8 Yanvar 2021 14:14
5 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış tele-aparıcı və aktyor Azər Aydəmir Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- İctimai televiziyada “Sabaha saxlamayaq” verilişinin aparıcılarından birisiniz. Verilişə necə dəvət aldınız?

- İki ildir İctimai televiziyada çalışıram, “Sabaha saxlamayaq” verilişinin aparıcısıyam. İTV-də baş rolda oynadığım “Dağıntılar altında” serialı yayımlanırdı. Mən İTV-də işləmək, bu kanala əmək sərf eləmək arzumu ifadə etmişdim. Bu xəbər müdiriyyətə çatmışdı. Sonradan əldə etdiyim məlumata görə, müdiriyyət "Dağıntılar altında" serialını və mənim obrazımı çox bəyənibmiş. Nəticədə İctimai televiziyanın baş direktoru ilə görüşəsi olduq.

Görüşdə gözlənilmədən belə bir sual verildi ki, İTV-də veriliş aparmaq haqqında nə düşünürsünüz? Mənə layihənin xarakteri haqqında məlumat verildi, təklifi düşünərək qəbul etdim. İlk günlər veriliş canlı deyildi, öncədən çəkilirdi. İlk bir neçə verilişdən sonra püxtələşdik. Mənə dedilər ki, sizdə aparıcılıq alınır. Beləliklə, gündəlik canlı efirə çıxası olduq.

- Sizin "Sabaha saxlamayaq" verilişində Cəbrayıl şəhərinin işğaldan azad edilməsi xəbərini çatdırırarkən sevinc hissləriniz Türkiyə kanallarında da geniş yayıldı...

- Canlı efirdə Cəbrayıl şəhərinin işğaldan azad edilməsi xəbərini bizə redaktor bildirdi. Cənab prezidentin sürprizi idi, bizi canlı yayım zamanı yaxaladı...


- Verilişinizdə koronavirusla mübarizəyə geniş yer verirsiniz. Özünüz koronavirusla necə mübarizə aparırsınız, insanlara tövsiyələriniz nələrdir?

- Verilişimizi martdan etibarən koronavirusa həsr etmişik. Mən şəxsən bir vətəndaş kimi belə bir qənaətə gəldim ki, bir insan nə qədər tez virusa yoluxub sağalsa, bir o qədər ölkənin kollektiv immunitetinin yaranmasına dəstəkdir. Sözsüz, özümüzü qorumalıyıq, xüsusi ilə yanaşı xəstəliyi olan insanlar...

- İqtisad Universitetinin maliyyə-kredit fakültəsinə daxil olmusunuz, amma davam etməmisiniz. Natamam təhsil almısınız və buna səbəb nə idi?

- Bu suala görə çox sağ olun. Çox vaxt elə bilirlər ki, mən təhsilimi yarımçıq qoymuşam, oxuya bilməmişəm, məni universitetdən xaric ediblər.

Amma səbəb daha dramatik idi. Anam məni tək böyüdüb, atam uşaq yaşlarında dünyamızı tərk edib. Universitetdə birinci kursda oxuyanda anam 36 illik Dəmiryol vağzalında baş mühasib vəzifəsini tamamlamışdı. 2003-cü ildə köhnə işçiləri yeni işçilərlə əvəz etməyə başladılar. Onda anamla yanaşı 50 yaşdan yuxarı 30 əməkdaş evə göndərildi. Sözsüz ki, evin yeganə maddi təminatı anam tərəfindən idi. Bu maddi təminat bitdi və mən dərhal işləmək məcburiyyətində qaldım, hətta bir neçə işdə də işlədim.

Anamın yanaşı xəstəlikləri də var idi, evin təminatı və sair qayğılar mənim üzərimə düşürdü. Bir sözlə, pul lazım idi. O zaman təhsilimi dondurmağa cəhd etdim, amma universitetlə müəyyən səbəblərdən anlaşa bilmədik. Belə qərara gəldim ki, təhsili yarımçıq saxlayım. Həmin vaxtdan əmək fəaliyyətinə başladım. Fəqli yerlərdə işləməli oldum.

- Siz avtomobil, otel-restoran sahələrində də çalışmısınız, 2009-cu ildən isə aktyorluğa başlamısınız. Bu mərhələ necə baş tutdu?

- Uşaqlıq illərindən aktyorluğa böyük həvəs göstərirdim. Necə deyərlər, bu arzu ilə yatıb, bu arzu ilə oyanırdım. Sadəcə 2009-cu ilə qədər maddi sıxıntı ucbatından incəsənət tərəfə nəzər yetirmədim. Çünki əsas məqsədim həyatda qalmaq, özümü maddi tərəfdən təmin etmək idi. 2009-cu ildə restoran sahəsinə gəldikdə boş vaxtım oldu. Dostlarım təklif etdi ki, sənin bacarığın var, biz bunu görürük, niyə arzunun arxasınca getməyəsən?..

Bunu düşündüm və kastinqlərə yollandım. Beləliklə, özümü tanıtmağa nail oldum, rejissorlardan xırda təkliflər gəlməyə başladı. Hər dəfə təklif gəldikcə öz bacarığımı maksimum göstərməyə çalışırdım ki, növbəti dəfə daha yaxşı təkliflər olsun. Elə də oldu, filmlərlərə, seriallara çəkilməyə başladım.

- 2010-cu ildən seriallara çəkildiniz...

- Bəli, ilk zamanlar reklamlar, kliplərə çəkilirdim. Yəni bütün aktyorların keçdiyi mərhələni keçdim...

- Özünüzü şanslı aktyor hesab edirsiniz? Sizin tanınmağınızda əsas meyar nə oldu? Xarici görünüşünüz, yoxsa bacarığınız?

- Əgər sənin bacarığın yoxdursa, aktyorluq sənətində şanslı və yaxud qeyri-şanslı olmaq mümkün deyil. Hərçənd belə faktorlar var, müəyyən dövrə qədər teatrımızda və kino sahəsində şanslı aktyorlar olub. Hansının ki, bacarığı şübhə doğururdu. Məncə, bu dövr bitdi. Aktyor sənətində və müğənnilik sahəsində şansla iş bitmir. İstedad birinci yerdədir, şansını özün yönləndirə bilərsən.

Naxışın ola bilər, amma özünü təqdim etmək bacarğın olmasa, necə deyərlər, diplomatiyadan istifadə etməsən, batıb gedəcəksən. Bütün bunları balanslaşdırmaq lazımdır.


- Pandemiyadan zərər çəkən sahələrdən biri də incəsənətdi. Hətta taksi sürücülüyü edən aktyorlarımız da var. Sizdə vəziyyət necədir?

- Pandemiya dövründə bacardığımız qədər qənaət etməyə məcburuq. Aparıcılıqdan əlavə filmlər, seriallar, reklam çəkilişləri var idi, bunlar pandemiyaya görə dayanıb. Sözsüz ki, bu mənə də təsir edir. Amma yalnız incəsənətlə məşğul olanların, başqa yerdə işləməyənlərin vəziyyəti bir o qədər də ürəkaçan deyil. Onu da deyim ki, teatrda çalışan aktyorların maaşları verilir. Əlavə çəkilişləri olan aktyorlar müəyyən sıxıntılarla qarşılaşa bilərlər.

Xeyli aktyor dostum var. Arada onlarla danışıram və aktyor yoldaşlarımla fəxr edirəm. Onların həyat sevgisi, pozitivliyi, gülərüzlülüyü, "hər şey yaxşıdır" demələri məni sevindirir. Mən bilirəm ki, o insanlar heç vaxt qırılmaz, əyilməz, sınmazlar.

- Sizin necə, aktyor tanışlarınız arasında kənar işlə məşğul olanlar varmı?

- Xeyr, eləsi yoxdur. Ola bilər, kimsə hətta taksi sürücülüyü də edir, amma mən məlumatsızam. Taksi sürmək də ayıb deyil, kişi hər bir halda pulunu qazanmalıdır. Ehtiyacım olsa, mən də taksi sürməyə hazıram.

- Biznes fəaliyyətinizi davam edirsinizmi?

- Xeyr, biznesdən tamamilə uzaqlaşmışam. Televiziyada çalışıram, məvacib alıram...

- Komplekssiz aktyorsunuz, bunu "Sevgi romanı" filmində də gördük. Ümumiyyətlə, bir aktyor kimi hansısa kriteriyanız var?

- Xüsusi kriteriyam yoxdur. Ssenari problemimizi danmaq olmaz. Düşünürəm ki, ssenari yazanlarımız var, sadəcə kino istehsalçılarına yol tapa bilmirlər. Əsas ssenaridir. Ssenari gözəl və tamamlanmış şəkildədisə, maraqlıdısa, obrazı oynamağın çətinliyi olmur. "Sevgi romanı" filmindən söz düşmüşkən, təəssüf ki, kinoteatrda yayımlanan zaman pandemiyanın aktiv dövrünə düşdü və filmin nümayişi yarımçıq qaldı. Yəqin ki, kinoteatr açıldıqdan sonra nümayişi davam etdirəcəklər.

- Ssenari probleminin olduğunu bildirdiniz. Kinomuzda başqa hansı çatışmazlıqları qeyd edərdiz?

- Bu sahədə ssenari və zövqün düzəlməsinə ehtiyac var. Çox yüksək səviyyəli aktyorlarımız var, bunu mübaliğəsiz deyirəm. Hətta dünya səviyyəsinə çıxacaq aktyorlarımız, aktrisalarımız var... Az da olsa rejissorlarımız da var. Çoxu bunu pul ilə əlaqələndirirlər. Mən onlara düşmən kəsilmirəm. Amma ən önəmli problemimiz ssenari və zövq məsələsidir.

Mən ssenari də yazıram və artıq bir filmim çəkilib. Ssenari yazırsan, on rejissora təqdim edirsən. Rejissorun zövqü çox önəmlidir. Bu isə ssenarini tamaşaçıya necə təqdim etməsində özünü göstərir. Rejissor tamaşaçılara aid olmayan hansısa söhbəti bütün dünyaya maraqlı edə bilər. İncəsənət sahəsində təəssüf ki, zövq çatışmır. Başqa hər şey yaxşıdır.

- Seriallarımızda eynilik, monotonluq var... Ümumiyyətlə, seriallarımızı izləyirsiniz?

- Seriallarımızı izləyirəm və özüm də çəkilmişəm. İlk seriallarımız 2011-ci ildən çəkilməyə başladı. Beş-on serial çəkildi, kanallarımızda yayımlandı. Həmin serialları istehsal edən prodüserlər küçələrə çıxdılar və insanlar arasında sosial sorğu keçirdilər. Onlar soruşdular ki, "seriallarımız başlayıb, buna münasibətiniz necədir?" Əlbəttə, 30 yaşdan yuxarı insanlar cavab verdilər ki, çox maraqlıdır. "Şükürlər olsun, artıq bizdə də yaxşı seriallar var". Yaxud: "Maraqlıdır ki, ailə-məişət, gəlin-qaynana problemləri, nakam sevgidən seriallar çəkirsiniz. Sizə eşq olsun, gedin, davam edin". Belə cavablar oldu...

"Gedin, davam edin" sözü bundan sonra serial biznesimizi çökdürəcəkdi. Çünki həmin sosial tədqiqat bir dəfə keçirildi. Ondan sonra elə bildilər ki, sorğuya cəlb olunananlar hələ də seriallara baxırlar.

Sizin sualınızda cavab da var idi, eyni mövzular, eyni yanaşma, eyni simalar. Bu sahədə sosial tədqiqatı hər il, hətta hər ay keçirilməlidir.

- Sizin obrazlarınızın çoxu mənfidir. Buna səbəb nədir?

- Mənfi obrazları oynamaq daha çətindir. Mənə ssenari təqdim edən bir-iki rejissora özüm təklif etmişdim ki, mənfi obraz versinlər. Mənfi obrazda özünü göstərmək imkanın daha çoxdur. Amma müsbət obraz canlandırmaq da mənim üçün çətin deyil. Obrazlarım balanslaşdırılmış şəkildədir.

- Vətən müharibəsi oldu, ordumuz zəfər qazandı. Bu haqda film çəkmək, ssenari yazmaq fikriniz varmı?

- Bəli, belə bir fikrimiz var. Ssenari yox, sinopsislərim var. Qarabağ müharibəsi ilə bağlı beş-səkkiz seriyalı bədii film nəzərdə tutmuşuq. Təbii, öncə öz telekanalımıza müraciət etmişəm. Bu haqda ssenari yazmaq istəyərdim, çünki 44 günlük Vətən müharibəsində cəbhədə baş verən hadisələr, qəhrəmanlıq faktları, həqiqətləri insanlara bədii şəkildə mütləq çatdırılmalıdır.

Ssenarilər yazılacaq. Sözsüz, bir çox dəyərli yazarlarımız da bu işə qol qoyacaqlar. Düzdür, müharibədə nakam talelər də oldu... Bütün həqiqətləri çəkib göstərmək lazımdır. Amma sonda kulminasiyanı yüksək səviyyədə, ingilislər demişkən "Happy End..." ilə bitirmək lazımdır. Biz artıq qalib millətik. Bunu kinoda, seriallarda və ədəbiyyatda da mütləq qeyd etməliyik. Bu filmlərə gələcək nəsil baxsa, heç vaxt bizim buraxdığımız səhvləri etməyəcəklər.

- Müsahibənizin birində qeyd etmisiniz ki, ilk zamanlar sizi bu sahədən uzaqlaşdırmaq istəyiblər. Necə düşünürsünüz, "Xoca" filmindəki Yuri obrazınızdan sonra karyeranızda nə dəyişdi?

- "Xoca" filmindəki obrazdan sonra mənə diqqət yetirməyə başladılar. Həmkarlarım mənimlə hesablaşmalı oldular. Hesablaşmaq deyəndə nəyi nəzərdə tuturam? Gördüm ki, onlarda maraq oyadıram.

Tamaşaçılarda "Xoca" filmi maraq yaratmışdı, nəinki mənim obrazım... Amma "Xoca"ya qədər çəkildiyim seriallar həmkarlarım arasında susqunluq doğururdu. Tamaşaçının, ətrafın fikri, əlbəttə, mənə maraqlı idi. Məni sənətdən uzaqlaşdırmaq deməzdim, sadəcə saymırdılar. Həmkarlarımın çox qismi üçün aktyorluq sənətinə İncəsənət Universitetindən başlamaq şərtdir.

Universitet məzunu olmadığıma görə mənə soyuq, laqeyd yanaşırdılar. "Xoca" filmindən sonra mənimlə hesablaşmağa başladılar və bir çoxları ilə dostlaşdım. Sonrakı filmlərimdə artıq hiss elədim ki, xalq artistləri, əməkdarlarla çəkilməkdən mən necə qürur duyuramsa, "Xoca" filmindən sonra digər tanınmış aktyorlarımız da mənimlə eyni filmə çəkilməkdən məmnundurlar. Bu məni sevindirdi.

Azərbaycan kinosunda mənim üçün birinci yerdə rəhmətlik Şahmar Ələkbərov dayanır. Mən onu sovet məktəbindən çıxan aktyorlardan fərqli dünya çapında görürəm. Çox güman ki, bu onun intellektindən irəli gəlirdi. Dünyaya daha açıq idi, bunu oyunlarında da hiss edirəm. Amma digər aktyorlarımızın oyununda sovet, Avropa və Hindistan məktəbinin izlərini görürdük.

- Komplekssiz aktyor olmağınız ailənizdə hər hansı problem yaratmır ki?..

- Həyat yoldaşımla tanış olanda aktyor kimi tanınırdım, yetərincə serial və filmlərdə çəkilmişdim. Həyat yoldaşım komplekssiz səhnələrimə normal, stabil yanaşır desəm yalan olar. Bizim də hansısa kiçik söhbətlərmiz olur, davalarımız yox. Mənim həyat yoldaşım müdrik xanımdır.

O cür açıq-saçıq səhnələrə gəlincə, sayı elə də çox deyil. Onlara heç öpüşmə səhnələri də demək olmaz, yarıçılpaq oğlan ilə yarıçılpaq qızın görüşü deyək. Oynadığım belə səhnələrə baxmayıb. Bəlkə izləyib, mənə bildirmir...

Onun müdrikliyi, səssizliyə və mənim kinoda daha rahat oynamağıma səbəb olur. Balansı qoruyuruq. Amma həmişə deyir ki, aktyorsansa yaxşı aktyor ol. Aktyor deyilsənsə, başq işlə məşğul ol.

- Sonuncu dəfə hansı filmi izləmisiniz?

- Çoxdandır film izləmirəm, seriallara baxıram. Filmi kinoteatrda izləməyi xoşlayıram. Xarici serialları sevirəm. Hazırsa Fransanın "Əfsanələr bürosu" serialını izləyirəm.

- Hansı musiqiləri dinləyirsiniz?

- Abbas Bağırovun ifasında "Vətən yaxşıdır" təsnifini tez-tez dinləyirəm.

- Bəs hansı kitabları oxumusunuz?

- Yazıçı Karlos Kastanedanın "Don Xuanın təlimləri" kitabını oxumuşam. Əsər 12 hissədən ibarətdir, 6 hissəsini oxumuşam.

Foto: Ceyhun Rəhimov


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər