Xalq artisti Şahnaz Haşımova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalmasından bir il ötür. Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb.
- Gəncəyə ilk hücum oktyabrın 4-də baş verib və bir mülki şəxs - Tunar Əliyev şəhid olub, 30-dan çox mülki şəxs yaralanıb. Gəncəlilər mənfur düşmənin xain hücumunu heç vaxt unutmayacaqlar. Mənfur düşmən qədim Gəncəni raketlərlə atəşə aldı. İtkilərimiz olsa da, bu dəhşət gəncəliləri nəinki qorxutdu, bir nəfər də şəhəri tərk etmədi. Çünki biz ordumuzun gücünə, Ali Baş Komandanmızın dəmir yumruğuna, haqq-ədalətin zəfərinə çox inanırdıq. Belə də oldu.
İndi azad Qarabağda Azərbaycanımızın hər yerində olduğu kimi nəhəng quruculuq işləri gedir. Bu bizi çox sevindirir və bundan qürur duyuruq. Ali Baş Komandanımıza sonsuz minnətdarlığımızı bildiririk. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə şəfa diləriyirik.
- Hücum nəticəsində yaxınlarınız arasında yaralanan, şəhid olanlar vardımı?
- Ölkəmizin hər yerində yaralanan, şəhid olan bütün insanlar mənim qohumlarım, əzizlərim və doğmalarımdır. Ayrıseçkilik edib, birinin adını deyib-deməmək istəmirəm. Başda Polad Həşimov olmaqla bütün şəhidlərimiz ürəyimizdə yer tapıb.
- Sizin oğlunuz da cəbhə bölgəsinə getmişdi...
- Bəli, oğlum da cəbhə bölgəsinə getmişdi. Mənim özüm də cəbhə bölgəsinə, həmçinin Tərtərə getdim. Allah əsgərlərimizi, hərbçilərimizi qorusun.
- Ermənilər Gəncəni beş dəfə atəşə tutdular...
- Həmin gecə dəhşət yaşanırdı, ölüm, dağıntı vardı. Amma sarsılamdıq, Gəncə İmam Hüseyn şəhəridir. Bura uzanan əllər dibindən quruyacaq, inşallah. Odumuz həlak olan insanların heyfini aldı, qanları yerdə qalmadı, Ali Baş Komandanımızın dəmir yumruğu ilə. Biz hamımız rəhbərimizin ətrafında durmuşduq, indi də yanında və əmrindəyik.
Oktyabrın 17-də gecə saat 2-ə qalmışdı. Mən gec yatıram. Gördüm ki, qorxunc səs gəldi. Arası bir dəqiqə çəkməmiş məlumat yayıldı ki, Gəncə şəhərinə raket düşdü. Mənfur düşmənimiz oktyabrın 4-5-8-11-17 tarixlərində şəhərimizə raket atdılar. İki dəfə ağır oldu. Dəhşət idi...Gördüklərim faciə idi, danışmaq çətindir. Evlər dağıdılmışdı, insanlar daşların altında qalmışdı.
Dərhal hadisə yerinə getdim, gözlərim tutulmuşdu, baxa bilmirdim, özümü çox pis hiss edirdim. Daşların altından səs gəlir, millət ağlayırdı, hərə bir tərəfə qaçırdı. Ətraf toz-dumana qərq olmuşdu. Uşaq gəlinciklərini gördüm.
İnşallah, dövlətimiz yaralarımızı sağaltdı. Həlak olan insanların ruhu qarşısında baş əyirik, amma ordumuz onların heyfini aldı, qanları yerdə qalmadı. Bütün Gəncə bir-birinə dayaq oldu, hər kəs şəhidlərimizin dəfn mərasiminə getdi.
- Dağıdılmış binanı görəndə hansı hissləri keçirsiniz?
- Keçirdiyim hissləri dillə ifadə etmək çox çətindir. Hər yer dağılmışdı. Gəncə Musiqi Kollecinin də pəncərələri sındırılmışdı, artıq təmir edilib. Bütün dağıdılan bina, ev, obyektləri görəndə ürəyim paramparça olur. Dövlətimiz hər yerdə abadlıq işləri aparır. Oranı da təmir edəcək.
Bir ildir toy mərasiminə, xeyir işlərinə getmirəm. Demək olar ki, şənlənmirəm. Gəncədə bir insan deyə bilməz ki, Şahnaz xanım toy mərasiminə getdi. Özümə oynamağı ar bilirəm. Çünki çox yaxın adamlar şəhid oldular. Bizim ailədən də cəbhə bölgəsində döyüşən əsgərlərimiz var idi. Gəlinimin qardaşı Kəlbəcərdə idi. Dəfələrlə hərbi hissələrə getmişəm.
Hazırda istərdim ki, Göyçə, Dərəlyəz də alınsın. Şuşaya, Laçına, Zəngəzura, Ağdama, Füzuliyə getmək istəyərəm. Yeganə arzum odur ki, ömrümün bu çağında hamı ilə görüşüb, mahnılarımı oxuyub gəlim.