Xalq artisti Faiq Ağayev Teleqraf.com-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Faiq müəllim, cəbhə bölgəsində baş verən hadisələri necə dəyərləndirirsiniz?
- Böyük səadətdir ki, onilliklə gözlədiyimiz məsələnin əməli həlli həyata keçirilir. Digər tərəfdən itkilər veririk. Ermənilərin hücumu nətcəsində mülki əhalı həlak olur. Buna nə vaxta qədər dözməli idik?!
Hamı indi Ali Baş Komandanımızın ətrafına toplaşıb. Xalqımız cənab prezidentimiz İlham Əliyev, əsgərlərimiz və ordumuzun yanındadır.
- Qardaş ölkə Türkiyənin Azərbaycana dəstəyini necə qiymətləndirirsiniz?
- Azərbaycan hər zaman ədalətin və haqqın tərəfindədir. O ki qaldı qardaş Türkiyəyə, təbii ki, gözlədiyimiz dəstəyi göstərdilər. Bizə dəstək göstərən bütün ölkələrə, o cümlədən İsrail, Pakistan, Ukraynaya da bir azərbaycanlı olaraq təşəkkür edirəm.
- Şəhid ailələrinə nə demək istərdiniz?
- Hər bir azərbaycanlı üçün Vətən uğrunda şəhid olmaq böyük səadətdir. Şəhidlərimizin ailə üzvlərinə Allahdan səbr diləriyəm. Belə bir deyim var: "Bir ölüm min dirilər üçündür". Bilsinlər ki, Azərbaycanın oğullarının qanı yerdə qalmayacaq. Azərbaycan dövləti, xalqı, ordusu onların yanındadır. Belə bir vəziyyətdə isə onlara "Nə yaxşı belə övladlar böyütdünüz, var olun!" demək və qarşılarında baş əymək istəyirəm.
- Yeddi kəndimiz işğaldan azad edildi, Murov zirvəsini və Talış istiqamətində bir sıra yüksəklikləri geri aldıq. Mövcud prosesin davamını necə təsəvvür edirsiniz?
- Mən hərbi ekspert deyiləm. Amma xalq və dövlətin böyük inamı var ki, bu savaşımız qələbə ilə bitəcək. Bunu hamımız dəqiq bilirik və indi təkrar etmək yerinə düşər - biz yalnız Ermənistan dövləti ilə mübarizə aparmırıq. Biz ilk növbədə Ermənistanın havadarları ilə mübarizə aparırıq. Biz öz torpağımızdayıq və cənab prezident İlham Əliyevin dediyi kimi, bizim milli ordumuz əzəli Azərbaycan torpaqlarındadırlar.
Qeyd etdiyim kimi, hamımız açıq-aydın bilirik ki, biz təkcə Ermənistanla mübarizə aparmırıq. Onların arxasında hansı ölkələr durur, silah-sursatla təmin edir, məlumdur.
Allah Azərbaycan ordusunun yar və yardımçısı olsun. Ali Baş Komandanımız, sizinləyik! İnşallah, Şuşada görüşərik və mən orada ayaqyalın konsert verəcəm!