Tanınmış aparıcı Elgiz Əkbər koronavirusdan sağalıb.
Teleqraf.com xəbər verir ki, Elgiz Əkbər aparıcılıq etdiyi "Elgizlə izlə" verilişində virusu çox çətin keçirdiyini etiraf edib:
"COVID-19 virusuna yoluxduqlarını biləndə bir çoxlarının həyəcandan, stresdən ürəyi partlayıb. Əgər onlar stress keçirməsəydilər, müalicə ediləcək və cəmiyyətə adaptasiya olunacaqdılar. Mən də çox böyük həyəcan, stress yaşadım. Dayımı da koronavirusdan itirdim. Xəstəxanada olarkən o xəbəri eşitdim, lap öldüm.
Mənə psixoloq gətirdilər, iki gün söhbət apardı. Həyəcanlanırdım, boğulma yaranırdı. Sonra mənə dedilər ki, sizin boğulmağınız virusdan yox, stresdəndir. Psixoloqla söhbət, günün çox hissəsini yatızdırılmaqla bu xəstəlikdən canımı qurtardım. Yoxsa çoxdan ölmüşdüm. Təzyiqim 180-ə qalxırdı, bu da ürəyə təsir edir və döyüntüsü 200-dən yuxarı olurdu".
Qeyd edək ki, Elgiz Əkbər 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi.