Xalq artisti Alim Qasımov Teleqraf.com-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Alim müəllim, 28 ildən sonra Şuşaya getdiniz…
- Mənə elə gəlir, hər bir Azərbaycan vətəndaşının arzusu idi ki, torpaqlarımız qayıtsın. Allaha şükür, torpaqlarımız qayıtdı. Arzum vardı ki, işğaldan azad edilən torpaqları ziyarət edim, oranı da ziyarət etdik. İnşallah, Qarabağımız tam bərpa olunsun, torpaqlarımızı həmişə ziyarət edək, oaralar ziyarətgahımız olsun. O
Qarabağda canından keçən bütün şəhidlərimizin ruhu şad olsun, Allah o dünyalarını versin. Allah ordumuzu, əsgərlərimizi, qazilərimizi qorusun.
Dövlət başçımız İlham Əliyev çox çalışdı, bu işləri nizamladı. İnşallah, xalqımız xoş gün içində sağlam canla yaşasın.
- Şuşaya ayaq basarkən hansı hissləri keçirdiniz?
- Hiss etdim ki, əsgərlərimiz çox zülümlü bir yol gediblər. Gördük ki, bizdən əvvəl gedənlər hansı çətinlikləri çəkiblər... İnanın ki, ürəyimiz, qəlbimiz qan ağlayırdı. Biz rahat avtomobildə oturmuşduq, yol hərdən silkələyirdi. Amma o əsgərlər, zabitlər ki, piyada gediblər, silahla. Onu dillə izah etmək müşkül məsələdir. Nələr çəkiblər... Allah xalqımızı, ordumuzu qorusun.
- Şuşada hansı mahnını ifa etdiniz?
- Şuşaya şəhidlərimizi yad etməyə getmişdik. Bədahətən "Durnalar"ı zümzümə etdim. O dəmdə o mahnının sözləri yadıma düşdü.
- Şuşaya neçə günlük getmişdiniz?
- Bir günlük getmişdik, amma iki gün qaldıq. Orada bir komandir var idi, bizi çox səmimi qarşıladı. Bir daha demək istəyirəm ki, Şuşada olarkən əsgərlərimizin çətinliklərini, hansı zülmlər çəkdiyini hiss elədik.
- Gövhər ağa məscidini ziyarət etdinizmi?
- Bəli, Gövhər ağa məscidini ziyarət etdik, dualarımızı oxuduq. Hamımız bir yerdə günorta namazımızı qıldıq, şəhidlərimizin ruhuna dualar etdik.
- Şuşaya yenə gedəcəksinizmi?
- Doğma torpaqlarımıza getmək istəyənlər çoxdur. Dövlətimiz tərəfindən yol çəkilir. İnşallah, hamı gedəcək və öz arzusuna çatacaq.