Karate üzrə 5 qat dünya, 11 qat Avropa çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibi, "Qara brilliant" ləqəbli Rafael Ağayev Teleqraf.com-un "ONUN İNBOKSU" layihəsində qonaq olub.
- İnstaqramdan nə üçün istifadə edirsiniz?
- Bir dostum mənə təklif etdi ki, sənin üçün İnstaqram səhifəsi açaq. Öncə istəmirdim, sonra maraqlı gəldi. İnstaqramdan nə üçün istifadə edirəm? Sadəcə baş qatır...Amma elə anlar olur ki, xoş olmayan mesajlar da yazırlar. Yaxud səni tanımayan insanlar sənin haqqında fikir bildirir. Bununla belə, İnstaqramdan istifadə maraqlıdır.
- İnstaqramda çox aktivsiniz?
- Bəli, İnstaqramda aktivəm. Şəbəkə istifadəçilərinin fəal olduğu anda video və şəkil paylaşıram.
- İnstaqram səhifənizi özünüz idarə edirsiniz?
- Bəli, özüm idarə edirəm.
- Sizə daha çox hansı mövzuda mesaj ünvanlayırlar?
- Bütün mövzularda olur. Məsələn, valideynlər uşaqlarını idmana qoymaq haqqında soruşurlar, kimsə kreditini bağlamaq üçün mütaciət edir, biri deyir ki, artıq evin varsa, mənə ver. Yaxud məni hansısa nazir və deputatla görüşdür. Həyatda ağlamıram, amma göründüyü kimi deyiləm. Çox insanlar məni tanımadan özümdən razı olduğumu deyirlər.
Əslində, özündən razı olmaq pis hal deyil. İnsan özündə o zaman razı ola bilər ki, hərəkətlərinə fikir verər, tərbiyə və əxlaqı yerində olar. Mən çərçivədən kənara çıxmıramsa, niyə özümdən razı olmayım? Valideynlərim çox sağ olsun ki, mənə bu tərbiyəni veriblər.
- Sizə xanımlar mesaj yazırlar?
- Bəli...
- Nə yazırlar?
- Xanımlar da mesaj yazırlar (gülür). Məsələn, Olimpiadadan sonra 1358 mesajı oxumadan silmişəm. İnsan elə vaxt olur ki, yorulur. Amma mesaj yazanların hamısı xanım olmayıb. Çünki hər kəsə cavab vermək mümkün deyil, hamı səni başa düşmür. Elə vaxt olub, demişəm ki, İnstaqramdan istifadə etməyəcəm. Amma bir saatdan sonra istifadə etməyə başlamışam.
- Bloka atdığınız idmançılar varmı?
- İdmançılar deyil, amma bloka atdığım insanlar var. Bunun səbəbini açıqlamayacam. Ola bilər ki, kimsə də məni bloka atır, bu da normal haldır.
- İnstaqramda kimi izləyirsiniz?
- Dostluğumda kim məni izləyirsə, mən də onları izləyirəm. Üç-dörd xanımı izləyirəm, onlardan biri şəxsi menecerim və müğənni Anita Çoydur. Onun həyat yoldaşı Rusiya Karate Federasiyasının prezidenti Sergey Çoydur. Onunla dostluq münasibətlərimiz var və bizdə qonaq olublar
- Paylaşımınızda şərh yazanlar arasında sizi təəccübləndirən olub?
- Xeyr... Amma tanınmış idmançılardan döyüşlərimə münasibət bildirənlər olub.
- Xarici ölkəyə gedərkən insanların sizə reaksiyası necə olur?
- 2015-ci ildə məni Azərbaycanda heç kim tanımırdı, qohumlarım, dostlarımı çıxmaq şərtilə. Hətta xaricdə əlimdən tutublar ki, canlı insansan?! Belə reaksiyalar olub. Getdiyim bütün ölkələrdə sevilirəm.
- Hansı həmkərınızın adını eşitmək istəməzsiniz?
- Elə bir insan yoxdur, buna səbəb də yoxdur. Hamı ilə normal münasibətdəyəm. Olsa belə qeyd etmərəm. Çünki kişinin kişi ilə söhbəti ola bilər, amma bunu öz aralarında həll etməlidirlər.
- Mübahisə etdiyiniz idmançı varmı?
- Futbol oynayanda bütün idmançılarla dalaşıram (gülür). Amma kənarda mübahisə etdiyim idmançı yoxdur.
- Rafael Ağayevin xarakteri necədir?
- Rafael Ağayevin xarakteri kimin üçünsə yaxşı, kimin üçünsə əksinə. Balıq bürcüyəm və çox qısqancam. Həyatda və idmanda prinsipial insanam. Tez inciyib küsən və tez barışanam. Amma bir insanı silərəmsə, o insan mənim üçün birdəfəlik silinmiş sayılır.
- Sizi nə əsəbləşdirir?
- İcazəsiz telefonuma, məşq çantama baxmaq və yalan danışmaq... Həyatda ən çox əsəbləşdiyim hal bəzi dostlarımın münasibətidir. Əvvəl dostlarım çox idi, indi üç-dörd nəfərdir. Kimə inanıramsa, məni aldadır. Məslən, hansısa məbləği verirrsən ki, iş görək. Pul verirsən, yaxşı olursan, vermirsən pis... Bundan sonra kim pul istəsə, olsa belə verməyəcəm.
Məsələn, bir dostumun bir problemi var, iki-üç min istəyir. Ona 200 manat verib, deyəcəm ki, gücüm buna çatır. Yaxşılıq tez unudulur. Dostlarımdan aldığım zərbəni həyatda heç kimdən almamışam. Heç kimə də arzu etmirəm.