12 Noyabr 2020 09:05
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Yalçın Rzazadə Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Yalçın bəy, rayon və kəndlərimiz düşməndən azad edildi. Qələbəmiz haqqında nə deyə bilərsiniz?

- Qələbə xəbərlərini eşidəndə kövrəldim, bu sevinc göz yaşları idi. Bu günlər ən böyük bayram günləridir...
"Hanı Qarabağ, hanı..." mahnısını oxumuşdum. Torpağımız Ali Baş Komandamızın böyüklüyü sayəsində yağıların tapdağından azad edildi. Ali Baş Komandamız Ulu öndər Heydər Əliyevə verdiyi sözü yerinə yetirdi və adını tarixə yazdı.

Mən qardaş xeyli müddət Türkiyədə qaldım, vətəndən o qədər darıxmışdım, deyirdim, ölkəmə gedəndə diz üstə çöküb, torpağı öpəcəm.

Bir çox vətənpərvərlik mövzuda mahnılar oxumuşam və yazmışam. Səhhətim tam sağlam deyil, amma çox sevinirəm. Mənim Cıdır düzündə çəkilişlərim, konsertim olub. Arzum odur ki, Allah mənə can sağlığı versin, yenidən Cıdır düzündə konsertlə çıxış edim, mahnılarımı xalqım üçün səsləndirim.

Biz qələbə çaldıq. Şəhidlərimizin məkanı cənnətlik olsun. Onların qanı yerdə qalmadı. Şəhidlərimizin ailələrinə baş sağlığı verirəm.

- Səhhətinizə görə Türkiyədə idiniz. Hazırda necəsiniz?

- Səhhətimlə bağlı bir il idi Bakıda deyildim. Vətənə iyun ayında qayıtdım. Orada professor mənə dedi ki, bir neçə gün geciksəydiz, biz heç nə edə bilməzdik. Nə lazımdırsa edəcəyik, amma axırıncı sözü Yaradan deyəcək. Artıq səhhətim yaxşıdır, tələbələrimlə onlayn əlaqə saxlayıram. Mən xoşbəxtəm ki, bir il ərzində çətin günümdə millətimin dəstəyini gördüm.

Milyonlarla insanlar zəng edib, narahat olduqlarını deyərək ağlayırdılar. Eşidirdim ki, məscidlərdə mənim üçün dua edirlər. Sənətkar üçün ən böyük xoşbəxtlik ona millətinin, dövlətinin diqqətidir. Mən bir şəxsiyyət kimi o hörməti, diqqəti və sevgini görürəm. Bunu həmişə duyuram, hiss edirəm.

Qələbəyə görə sevincimdən ürəyim sanki çıxacaq. Çox xoşbəxtəm. Azərbaycan prezidenti İlham Əliyevi, millətimi təbrik edirəm. Allah prezidentimizə və ailəsinə can sağlığı versin.

- Müalicəniz davam edirmi?

- Çox ağır günlər keçirdim, amma hər şey geridə qalıb. Müalicəm davam edir. Əsasən, qanımın təmizliyi yoxlanılır. Mənim qanımda zəhərlənmə getmişdi.

İndi qanım təmizlənib, nəzarət altında olmalıyam. Türkiyəyə də gedəcəm. Hələ ki, vətənimdəyəm və çox xoşbəxtəm.






Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər