Məşhur aparıcı Aytən Səfərova Azad Azərbaycan Televiziyası ilə yollarını ayırıb.
Aytən Səfərova Teleqraf.com-a açıqlamasında yeni mövsümdə başqa kanalda çalışacağını deyib: "Mənə bəzi kanallardan iş təklifləri var, özümün müraciətlərim də oldu. Bir-iki günə çalışacağım məkan rəsmən bəlli olacaq. O ki qaldı aparacağım proqrama, hələ açıqlama verə bilmərəm, amma mən adi bir xəbər buraxılışını da qeyri-adi tərzdə çatdırmaq gücünə, dünyagörüşünə, savada malik jurnalistəm.
Bu, mənim üçün problem deyil. Hansısa verilişi təqdim edəcəyəmsə, müəllif olaraq mənim dəst-xəttim, tamaşaçının yadında qalan əsl Aytən Səfərova aydın seziləcək".
Aytən Səfərova ATV-dən ayrılma səbəbini belə izah edib: "6 il əvvəl gəldiyim və bu gün getdiyim ATV arasında fərq var. Hər halda bu, mənim fikrimdir. Dünyanın mötəbər telekanallarında radio və televiziya sahəsində kifayət qədər biliyə, söz ehtiyatına, dünyagörüşünə malik olan, oxuduğu cümlədə nədən bəhs edildiyini bilən, başqasının beyninin məhsulu ilə auditoriya qarşısına çıxmayan aparıcılar çalışırlar. Belə media işçiləri geriləmək yox, irəliləmək və güclü "lokomotiv"də güclü bənd olmağa üstünlük verirlər. Mənim qərarım da bundan irəli gəlir.
ATV-dən dostcasına ayrılmışam. 6 il ərzində o kanalda çoxlu dost qazanmışam - Zaur Baxşəliyev, Arzu Cəfərova, Raqif Raufoğlu, Kazım Sübhan, Aynur Hüseynova, Valid Əliyev. Hamıya uğur diləyirəm. Düşünürəm, bu gün hər bir jurnalistin, harada çalışmasından asılı olmayaraq, əsas vəzifəsi - dövlətinə, xalqına vicdanla xidmət etməkdir. Mənim də 26 illik təcrübəmdə əsas məqsədim məhz bu olub".
Azad Azərbaycan Televiziyasının Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli saytımıza açıqlamasında bildirib ki, Aytən Səfərova ATV-dən öz istəyi ilə gedib.