2 Oktyabr 2021 14:43
1 971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Xoşqədəm Hidayətqızı qadınların müdafiəsinə qalxıb.

Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı İnstaqramda əri tərəfindən öldürülən Xanım Məmmədova haqqında bu sözləri yazıb:

"Daha bir qadın əri tərəfindən polis şöbəsində uşaqlarının gözü önündə qətlə yetirilir. Polis şöbəsində polis olan ər öz xidməti silahı ilə həyat yoldaşını öldürür. Bir gün öncə isə "dubinka" ilə vəhşicəsinə onu döyür. Kişilik budurmu? Zəif, gücsüz bir qadına əl qaldırmaq, öldürmək?! İşgəncədən bezib, polisə şikayət etməsini namusuna sığışdırmadın? Bəs, namusunu insanların gözü önündə döyərkən, öldürərkən, bağlı qapılar arasında saxlayarkən, o namus, vicdan yadına düşmədi, səni narahat etmədi? Körpələrinin yanında günahsız bir qadını öldürərkən namuslumu oldun?! İndi kimsə ortaya çıxıb, ölən bir qadının namusunu ləkələyər. Hər zaman bu cür olub. Əxlaqsız idi, ona görə öldürdü və s. 12 ildir ki, rəhbəri olduğum layihəyə sənin kimi ərlərin işgəncəsindən qurtulmaq istəyən yüzlələrlə qadınla rastlaşdım. Ayıbdır, boşana bilməzsən deyib, valideynlər tərəfindən ər evinə qaytarılan bəxtsiz gəlinlər mənim üstümə qaçıb, kömək istəyirdilər. Mən onları müdafiə edərkən nə təhqirlərə məruz qalmadım. Bax, bu təhqirlərdən, ölümlərdən onları qorumaq üçün müdafiə edirdim və hər zaman da edəcəm. Bir onu bilirəm ki, sənin kimi kişilərə güləllənmə verilməyənə qədər qətlə yetirilən, ailəsi tərəfindən qəbul ediləmdiyini görüb, evdən qaçan qadınlar çox olacaq. Belələri ən azı ömürlük həbs edilməlidir".

Qeyd edək ki, iki azyaşlı uşaq anası, 26 yaşlı Xanım Məmmədova 24-cü Polis Şöbəsində həyat yoldaşı İsmayıl Məmmədov tərəfindən öldürülüb.


Müəllif: Rəqsanə Həsənova