Xalq artisti Aygün Kazımova ənənəsinə sadiq qalaraq bu dəfə də doğum günündə pərəstişkarlarını sevindirib.
Teleqraf.com xəbər verir ki, müğənni “Bu qadın” adlı yeni klipini təqdim edib. Ekran işini Türkiyənin məşhur rejissoru Selim Akar lentə alıb.
18 saatdan artıq davam edən çəkiliş zamanı 30-dan çox personal çalışıb. İstanbulda ağır hava şəraitinə baxmayaraq Aygün Kazımova klip çəkilişini dayandırmayıb. O, 8 saat qar yağışının altında qalaraq, çəkilişləri davam etdirib.
Divanın imici üzərində dünyaca məşhur modelyer Rüfət İsmayıl çalışıb.
Klipdə əsgər sevgilisinə qovuşmayan xanımın həyat hekayəsindən bəhs edir.
Aygün Kazımova yeni ekran işindən danışıb: “Doğum günümdə təqdim etdiyim yeni layihəmi gözü yolda qalan, sevdiklərini, əzizlərini itirən, sevgilisinə qovuşmayan qadınlarımıza həsr edirəm. “Bu qadın” tək deyil: mən, sən, o, biz - hamımız həmin qadınların dərd ortağıyıq. Doğum günümdə də bütün duyğularımı onlarla bərabər yaşayıram”.
Qeyd edək ki, “Bu qadın” mahnısının sözləri və musiqisi Mc Murada məxsusdur.