Koronavirusa yoluxan əməkdar artist Lalə Məmmədovanın ailə üzvlərində də COVID-19 aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, Lalə Məmmədova qızları və valieynlərinin də virusa yoluxduğunu bildirib:
"Virus ailəmizdən yan keçmədi. Və bir ailənin kiçiyindən tutmuş böyüyünə hamının xəstələndiyini gözünüzün qabağına gətirsəniz, səhnə sizə bəlli olacaq. Yeddi yaşlı kiçik qızım belə iybilmə, dadbilməni itirib. Qorunun, yaşlıları qoruyun. Hər gün haldan-hala düşən valideynlərimi görmək çox ağırdır. Ağrılı və vicdan əzablı..."
Əməkdar artist virusa yoluxmasında televiziya işçilərini günahlandırıb: "Bu gün Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı məndən xəstəliyin yoluxma səbəbini və ilkin şəxsin kim olduğunu soruşanda, ürək ağrısı ilə "mənəm" dedim. Ancaq son yoluxma ehtimal olunan məkanın - televiziyalarımızın adını demədim. Günahı kiminsə üstünə yıxmaq mənlik deyil.
"Efirimizə niyə gəlmirsiniz?" deyib, giley-güzar edən televiziya işçiləri, dostlarım, siz maska geyinsəniz də, biz maska taxıb efirdə oxumuruq. Bu halda biz sənətçilərin yoluxma riski daha çoxdur. İnşallah, hər şey yoluna düşər. Bir adamın yoluxması bir ailənin yoluxmasına səbəb olur. Allah balalarımızı və valideynlərimizi qorusun".