Əməkdar artist Gülüstan Əliyeva Birinci Qarabağ döyüşlərində şəhid olmuş, Daxili İşlər Nazirliyinin zabiti Zahid Əhmədovun məzarını tapıb.
Teleqraf.com Gülüstan Əliyeva ilə müsahibəni təqdim edir.
- Gülüstan xanım, bu gün Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. Şəhid həyat yoldaşı olaraq nə demək istərdiniz?
- Allah bütün şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun. Bütün yaşadıqlarımıza görə onlara sonsuz minnətim var. Azərbaycan üçün çox önəmli bir gündür. Bu günü bizə yaşadanlara minnətdarıq. Şəhid analarının qarşısında baş əyirəm, onların əllərindən öpürəm ki, vətən üçün belə oğullar böyüdüblər. Həyat yoldaşım və qardaşım Birinci Qarabağ müharibəsində şəhid olublar, mən 30 ildir ki, bu həsrəti, tənhalığı, şəhidliyin nə demək olduğunu yaşayıram, bilirəm. Allah şəhidlərimizin yaxınlarına səbr versin. Hamımız bu dünyadan köçüb gedəcəyik. Bu dünyada çoxlarımızın adı qalmayacaq, amma nə qədər ki, Azərbaycan yaşayır, şəhidlərimizin də adı tarix boyu yaşayacaq.
- Ötən gün həyat yoldaşınız Zahid Əhmədovun məzarını tapdınız. Hansı hissləri yaşadınız?
- Çox çətinliklə həyat yoldaşımın məzarını tapdım. Qəbirlər elə vəziyyətə salınıb ki, heç kimin məzarı tanınmır. Sadəcə olaraq dəfn olunduğu yeri yadımda saxladığıma görə, həyat yoldaşımın qəbrini tapdım. O, Hacı Qaraman ziyarətgahında dəfn edilib, ölümündən 30 il keçir, 1991-ci il senytabrın 17-də dəfn edilib. Azərbaycanın igid oğulları torpaqlarımızı düşməndən azad etmək üçün müharibəyə başladılar və torpaqlarımızı azad etdilər, onun məzarını da düşmən tapdağından azad etdilər. Bu, mənim üçün böyük bir sevincdir. 30 il sonra məzarını məzar daşsız, dağıdılmış da da olsa tapdıq. Bu da böyük bir təskinlikdir. Həyat yoldaşımın məzarını tapdım və dedim ki, "Əzizim, ruhun şad olsun! Sən bu gün azadsan, ruhun da, cismin də azaddır. Bu gün torpaqlarımızda rahat yat. Artıq vətən oğulları sənin qanını aldı" (kövrəlir...) Ona görə bu gün mənim üçün iki-üç qat dəyərlidir. Allah mənə ölmədən öncə azad torpağımı, Qarabağımı görməyi nəsib etdi. Şükürlər olsun, əzizlərimizin məzarını görmək mənə qismət oldu. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Mən qazilərimizlə görüşdüm, hərbi hissədəki əsgərlərimizi gördüm. Həqiqətən də qalib ölkə olmaq, başqa hiss imiş. Bunu bizə yaşadan Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edirəm, minnətdaram.
- Oğlunuz Rüfət Əhmədov atasının məzarını tapılmasını necə qarşıladı? Uzun illərin həsrəti bitdi…
- Oğlum həsrətlə atasının məzarının tapılmasını gözləyirdi. Yol boyu deyirdi ki, çatmadıq?!.