsun ki, obrazlarım az deyil.

Ülviyyə Əliyeva kimi tanınmasaydım, Keyxanım kimi təqdim edərdilər. Axı, Ülviyyə Əliyeva kimi də tanınıram, şəklim də yayımlanır. Fotonu görən kimi insanlar tanıyacaqlar.

- Niyə son zamanlar seriallara çəkilmirsiniz? Sizi daim Dilarə Əliyeva və Tünzalə Əliyeva ilə birlikdə görmüşük. Ümumiyyətlə, ayrı seriala çəkilsəniz, necə bir obraz canlandırarsınız?

- Adətən, seriallarda evdə qalmış, eybəcər obrazlar canlandırıram (gülür). Rejissor məni belə görür. Teatrda mənim obrazlarım rəngarəndir, həm dramatik, həm də komediya janrında oynayıram. Serialda sadə Azərbaycan qadınını, ana obrazını oynamaq istəyərəm.

- Sizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrında baş rollarda görmək istəyərik...

- Akademik Musiqili Teatrda Afaq Bəşirqızının oynadığı "Mən dəyərəm min cavana" tamaşasında Güldəstə obrazını canlandırdım. Bu obrazı mənə Afaq xanımın özü həvalə etdi. Tamaşada İlham Namiq Kamal, Əkbər Əlizadə də oynadı və çox gözəl tamaşa alındı. Bu tamaşa çox sevilirdi, mənim gəlişimlə sanki yeni bir nəfəs verildi.

Hətta bu tamaşaya görə iki il teatrda mükafata layiq görüldüm. İstənilən obrazı çox peşəkarlıqla təqdim etməyə çalışıram. 1998-ci ildən teatrda işləyirəm.

- 22 ildir teatrdasız. Fəxri adınız yoxdur, amma bir çox insanlar sizi Əməkdar artist kimi tanıyırlar.

- Əsas odur ki, xalqın sevgisini qazanasan. Mən sevdiyim sənətlə məşğulam. Oynadığım serial və filmlərim də uğurlu alınıb. Teatra gəlincə, "Arşın mal alan" tamaşasında Telli, "Solğun sevgilər"də Gülnisə obrazını canlandırıram. Bundan başqa yetərincə baş rollar oynamışam. Hər şeyin vaxtı-zamanı var...

- "Hüseynova bacıları" verilişini Xuraman Əlizadə ilə birlikdə aparırsınız. Bu, Tünzalə Əliyeva ilə münasibətinizə təsir etdimi?

- Xuraman Əlizadə ilə "Hüseynova bacıları" verilişinə başlayanda məni çoxları qınayırdı. Həyat televiziya ilə bitmir. Tünzalə Əliyeva və Dilarə Əliyeva ən pis günlərimin yoldaşları olublar. Ağlayan-sızıldayan vaxtlarımda təsəlli veriblər.

Xuraman Əlizadə ilə veriliş aparıramsa, Tünzalə Əliyeva ilə küsülüyəm fikrini formalaşdırmaq doğru deyil. Tünzalə xanım da mənimlə eyni fikirdədir. Xuraman Əlizadə isə mənim canım-ciyərimdir.

Tünzalə Əliyevanın yeni layihəsi olacaq. Eyni kanalda işləyəcəyik, xeyirli-uğurlu olsun. Mövsümün son verilişində qonağımız Tünzalə Əliyeva olmuşdu. Dedim ki, baxın, biz küsülü deyilik..

Foto: Ceyhun Rəhimov


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər