Müğənni Nadir Qafarzadə Teleqraf.com-a müsahibəsində tənqidlərə səbəb olan "Feministləri zorlayın!" fikrinə aydınlıq gətirib.
Onunla müsahibəni təqdim edirik:
- Sosial şəbəkədə "Feministləri zorlayın!" şərhiniz tənqidlərə səbəb oldu...Bu şərhi siz yazmamısınız?
- Status mənə aid deyil. Sadəcə bilməyərək şərhə ürək smayı qoymuşam. Mənə yazılan bütün şərhlərə smayl qoyuram. Mənim İnstaqram səhifəmə baxsanız, görəcəksiniz ki, hətta təhqirə də smayl qoyuram. O insan əməlindən utansın, təhqir etməsin. Yenə qeyd edirəm ki, o şərh mənim deyil. Mənim həyat yoldaşım da şalvar geyinir. Lazım olsa çimərliyə gedəndə şortik də, qısaqol geyim də geyinir. Sabah gəlinim də şalvar geyinəcək. Mən müasir insanam və pis reaksiya verə bilmərəm. Mən sənət adamıyam, ayıb olar. Heç vaxt demərəm ki filankəsi zorlayın! Zorlamaq nədir?! Bu mənim sözüm, fikrim ola bilməz. Ümumiyyətlə, leksikonumda "zorlamaq", "təcavüz etmək" sözü yoxdur. Mən sülh insanıyam. İnsanı Allah yaradıb, Allah da cəzasını verə bilər, bəndə yox!
- Azərbaycan qadınlarında sizi hansı xüsusiyyətlər narahat edir?
- Qadınlarımızın bütün xüsusiyyətlərini sevirəm, xüsusən xanımlığı bəyənirəm.
- Ayan Babakişiyeva ilə yeni duetinizi təqdim etdiniz. Duetiniz insanlar tərəfindən necə qarşılandı?
- Bəli, Ayan Babakişiyeva ilə duetimizi dinləyicilərimizin ixtiyarına buraxdıq. Lirik mahnıdır. Mahnı bu günün trenddidir deyə bilmərəm, amma peşəkar bir mahnıdır. Bəstəkarı Elçin İmanovdur. Bu mahnını ancaq musiqi anlayışı olan insanlar dinləyə bilərlər. Peşəkar məhsuldur. Ayan Babakişiyeva ilə növbəti duetimiz də olacaq.
- Yaxın günlərdə oğlunuz Əziz Rusiyada müğənni kimi fəaliyyətə başladı. "Rim" adlı mahnısı çıxdı, yaradıcılığına orada davam edəcək?
- Bəli, oğlum sırf Rusiyada fəaliyyət göstərəcək. Çünki Moskvada azərbaycanlı ifaçıların çoxalmasını istəyir. Mən də Rusiyada idim, ölkəmizə iki gün əvvəl gəldim. Ora çox gözəl idi, istirahət etdim, dincəldim. Düzünü deyim ki, buradan stress və əsəbdən qaçmışdım.
- Toy mərasimləri başladı. Toylara dəvətləriniz çoxdurmu?
- Toy mərasimləri çoxdur, bizi hamı məclislərində görmək istəyir. Hətta yüksək qiymət təklif edirlər. Buna baxmayaraq kimə söz vermişiksə, həmin toy mərasiminə gedirik.
- Toy qiymətini qaldıran ifaçılar da var. Siz necə toy qiymətini qaldırmağı düşünürsünüzmü?
- Xeyr, toy qiymətini qaldırmağı düşünmürəm. Onsuz da insanlar əziyyət çəkmişdilər. Düzdür, biz də əziyyət çəkdik, amma bir-birimizi anlamalıyıq. Gənclərin xoşbəxtliyi üçün düşünürəm ki, güzəştə getmək lazımdır. Bəlkə gənc toy mərasimində səni görmək istəyir, amma onun maddi olaraq imkanı yoxdur.
- Bəs yay tətilini necə keçirməyi düşünürsünüz?
- Yay tətili olmayacaq, istirahət etməyəcəm. Pul qazanıram, çünki indi çox pul lazımdır. Evimdə xeyir iş olacaq.
- Oğlunuz ailə qurur?
- Bəli, həri mərasimi olub, oğlum evlənəcək. Qızın ailəsi Azərbaycanda yaşayır. Gəlinimizi oğlum seçib, bəyənib, biz də xeyir-dua vermişik. İnşallah hamı kimi oğluma sadə toy mərsimi edəcəyik. Təmtəraqlı toy mərasimi etməyəcəyik. Toy məhərrəmlik ayı bitdikdən sonra baş tutacaq.
- Siz gəlin seçərkən daim diqqətli olacağınızı qeyd etmişdiniz. Bilmək istərdik ki, oğlunuzun seçdiyi xanım hansı sahədə çalışır?
- Gəlinimiz ali savadlıdır, bankda çalışır. Bir neçə dil bilir. Hətta oğluma deyirəm ki, onun cehizi özüdür. Cehiz bizə lazım deyil.
- Xanımın ailəsini tanıyırdınızmı?
- Ailəsi ilə tanış deyildik, hətta yerli də deyilik. Biz şimal, onlar isə qərb bölgəsindəndir. Amma ailəsi Bakıda yaşayır.