22 Oktyabr 2020 15:07
4 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımova Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Aybəniz xanım, Zəngilan da daxil olmaqla üç rayonumuz işğaldan azad edildi. Təəssüratınız necədir?

- Hamının göz aydın olsun! O gün olsun ki, işğaldakı digər rayonlarımız da azadlığa qovuşsun. Təsəvvür edə bilməzsiniz ki, nə qədər sevinirəm, fərəh duyuram. Allah prezidentimizə can sağlığı versin, bizim rəşadətli ordumuzu və xalqımızı qorusun. Mən torpaqlarımızın azad olacağına həmişə inanmışam. Nə xoş bizə ki, bu günü görə bildik.

Ordumuza minnətdaram, əsgərlərimizin qarşısında baş əyirəm. Ali Baş Komandamıza bizə bu günü yaşatdığına görə təşəkkür edirəm. Mən hər çıxışımın sonunda bu arzumu dilə gətirirdim. Uzun illər əvvəl demişdim, gün gələcək Cıdır düzündə plov dəmləyəcəm. Allaha çox şükür, o günə çox az qalıb. Bu günə qədər Allah möhlət verdi, yaşadımsa, plov dəmləməyi də Allah mənə qismət edəcək.

- Qarabağda hansı vətənpərvər mahnınızı ifa edəcəksiniz?

- Cıdır düzündə "Sarı bülbül" mahnısını oxuyacam. Səhnəyə bu mahnı ilə gəlmişəm.

- Qələbə xəbərlərindən sonra şəhid həyat yoldaşınız Xalid Quliyevin məzarını ziyarət etdinizmi?

- Müharibə başlayanda həyat yoldaşımın məzarını ziyarət etdim. Ona göz aydınlığı verdim ki, igid oğullarımız, sizin davamçılarınız Ali Baş Komandanın rəhbərliyi ilə yarım qalan arzunuzu həyata keçirirlər. Mən bilirəm ki, bu gün bütün şəhidlərimizin ruhu şaddır. Bəlkə də şəhid ruhları səfərbər olub əsgərlərimizə dualar edirlər. Buna inanıram. Nəsə hiss edirəm ki, qələbə günü göydən yağış yağacaq. Şəhid ruhları sevinc göz yaşları tökəcək.

- Qələbə hər birimizi çox sevindirir. Prezidentin qələbə xəbərlərini səbrsizliklə gözləyirik...

- Harada oluramsa, dərhal televizor yanır, cənab prezidentin çıxışlarını, xəbərləri izləyirəm. Sizə deyim ki, Ağdərə azad olunan gün Mir Möhsün Ağa ziyarətgahında qurbanlar kəsəcəm. Çünki o torpaqda övladımın atasının qanı tökülüb. O kəndlərin geri alınmasında müstəsna rolu var. O torpaq uğrunda da həlak oldu. Sevgi ilə həmin günü gözləyirəm. İnşallah, o gün yaxındadır.

Az qalıram deyəm ki, hər gün bir rayonun qayıtması xəbəri verilsin. Bu qədər tələsirəm. İnanıram ki, çox yaxın zamanda Ali Baş Komandamız və əsgərlərimiz bizi qələbə müjdələri ilə sevindirəcək.

- Kim Kardaşayana yaxın günlərdə şəxsi İnstaqram səhifənizdə müraciət ünvanladınız...

- O, öz millətinə görə bütün dünyada yaşayan fanatlarından kömək istəyir ki, pulu Ermənistana göndərsin. Gəncədə, Xocalıda öldürülən uşaqların taleyini Allah onun balalarına yaşatsın. Görsün ki, can yanmaq necə olur.

- Şəhid həyat yoldaşı olaraq şəhidlərin analarına, xanımlarına nə demək istəyərsiniz?

- Onlara ən böyük dəstək ordumuzun zəfərləri olacaq. Uzun illəridi ki, gözümüz yolda idi. Həmişə şəhid ailələrinə deyirdim ki, səbrli olun, Allah səbr edənlərin yanındadır. Vaxt gələr hamımız sevinərik. Torpaqlar azad olunduqca bütün şəhid analarının, bacılarının, balalarının ürəyinə su səpiləcəkdir. Mən buna əminəm. O dərdi mən də yaşayıram. Onlar yaşayanı otuz il əvvəl yaşamışam.

O ağrının nə olduğunu 30 il əvvəl bilirəm. Təki vətən, millət sağ olsun. Vətən yolunda şəhid olmaq böyük qəhrəmanlıqdır. Şəhid analarının axan göz yaşlarından öpürəm...


Müəllif: Rəqsanə Həsənova