“Eurovision-2021” mahnı müsabiqəsi oflayn formatda keçiriləcək, amma nümayəndə heyətləri, jurnalistlərin sayı azaldılacaq, tamaşaçıların buraxılmasına dair isə hələ qərar verilməyib.
Teleqraf.com xəbər verir ki, "Eurovision"un rəsmi saytındakı açıqlamaya görə, bu il sayca 65-ci dəfə keçiriləcək dünyanın ən böyük canlı musiqi müsabiqəsini “B” variantında, yəni məhdud şəkildə, ciddi səhiyyə təhlükəsizliyi tədbirləri görülməklə keçirmək nəzərdə tutulur.
Məsələyə dair qərarın bu yaxınlarda Eurovision müsabiqəsinin rəhbər qurumu olan səlahiyyət qrupu, habelə Avropa Yayım Birliyi İcraiyyə Şurası tərəfindən verildiyi qeyd olunur.
“B” variantı çərçivəsində hər nümayəndə heyətində üzv sayının həmişəkinə nisbətən az olacağı, müsabiqəyə gələn jurnalistlərin 500 nəfərdən çox olmayacağı, daha 1 000 müxbirin xüsusi mətbuat mərkəzində çalışa biləcəyi də bildirilir.