Məşhur rejissor, Kənan M.M kimi tanınan Kənan Mahmudov MTV Azərbaycan kanalında yayımlanan "Üzə-düz" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Kənan Mahmudov fəaliyyətindən danışıb: "Mənə atılan daşları üst-üstə yığsaydım, indi bir villa tikmişdim. Sən nə qədər yaxşı insan olursan-ol, kiminsə hekayəsində pis birisən! Çevrəmi əqidəmə görə qururam, əqidəmi çevrəmə görə yox. Cəmiyyət o zaman xoşbəxt olur ki, kişinin səhər getməyə də, qayıtmağa da evi olur. Təkəbbür başqa şeydir, özündən razı olmaqsa başqa... Kaş insanlar bunu bir-birindən ayıra bilsəydi...
Allah deyər ki, sən istəmədən mən hər şeyi verdim, niyə narazısan?! Ona görə özümdən razıyam. Biz fəaliyyətə başlayan zaman bir gecənin içində məşhurlaşmaq yox idi, İnstaqram fenomeni olmaq üçün nəsə etmədik.
Ümumiyyətlə, tanınmaq üçün mən heç nə etmədim, sənət üçün yola çıxdım. İnsana sənətinə görə deyil, xarakterinə görə hörmət edərlər. Mən yaxşı insan, dost axtarmadım, özüm oldum ki, məni axtarsınlar.
"Pul həyatda hər şeyi həll edir" deyən insan, pul üçün həyatda hər şeyi edən insandır. Pul yaxşı yaşamaq üçündür, adam kimi yaşamaqdan ötrü yox. Heç vaxt xəyanəti bağışlamaram. Xəyanəti tək fiziki deyil, gözlə, qəlblə də etmək olar. Bağışlanan şey təkrar ola bilər. Bağışla, amma barışma! Allaha həvalə et.
Qadınlar sevdiyi insandan şübhələnəndə o şübhənin həqiqət olmasını istəyirlər... Niyə? Dua et ki, yanlış olsun. Mənim peşman olduğum şeylər də düşünürəm ki, etdiyim səhvlərin əvəzidir. Ona görə də, susuram.
Bir zamanlarmən Kənan, Aqil M.Quliyev, Ülviyyə Könül, mərhum Şahin Zəkizadə, Fuad Əlişov və başqaları var idi. İndi yoxuq və bunun səbəbləri olmalıdır. Klip mahnının tanınması üçün lazım idi. İndi tanınmaq üçün klip çəkdirmək lazım deyil. Əvvəlki sənətçilərə oxumaq üçün səs lazım idi, indi isə ağız, studiya və yaxşı effekt verən səs rejissoru...
Bizim klip çəkdiyimiz sənətçilərin çoxu əməkdar və xalq artistləridir. Əgər onların fəxri ad almasında payımız olubsa, nə xoş bizə... Röya Ayxana altı klip çəkmişəm. O vaxt Röya Ayxana klip çəkirdim, ikimiz də təzə başlamışdıq. O, efirlərdə az görünürdü. Röya Ayxan dedi ki, burdan nə qədər adam keçdi, heç kim demədi Röya klip çəkdirir, hamı dedi, Kənan M.M klip çəkir. Röya indi xalq artistimizdir, yaxşı ki, birgə işlədik".
Rejissor yaşadığı çətinliklərdən də danışıb: "Fəaliyyətə başlayanda kirayədə qalırdım. "Qayıdış" serialını çəkəndə o evə getdim. İstədim ki, yaşadığım mənzil tarixə düşsün. Hətta tanındığım dönəmlərdə də cibimin boş qaldığı anlar olub. Bunu ilk dəfədir deyirəm, utanmıram. Son qəpiyimi kiməsə vermişəm. Aygünlə ailə həyatı quranda bilirdik, kimik. Sonradan məşhur olmadıq ki...
Ailə quranda heç kimdə nəsə dəyişmədi. Aygünün səsinin itib-batması vicdan deyildi. Bunu düşündüm. Çünki o, xalq artistlərinin çoxundan yaxşı oxuyur".