“Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk qızıl medal qazandıran paracüdoçu Şahanə Hacıyeva Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.
Onunla müsahibəni təqdim edirik:
- "Tokio-2020” Yay Paralimpiya Oyunlarında ilk qızıl medal qazanan paralimpiya çempionusunuz. Öncə qələbə təəssüratlarınızı eşitmək istərdik.
- Görüş asan olmadı. Hər görüşün öz çətinliyi, məsuliyyəti var. Fransa təmsilçisi Sandrine Martineti ilə baş tutan döyüşdə hakim haqsızlığı ilə qarşılaşdım. Fransız təmsilçisinə bir dəfə dəuduzmuşdum. Ona görə də bu, mənim üçün ən məsulliyyətli görüş idi.
Yarış çox çətin keçdi, sona beş saniyə qalmış rəqibə də vazari xal verdilər. Biz bir-bir olduq və qızıl vaxta qaldıq. Qızıl vaxtda mən 40 saniyə ərzində vazari ataraq qalib elan edildim.
- Ümumiyyətlə, qələbə qazanacağınızı gözləyirdinizmi?
-. Olimpiadada medal qazanacağımı gözləyirdim. Çünki məşqlərimiz çox güclü olmuşdu. Amma final görüşünə çıxanda özümü tamamilə fərqli hiss edirdim və fikirləşirdim ki, bura qədər gəlmişəmsə, qələbəni əldən verməməliyəm. Bacardığımdan artığını etdim və çempion oldum. Daxilimdə qələbə ruhu, inam var idi. İnam olmasaydı birinci dəfədən uduzardım.
- Fransalı rəqibiniz Sandrine Martinetiyə qalib gəlmisiniz. Ondan öncə Yaponiya və Rusiya təmsilçiləri ilə də döyüşünüz baş tutdu. Taktikanız nə idi? Hər üç yarışı xarakterizə edə bilərsinizmi?
- Yarışlara hazırlaşarkən məşqçimlə rəqiblərimiz üzərində evdə işləmişdik. Yapon, rus və fransızla necə güləşəcəyimi bilirdim. Onların bütün görüşlərini izləmişdim və fəndlərini əzbər bilirdim.
- Bəs, taktika dəyişərsə...
- Taktikanı dəyişəcəyinə inanmırdım. Taktikanı dəyişərsə, ona uyğun taktikam var idi. Çünki mənim sağ və sol fəndim olduğuma görə, bilirdim ki, onun üzərində taktikamı göstərəcəm.
- Taktikanızı açıqlamayacaqsınız?
- Onu burada demək olmaz (gülür). Bu mənə və şəxsi məşqçimə aiddir.
- Qələbə zamanı göz yaşlarınız insanlara da təsir etdi...
- Çox qürurverici an idi... Çünki biz çox əziyyət çəkmişdik. Beş il sərasər, üstəlik pandemiya dövründə çəkdiyimiz əziyyəti, hazırlıqları qeyd etməliyəm. Ona görə qalib gələndə göz yaşlarımı saxlaya bilmədim. Tək mən yox, bir çox idmançılar o kürsüdə göz yaşlarını saxlaya bilmirlər.
- Paracüdoçu olaraq bir xanım idmanda hansı çətinliklərlə üzləşir?
- Bir xanımın idmanda yaşadığı çətinliklər çoxdur. Amma insanın özünə güvəni varsa, hər şeyin öhdəsindən gəlmək çox asan olur. Heç vaxt yarı yolda qalmaq düzgün deyil.
- Necə bir ailədə dünyaya gəlmisiniz? Sizi tanıyaq...
- Məndən əvvəl qardaşım Səxavət Hacıyev idmana gəlmişdi. O, cüdo idman növünə başlamışdı, anamla məşqlərini izləməyə gedirdim. İdmana baxdıqca məndə də həvəs yarandı. Bir gün anama dedim ki, idmana getmək istəyirəm. Anam icazə vermədi, dedi ki, kobud, kişi kimi olacaqsan, dərslərini oxu.
Dedim ki, yox mən də idmana gedəcəm. Ondan sonra cavab verdi ki, atanla məsləhətləşək. Atam da razılaşdı və idmana özünümüdafiə məqsədi ilə getməyə icazə verdilər. Amma idmana özünümüdafiə adı ilə getsəm də, 12 ildir idmanın içindəyəm. Axır ki, olimpiya zirvəsinə yüksəldim.
- Qələbənizi kimə borclusunuz?
- Qələbəmi mənə yaxın olan və 8 yaşımdan məni hazırlayan müəllimim Fərid Ağakişiyeva və dəstək olan ailəmə borcluyam. Onlar olmasaydı bacarmazdım.
- Məşqçi və tələbənin gücü birlikdədirmi? Ümumiyyətlə, məşqçi və tələbə qələbə üçün necə tənzimlənməlidir?
- Təbii, güc birlikdədir. Müəllim tələbəyə, tələbə müəlliminə inanmalıdır. Mənim müəllimim təkcə müəllim olmayıb, həkimim, valideynim, dostum olub. O, hər vəziyyətdə məni başa düşüb və anlayıb. Bir-birimizə qarşılıqlı inam olduğuna görə bu zirvəyə gəlmişik.
- Qeyd etdiniz ki, ailəniz özünüzü müdafiə məqsədi ilə idman sahəsinə gəldiyinizi dəstəkləyib. Bəs, idmana davam edərkən bunu necə qarşıladılar? Sizə məhdudiyyət qoymağa başladılarmı?
- Əksinə, daha çox dəstək oldular. Sıxmadılar ki, dərslərini oxumasan, qiymətlərin aşağı düşsə, səni idmandan çıxaracağıq və sair. Heç bir problem olmadı. Hətta mənim tərəddüd etməyimə belə imkan vermədilər.
- Qələbə sevincinizi ilk kiminlə bölüşdünüz?
- İlk olaraq sevincimi müəllimimlə paylaşdım. Düzdür, hamının gözündə sevinc göz yaşları vardı. Bu da təbiidir. Çünki hər bir müəllim istəyər ki, tələbəsi çempion olsun, medal qazansın.
- "Tokio-2020” Yay Paralimpiya Oyunu sizə nə verdi?
- Mənə inam, özgüvən verdi, həyatımı dəyişməyə, insanları tanımağıma, ustalaşmağa kömək etdi.
- Güclü xanım olaraq həmkarlarınıza nə demək istərdiniz?
- Demək istərdim ki, əgər bir yolu başlamızsınıza, qarşınıza çıxan problemlər sadəcə bəhanə olmalıdır. Bir müddət tərəddüd edə bilərsiniz, əgər məqsədiniz varsa, tez-gec qalib gələcəksiniz.
- Sizə mane olanlar olub?
- Hər bir sahədə maneələr olur... Biz əgər sağa-sola baxmayıb, işimizə davam edəcəyiksə, maneələr əhəmiyyətini itirəcək.
- Bir az öncə ailəniz haqqında qısa məlumat verdiniz. Valideynləriniz nə işlə məşğuldur?
- Anam evdar xanımdır, atam işləyir. Qardaşım tələbədir.
- Əldə etdiyin pulla gələcəyinizi necə sığortalamağı düşünürsüz?
- Elə böyük planlarım yoxdur. Əsas planım Paris olimpiadasından sonra olacaq.
- İdman sahəsindən kimlərlə dostluq edirsiniz? İdmançılar arasında dostluq olurmu?..
- Dostluq deməzdim, bir-birinə dəstək və yoldaşlıq var. Mənim ətrafımda dostlarım çox deyil. Rəfiqələrim, dayı qızı, xala qızı var... Daha çox Fidan Qasımova ilə yaxınam.
- Hansısa mübahisə zamanı qol gücünüzdən istifadə edirsinizmi?
- Xeyr, xaraktercə sakit insanam, mənə dəyməsələr, heç kimə dəymərəm. Ümumiyyətlə, mübahisə etməmişəm. Mənə sataşsalar, qol gücümü göstərərəm, yaxud sözlə yola verərəm. Düzü, heç vaxt mübahisəm olmayıb. Mübahisə edən insanları özümdən uzaq tuturam.
- Siz Azərbaycan Milli Olimpiya komandasında Avropa çempionu olmusunuz. Maraqlıdır ki, paralimpiyaya necə gəlmisiniz?
- 15 yaşıma qədər Olimpiya komandasında güləşmişəm və Avropa çempionu olmuşam. İdman ustası adına layiq görülmüşəm. Yarışdan sonra çiyinlərimdə böyük zədə əmələ gəldi. Əməliyyat oldum. Əməliyyatla yanaşı gözümdə ciddi problem var idi, anadangəlmə xəstəlik idi. Eynək taxırdım, amma üzərinə çox düşmürdüm.
Sonra hərfləri də bulanıq görməyə başladım. Bir gözümdə xəstəlik aşkarlandı. Hətta həkimlər dedi ki, sən idmanı atmalısan, məsləhət görmürük, gözlərin get-gedə korlaşa bilər. Çox pis oldum, depressiyaya düşdüm. Bir gün idman zalına gələndə İlham Zəkiyevi gördük. Fərid müəllim onunla söhbət etdi, vəziyyəti başa saldı. O, bizə Olimpiya oyunlarında Olimpiya hərəkatına qoşulmağı məsləhət gördü.
Bundan sonra Paralimpiya Komitəsinə keçməyə qərar verdim. Bizi ilk öncə xarici həkimlər yoxlayırlar. Onlar yoxladıqdan sonra gözümdə zəiflik olduğu qeyd edildi. Sonra Paralimpiya Oyunlarına qoşulmağa başladım.
- Paralimpiyaya keçid çətin olmadı ki?
- Çətin olmadı. Həmin məqamda çiynimdən əməliyyat olunduğuna görə idmandan uzaqlaşmalı idim. Əməliyyatla yanaşı gözümdən də müalicə alırdım. Dedilər ki, gözündə görmə qabiliyyəti yaxşılaşa bilər. Amma gördük, müalicənin heç bir təsiri yoxdur.
Yenidən idmana başladım, altı ay idmandan uzaq qalmışdım. Mənim də həmin günlərdə dünya çempionatlığım da var idi. Paralimpiyadaya da dünya çempionluğundan qoşulmuşam. Dünya çempionluğuna iki ay vaxtım oldu. Medal üçün yox, güləşmək üçün getmişdim. Orada ikinci yerə çıxdım.
- İdmançılar oxumağı sevmirlər. Sizdə vəziyyət necə idi?
- Xeyr, mən əksinə 10-cu sinfə qədər yaxşı oxumuşam. Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsiyəm. Bütün imtahanlarımı özüm verirəm. Bu günə qədər tarixi kitablar və romanlar oxuyuram. 10-cu sinfə qədər qiymətim 4-5 olub. 11-ci sinifdə zəifləmişəm.
- Qarşıda hansı planlarınız var?
- Paris olimpiadasına hazırlaşırıq. Noyabrın 8-də Bakıda "Zəfər günü"nə həsr edilmiş möhtəşəm bir yarışımız var. Sonra lisenziya yarışları başlayır. Lisenziya qazandıqdan sonra Parisdə ikinci dəfə himnimizi səsləndirmək istəyirik.
- Son olaraq nə demək istərdiniz?
- Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbəri İlqar Rəhimova,"Neftçi" İdman Klubuna, Azərbaycan Cüdo Federasiyasına bizə dəstək olduqlarına görə, ən başda mənə inanan məşqçim Fərid Ağakişiyevə təşəkkür edirəm.
Video: Röyal Adıgözəlov
Montaj: Ramazan Vəliyev