7 İyul 2021 16:30
1 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada baş tutan “Vindzor Kral Atçılıq Şou"sunda (“Royal Windsor Horse Show”) iştirak edən əməkdar artist Nicat Kazımov Teleqraf.com-un suallarını cavablandırıb.

- Nicat bəy, Böyük Britaniya Kraliçası II Yelizavetanın və kral ailəsinin iştirakı ilə baş tutan "Vindzor Kral Atçılıq Şou"sunda “Xarı-Bülbül” adlı şou-kompozisiyası ilə iştirak etdiniz. Şou haqqında təəssüratlarınızı eşitmək istərdik.

- Londonda "Vindzor Kral Atçılıq Şou"su neçə illərdir ki, keçirilir. Azərbaycan da mütəmmadi olaraq çıxış edir. Çıxışımız çox böyük sevgi, maraq və alqışlarla qarşılandı. Mən üç il, 2018-19-cu illədə və cari ildə Azərbaycan heyətinin çıxışına quruluş vermişəm. Tədbir 2020-ci ildə pandemiyaya görə keçirilməyib. Bu il daha fəxarətli idi, çünki Şuşa tədbirindən sonra birbaşa Londona yola düşmüşdük. Hər il olduğu kimi çıxışımız çox uğurla qarşılandı. Bu il baş tutan tədbirin fərqi isə onda idi ki, proqram şəhid Xudayar Yusifzadənin səsi "Xudayar təsnifi" ilə başladı. Bütün iştirakçılar onun səsinin sədaları qarşısında baş əyirdilər.

Sanki bütün şəhidlərin ruhu qarşısında təzim edirdilər. “Xudayar təsnifi”ndən sonra Tofiq Quliyevin “Qaytağı”sının, Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin müsiqisi nümayiş etdirildi. Musiqi sədaları altında təmsilçilərimizin çıxışları, Azərbaycanın, o cümlədən də işğaldan azad olunmuş Qarabağın və ətraf rayonların görüntüləri göstərildi. Süvarilərin rəhbərliyi İmran Əhmədliyə, “Sərhədçi” rəqs ansamblının rəqslərinin quruluşu, əməkdar artist Nailə Məmmədzadəyə, ümumi quruluş isə mənə aid idi. Hər il olduğu kimi bu il də kral ailəsinin və ingilislərin çox böyük rəğbətini qazana bildik. Ünvanımıza alqışlar və xoş sözlər eşitdik. ll Yelizaveta bizi birbaşa gələn il baş tutacaq tədbirə dəvət elədi.

- Böyük Britaniya Kraliçası ilə ünsiyyət qurmaq şansınız oldu?

- 2018-ci ildə ll Yelizaveta ilə birbaşa ünsiyyətdə olmuşdum. Bu il isə heyətin bir üzvü ilə görüşdü. Artıq gələn il ll Yelizavetanın taxta çıxmasının 70 illiyi münasibəti ilə baş tutan tədbirə də dəvət edildik. Bizi də həmin tədbirə dəvət etdi və bildirdi ki, sizi burada görmək çox xoş olar.

İnşallah yenə gedəcəyik. Bu, bizim Qarabağ zəfərindən sonra ilk çıxışımız idi. Həddindən artıq qürurverici və məsuliyyətli idi. Şükürlər olsun ki, biz işimizi məsuliyyətlə yerinə yetirdik.

Tədbirdə iştirakımız Azərbaycan Atçılıq Federasiyası və Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə baş tutmuşdu. Buna görə onlara təşəkkürümü bildirirəm. Bütün iştirakçılar və Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən hərbi əməkdaşlıq medalı ilə təltif olunduq. "Vindzor Kral Atçılıq Şou"sunda hər il fərqli adla çıxış edirik. Məsələn, 2019-cu ildə "Kəlağayı" adı ilə təmsil olunmuşduq. Kraliçaya Şəki kəlağayısı hədiyyə edilmişdi. Həmin tədbir anasına həsr edildiyinə görə, kəlağayını vurğulamışdıq. Bu il isə şounun adı "Xarı-Bülbül" idi. "Xarı-Bülbül" mahnısını isə muğam ifaçısı Mirələm Mirələmov ifa etmişdi. Və çıxışımız Şuşaya, Qarabağa, Vətənimizə, Ordumuza həsr edilmişdi.

- Böyük Britaniyada Qarabağ zəfərimizdən məlumatlı idilərmi? Ölkəmiz haqda hansı informasiyanı verirdiniz?

- ll Yelizavetanın hər şeydən xəbəri var. Kraliça hər dəfə deyir ki, Azərbaycanı çox sevirəm. Bizim çıxışımız haqqında jurnallar tərtib edilir və satılır. Orada bizim nömrəmiz haqqında geniş məlumat verilir, Xarı-Bülbül, Qarabağ atları haqqında və s. Hər dəfə də səhnəyə çıxanda aparıcı Azərbaycan şousunu elan edəndə Azərbaycan, Qarabağ haqqında məlumat verir və sonra çıxışımız başlayır. Amma Böyük Britaniya vətəndaşları ilə ünsiyyətdə olanda görürdük ki, hər kəs Azərbaycanı tanıyır. Onlar bizim tərəfimizdə və yanımızda olmasalar bizi dəvət etməzlər. Həmçinin çox böyük maraq və hörmətlə qarşılandım. Ancaq müsbət və dost münasibəti gördük. Azərbaycana, azərbaycanlılara qarşı sevgi hər addımda hiss olundu. Kraliçanın qarşısında baş tutan şouda mənim də imzam olduğuna görə yalnız təşəkkür edirəm.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər