"YAŞAT" Fondu və "Asan Könüllüləri" Təşkilatının birgə təşəbbüsü ilə Lənkəranda şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinin bu dəfəki ulduz qonağı müğənni Zamiq Hüseynov olub.
Teleqraf.com xəbər verir ki, Lənkəranda igid qəhrəmanlarımızın övladları qarşısında sevilən mahnılarını səsləndirən sənətçi, onlarla səhnəni bölüşüb.
Zamiq Hüseynov duyğularını da dilə gətirib:
"Konsertden çox möhtəşəm təəssüratlarla ayrıldım. Seyr edirdim ki, övladlarımızın üzünə az da olsa, gülüş bəxş edə bilmişik. Onların əylənməyini görüb, sözsüz ki, mən də xoşbəxt olurdum. Qəribə hislər idi. Oxuyaraq fəxr edirdim, qürur duyurdum. Hislərim o qədər gözəldir ki, onu kəlimələrə sığdıra bilmərəm. Təşkilatçılara bu gözəl addıma görə, sonsuz təşəkkür edirəm. Nə yaxşı ki, bir sənətçi olaraq iştirak etmək mənim də payıma düşdü! Bu tip layihələrin davamlı olması gərəkdir. Hər birində də böyük sevgi ilə iştirak edəcəyəm!".