Türkiyədə yaşayan müğənni Günel Zeynalova şəxsi İnstaqram hesabında sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.
Teleqraf.com Günel Zeynalova ilə qısa müsahibəni təqdim edir:
- Ağdam işğaldan azad edildikdən sonra ailə quracağınızı qeyd etmisiniz. Bu doğrudurmu?
- Bəli, hər kəs məndən soruşur ki, siz Ağdam alındıqdan sonra ailə quracağınızı demisiniz. Bu, qismətdir və inşallah qarşıma həyatımı birləşdirəcək insan çıxsa, evlənəcəm.
- Türkiyə vətəndaşısızmı?
- Təəssüf ki, Türkiyə vətəndaşı deyiləm, inşallah olaram. 23 ildir ki, burada yaşayıram və dostlarım da buna təəccüblənirlər. Amma bu il vətəndaşlıq alacağam.
- Sizi televiziyalarda nə vaxt görəcəyik?
- Xoşuma gələn veriliş olmadığı üçün proqramlara çıxmıram, amma canlı yutub kanalımda mahnılar ifa edib, paylaşacağam.
- Azərbaycandakı uşaqlıq dostlarınız üçün darıxırsınızmı?
- Bakıya gedəndə uşaqlıq dostlarım ilə görüşürəm. Əlbəttə ki, darıxıram.
- Qarabağda konsert verməyi düşünürsünüzmü?
- Bəli, işğaldan azad edilən bütün torpaqlarımızda konsert verməyi planlaşdırırıq.
- Həmişəlik Azərbaycana köçmək fikriniz varmı?
- Xeyr, elə bir fikrim yoxdur. İnşallah Ağdam və Şuşada evimin olmasını istəyirəm. Oraya istirahət etməyə gedəcəyəm.
- Həyatda ən dəyərli şey nədir?
- Ailə və düzgün yaşamaq.
- Necə düşünürsünüz, insana ikinci şans verilə bilərmi?
- Əlbəttə ki, bir insana ikinci şans verilə bilər, üçüncü şans yox.
- Nə zaman ailə qurmağı düşünürsünüz?
- Fikirləşirəm ki, evlənmək xətrinə evlənmək olmaz. Məncə, insan sevib, ailə qurmalıdır. İnşallah qismət nə zaman olacaqsa, onda da ailə quracağam. Mənim subay olmağım sizi niyə narahat edir?! Məndən nə istəyirsiniz? Ürəyim nə vaxt istəsə, o vaxt da evlənəcəyəm.