Karate üzrə Avropa və dünya çempionu, Avropa və İslam Həmrəyliyi Oyunlarının qalibi, Şöhrət ordenli Ayxan Mamayev Teleqraf.com-un qonağı olub.
Müsahibəni təqdim edirik:
- Ayxan bəy, yaxın günlərdə qızı atası oldunuz. Ata olmaq necə hissdir?..
- Allah olmayanlara da qismət etsin. Övlad arzusunda idim və çox şükür ki, övladım salamat dünyaya gəldi. Qızım 12.12.2020 tarixində doğuldu. Adı Sofiyadır, anamın adını qoymuşuq.
- Hazırda ölkəmizdə sərt karantin rejimidir. Pandemiya idman səhəsinə necə təsir etdi?
- Mart ayından bəri karateçilər yarışda iştirak etməyiblər. Doqquz ay idmançı üçün böyük müddətdir. Elə bir dövr idi ki, Olimpiada Oyunlarına hazırlıq gedirdi, oyuna son iki yarış qalmışdı. Bununla bərabər Bakıda Avropa Çempionatı keçirilməli idi, iki həftə qalanda deyildi ki, virusa görə çempionat təxirə salınır. Bu, bizə psixoloji təsir etdi, pandemiyanın bu qədər uzanmasını gözləmirdik. Yalnız məşq etməklə iş düzəlmir. İdmançı məşq edib, gücünü yarışda göstərməlidir. İndi də məşq edirsən, amma yarış olmadığına görə həvəs olmur. Bilmirsən nə üçün hazırlaşırsan?! İdmançılar məni daha yaxşı anlayar...
Amma məşqlərimiz davam edir. Təlim-məşq toplantılarımız olur, sağ olsunlar, bizim üçün hər cür şərait yaradılır. Başqa idman növlərində - cüdo, güləş üzrə oyunlar keçirildi, karatedə yox. Bu da bizi narahat edir. Mənim idman həyatımda bu qədər fasilə olmamışdı. Maksimum idmana iki ay ara vermişəm, bu da zədə ilə bağlı olub. Pandemiya bizim sahəyə mənfi təsir elədi.
2018-ci ildən gün ərzində iki dəfə məşqlərimiz olurdu. Bu illər ərzində evdə də maksimum iki ay olub-olmamışam, ancaq yarış, təlim-məşq toplantılarına gedirdim. İki həftədən bir yarışlara qatılırdıq. Hazırda sanki boşluqda qalmışıq...
- Siz 84 kiloqram çəki dərəcəsində döyüşən idmançısınız. Artıq çəki aldığınızı qeyd etdiniz.
- Həmişə çəkim 82-83 kiloqram olub, indi isə 95 kiloyam. Hazırda ağırlıq məşqləri edirəm. Hələ ki, özümü sərbəst buraxmışam. Çünki yaxın günlərdə yarış yoxdur. Bilsəm ki, filan tarixdə yarış olacaq, mənim üçün çəki atmaq problem deyil. Maksimum iki aya artıq çəkidən xilas olaram.
Virus çox yayılıb, ölüm sayı çoxalıb. İlk zamanlar insanlar inanmırdılar, içi mən qarışıq. Artım davam eləsə inanmıram ki, Olimpiya Oyunları baş tutsun. Karate idman növü ilk dəfə Olimpiya Oyunlarına daxil edilib. Amma Olimpiya Oyunları 2021-ci ildə baş tutsa, əlimizdən gələni edərik ki, lisenziya qazanaq.
- Hansı idmançılarımız Olimpiya Oyunlarına lisenziya qazanıb?
- İki idmançı lisenziya qazanıb - İrina Zaretska və Rafael Ağayev. Mənim də şansım var idi, Avropa Çempionatı gözəl şərait yaratmışdı. Yarış bu ilin may ayında Fransada keçirilməli idi və orada yer tutan birbaşa Olimpiya Oyunlarına lisenziya qazanırdı.
- Çox zədə alan idmançılar sırasındasınız. Avropa Oyunlarında gözünüz zədə aldı, almacıq sümüyünüz sındı. Eləcə də böyrəklərinizlə bağlı ciddi problem oldu...
- Bəli, böyrəklərim ilə bağlı problem, dizimdə əməliyyat, ayaqlarımda sınıq... Bunlar mənə psixoloji olaraq çox təsir elədi.
- İdman sahəsindən getməyimi düşündünüz?..
- O vaxt idman karyerama son qoymağı fikirləşmədim... Adam indi bilmir neynəsin, pandemiya nə vaxta qədər davam edəcək... İdmançınınkı odur ki, tatamiyə çıxsın. Biz də bunu görməyəndə düşünürük ki, məşqi nə üçün edək? Məşq edirik ki, tatamidə bacarığımızı sübuta yetirək, bayrağımız ucalsın, himnimiz səslənsin. Bunları görməyəndə adam ruhdan düşür.
Bundan əlavə, məni zədələrim də narahat edir. Heç vaxt məndə bu qədər zədə olmamışdı. Çox az idmançı var ki, mənim qədər zədəli olsun, sanki nəfsə gəldik. İki il ərzində beş böyük zədə aldım. Hə biri məni bir-iki ay idmandan uzaqlaşdırdı. Bu yay pandemiya vaxtı dizimdən əməliyyat oldum. Keçən il oktyabr ayında isə böyrəklərimdən problem yaşadım. Qanımda zəhərlənmə var idi və 95 faiz böyrəklərim fəaliyyətimi dayandırmışdı. Ölümdən döndüm. Azərbaycanda müalicə başladı, sonra Türkiyəyə getdim. Şükür Allaha keçdi. Hər ay yoxlanıram və heç bir problem yoxdur. Amma Allah heç kimə göstərməsin, çox ağır, çətin günlər idi.
Sualınıza gəldikdə, hərdən insan düşünür ki, artıq bəsdir, bu qədər də zədə olar?.. Bəlkə bu da Allahdan bir işarədir ki, dayanasan, səni daha pisindən qoruyur. 23 ildir idmanla məşğulam və həyatım idmandan ibarətdir. Nə qazansan yenə düşünürsən ki, azdır...
İdman karyeramda nailiyyətlərim çoxdur. Karate sahəsində Rafael Ağayevdən sonra ən çox nailiyyət məndədir. Amma düşünürəm ki, idman karyeramı dayandırsam, boşluğa düşərəm.
- Neçə yaşınıza qədər karate sahəsində davam etmək istəyirsiniz?
- Bu il Olimpiya Oyunları, Dünya Çempionatı və gələn il İslam Həmrəyliyi Oyunları olacaqdı. İslam Həmrəyliyi Oyunlarından sonra idman karyeramı dayandırmağı düşünürdüm. Onda 31 yaşım olacaqdı. Rafael Ağayevin 35 yaşı var, yenə də dayanmır. Adam düşünür ki, sən niyə dayanasan?!
- Rafael Ağayevi özünüzə rəqib görürsünüz? Onun rekordunu yeniləmək fikriniz olubmu?
- Xeyr, elə fikrim olmayıb. Rafael Ağayev fərqli bir insandır, karatenin Azərbaycanda yox, dünyada bir nömrəsidir. Ona görə biz onunla müqayisə oluna bilmərik. Bundan sonra nə qədər çalışsam, onun nəticələrini təzələmək mümkün olmaz. Hazırda karate sahəsində elə bir idmançı yoxdur. Onun Allah vergisi var. O döyüşü hiss edə bilir. Məsələn, deyir, filan adam bu zərbəni vuracaq, bir saniyə keçmir, həmin zərbə vurulur. Hiss edir, bu insan sırf döyüş üçün yaradılıb.
Ondan da əlavə həddindən artıq əziyyət çəkir. Onun yarışlarına baxırsan, tarixdə elə bir idmançı olmayıb. Elə rəqibləri meydanda elə pis vəziyyətə salıb ki...O adam həqiqətən istedaddır. Fəxr edirəm ki, elə bir insanla məşq edirəm.
- Bir idmançı olaraq sizin uğurunuzun özəlliyi nədir?
- Mən idmançı və insan kimi çox səbrliyəm. Döyüşdə ən son saniyəyə kimi səbrlə gözləyə bilərəm. Rəqiblərim bunu bilir, bilə-bilə də onları məğlub edə bilirəm. Belə deyək, rəqibi özündən çıxarıb, əks hücuma keçməyi sevirəm.
- Bəs, rəqibiniz eyni taktikadan sizə qarşı istifadə etsə?..
- Elə bir döyüşçü olsa, onu gözləmərəm. Yarış əsnasında görürsən ki, sənin taktikalarını bilir, artıq istiqamətini dəyişirsən.
- Ən çətin yarışınız hansı olub?
- İki il Bakıda keçirilən Avropa Oyunlarına hazırlaşdıq. Mən bu günə qədər Bakıda keçirilən heç bir yarışda məğlub olmamışam. Düşünürdüm ki, nə olur-olsun, bu mötəbər yarışda qalib gəlməliyəm. Hətta telefonlarımı da axşam saat 9-dan söndürürdüm. İkinci döyüşdə zədə aldım. O zədə məni arzumdan, istəyimdən kənar qoya bilərdi.
Döyüşdə almacıq sümüklərim sındı və əvəllcə bunu bilmirdim. Amma dəhşətli dərəcədə ağrılarım var idi. O yarışda döyüşməli idim və qalib gələndən sonra üç döyüşüm var idi.
İlk rəqibim yunan, ikinci ukraynalı, üçüncü isə fransalı idi. Yarışda arada fasilə oldu, həkimin yanına yollandım. Həkim dedi ki, almacıq sümüyün sınıb. Həkimə yalvardım ki, bunu bildirməyək. Sağ olsunlar, razılaşdılar. Oyuna çıxdım və qalib gəldim. Final günü sevinc hissindən ağrı da yaddan çıxdı. Sonra MRT elətdirdim, almacıq sümüyümdə iki yerdən sınıq aşkarlandı. Həkim dedi ki, bəxtin onda gətirib ki, almacıq sümüyün içəri keçməyib, əks halda gözlərinlə birlikdə düşəcəkdi.
İki ay gözümdən müalicə aldım. İndi heç bir problem yoxdur. Mənim ən önəmli, həyacanlı, ağrılı yarışlarımdan biri Avropa Oyunları oldu.
- Fərid Mansurov 14 dəfə narkozdan sonra anasının təkidi ilə 28 yaşında idman karyerasına son qoydu. Bəs, sizdə vəziyyət necədi? Ananız zədə alarkən necə reaksiya göstərir?
- Bizim ailədə əksinədir. Mən idman karyerama son qoymaq istəyəndə anam deyir ki, idmanı dayandırma. Yalnız böyrəklərimdə problem yarananda anam dedi ki, çox səhv elədim, səni idmana qoydum. Anam daim mənə dəstək olub. Çox haqsızlığa məruz qalmışam, problemlər yaşamışam. Amma anam həmişə deyib ki, get, sübut elə! Anam israrla deyir ki, Olimpiya Oyunlarında da yarış və qızıl medal qazan. Bu sahədə haqsızlıq çox olur, hakimlər, rəqiblərin tərəfindən və s.
Eləcə maliyyə ilə bağlı problemlər də insanı sıxır. Məsələn, bu gün ailəmizdə məndən başqa heç kim çalışmır. Bütün məsuliyyət mənim üzərimdədir. Bu, doğrudan çətindir. Ağlamaq kimi çıxmasın, qırağa pul atmaq şansımız yoxdur. Karate idman növü Olimpiya Oyunlarına daxil ediləndən sonra bir növ siyasətə çevrildi. Hakimlər arasında siyasi oyunlar gedir. Baxırsan ki, olmayan xalı rəqibinə verirlər. Bu kimi hallar adamı sıxır.
Düşünürəm ki, idman karyeramı bitirsəm, nə ilə məşğul ola bilərəm? Hazırda dövlət işində də çalışıram. Məşqçi kimi də fəaliyyət göstərmək istəyərəm. 2015-ci ildən Asiman Qurbanlı ilə balaca uşaqlara dərs demişəm. Amma professional olaraq xarici ölkələrdə də dərs demək istəyərəm.
- Məşqçi kimi hansı ölkədə çalışmaq istəyərsiniz?
- Avropa ölkələrinə üstünlük vermək istəyərəm, Xüsusilə, karate sahəsində zəif ölkələr Moldova, Ruminiya, İsveçrə, İsveç və s. Fransa, İtaliyada onsuz da güclü idmançılar var.
- Əksər idmançılar kasıb ailələrdən çıxır. Niyə məhz kasıb ailələrin övladları idmançı olurlar?
- Ailədə dörd nəfər olmuşuq, valideynlərim, mən və qardaşım. Karateyə ilk qardaşım başlayıb, sonra mən. Evdə qardaşımla bir-birimizlə dalaşırdıq. Mən idman sahəsində davam etdim, qardaşım təhsilə istiqamətləndi. O, hazırda Türkiyədədir. Şəxsi məşqçim Şahin Xudaverdiyev bizdən pul almadı.
17 ilə yaxın Bakıxanov qəsəbəsində kirayədə yaşamışıq. Sonra Suraxanı rayonunda kiçik ev aldıq. 2015-ci ildən sonra Hövsan qəsəbəsində yaşayıram, şükür Allaha, şərait var, ikimərtəbəli evdir. 2015-ci ildə Avropa Oyunlarında qalib gələn zaman cənab prezident İİlham Əliyev mənə ev bağışladı. Əslində, idman karyeramın böyük tarixçəsi var...
- Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kompüter elmləri ixtisasını bitirmisiniz...
- Bəli, məktəbdə əlaçı şagird idim və orta məktəbə Bakıxanov qəsəbəsində getmişəm. 17 yaşımda seçim etməli idim, idman, yoxsa təhsil. İdman sahəsinə daha çox həvəsim var idi. Anama dedim ki, universitetə daxil olacam, amma oxumayacam. Fəaliyyətimə idman sahəsində davam edəcəm.
Şükür Allaha, səhv etmədim...
- Bədii kitab oxuyursunuz?
- Xeyr, indi kitab oxumağı sevmirəm. Amma əvvəl çox kitab oxuyurdum.
- Hansı musiqini dinləyirsiniz?
- Meyxana dinləməyi sevirəm. Toyuma meyxanaçılar gəlmişdilər...
- Film izləməyi sevirsiniz?
- Hərb mövzusunda filmləri sevirəm.
- İdmançı kimi adınız, yoxsa simanız daha çox tanınır?
- Daha çox soyadımı tanıyırlar, Mamayev soyadı. Biz düzdü Rafael Ağayev qədər tanınmırıq, onu hər kəs tanıyır.
- Zabit Səmədov Türkiyədə "Kuruluş Osman" serialına çəkilir. Siz necə, özünüzü gələcəkdə aktyor kimi sınamaq istəyərsiniz?
- Hollivud filmlərində çəkilmək istəyərəm. Təklif gəlsə dəyərləndirərəm. Türk filminə dəvət almışdım, çəkiliş oldu, iki səhnə 8 saata başa gəldi. Qonorar da yaxşı idi, amma çox vaxt apardığına görə dedim ki, efirə getməmiş, başqa adam tapın. Obrazım idmanla bağlı idi. Mənim üçün idmanda qazandığım qələbə hissi hər şeydən üstündür.
- Bəs, bir idmançı üçün məğlubiyyət hissi nə deməkdir?
- Məğlubiyyət hissi məni heç vaxt sındımayıb. Pis təsir edib, amma hər məğlubiyyətdən nəsə çıxarmaq lazımdır.
- Türkiyədə TV8 kanalında yayımlanan "Survivor" yarışmasında iştirak etmək istəyərsiniz?
- Bu il qatılmağı düşünürdüm, pandemiyaya görə qaldı. Çox güman ki, gələn il müraciət edəcəm. Yarışda finala qədər gedəcəyimi düşünürəm.
- Vətən Müharibəmizdə qalib gəldik. Ümumiyyətlə, qələbəmiz haqda nə deyə bilərsiniz?
- Şəhid olan qardaşlarımıza Allah rəhmət eləsin, qazilərimizə isə can sağlığı versin. Bütün Azərbaycan xalqını bu tarixi qələbə münasibəti ilə təbrik edirəm. Bu, ordumuzun güclü olmasının göstəricisidir. Müharibədə yaxın dostumu itirdim, başqa dostum qazi oldu. Əsas odur ki, torpaqlarımız qayıtdı, şəhidlərimizin ruhu rahatdır. Qarşılarında baş əyirik!
- Qələbənin idman sahəsinə təsiri nədən ibarət olacaq?
- Bu günə qədər səkkiz erməni rəqibi ilə qarşılaşmışmışam və hər birində də qalib gəlmişəm. Ermənilər mənim üçün insanlıqdan kənar məxluqdurlar.
- Şəhid ailərinə də kömək etdiniz. Bilirik ki, bu haqda danışmağı sevmirsiniz...
- Demirəm ki, yardımın miqdarı çox olub, əsas odur, daxildən gəlib. Bu haqda danışmağı sevmirəm. Bundan sonra da əlimdən gələni etməyə çalışacam.
Foto: Ceyhun Rəhimov