Əməkdar artist Rəşad İlyasov MTV Azərbaycan kanalında yayımlanan “Üzə-düz” verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Rəşad İlyasov şou-biznesdə boşluq olduğunu iddia edib: “Şou-biznesdə bir neçə nəfəri çıxmaq şərtilə boşluq var. Şou-biznesimiz “boş qazan”a bənzəyir. Yaxşılar kənarda qalıb. Onların da səhvi odur ki, meydanı elə hədsizlərə buraxırlar".
Rəşad İlyasov övladlarından da danışıb: “Çox dəli-dolu atayam. Bəzən elə bilirəm ki, övladlarımın uşağıyam. Arada bir uşaqlıq, ərköyünlük edirəm. Mənə güzəştə gedirlər. Çalışıram ki, adımıza, vətənimizə, cəmiyyətimizə layiqli övlad yetişdirək. Çox istəyərdim ki, təhsilli olsunlar. Savad, təhsil gələcək üçün vacibdir, bütün qılıncları yenir. Bilmirəm gələcəkdə onların şəxsi seçiminə qarışacam ya yox?
Düşünürəm ki, uşaqlarım məni yanıltmayacaqlar. Hərdən oğluma deyirəm ki, çox yaxşı insan olma! Çünki səni yeyərlər. Çox sadə, səmimi, təmkinli böyük-kiçik yeri bilən oğlandır. Bu sarıdan məzəmmət edirəm”.
Əməkdar artist gənclər arasında boşanma sayının artmasından da söhbət açıb: “Boşanmada cəmiyyəti günahkar bilmək olmaz. Cəmiyyət demir ki, gedin boşanın. Həm də fikir vermişəm ki, boşananların çoxu özləri sevib-seçənlərdir. Görürük ki, bölgələrdə valideyn övladın ailə seçiminə qarışır. Qohum evliliyi bəzi fəsadlara yol açır. Fiziki və mənəvi tərəfdən sağlam ailə olmur.
İnsanlar çox səbrsiz olublar. Təmkinli olmaq lazımdır. Ailədə qadın və kişi bir-birinin sözünü dinləmir. Təbii ki, altı ay yaşayandan sonra ayrılırlar. Nişanlı olan müddətdə tanımalıydın.
Erkən yaşda qurulan nikahları sevmirəm. O məsələ məni çox narahat edir. Boşanmamaq üçün evliliyin ilk iki-üç ayında dözmək lazımdır. Gənclər, düşünün, tez ərizə verib boşanmayın!”